Torpaqların elektron kadastr uçotu sistemi İqtisadiyyat

Torpaqların elektron kadastr uçotu sistemi

Kərəm Həsənov: "Onun yaradılması istiqamətində işlərə başlanılıb"

Azərbaycan ölkə iqtisadiyyatında müşahidə olunan müsbət tendensiyalar daşınmaz əmlak idarəçiliyi sahəsində yeni yanaşmaların irəli sürülməsini labüd edib. "APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən "BMT-nin Avropa İqtisadi Komissiyasının regionu üzrə daşınmaz əmlak/torpaq idarəçiliyində sahəvi reyestrlərin rolu" mövzusunda beynəlxalq tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov deyib. K. Həsənovun sözlərinə görə, həmin yanaşmalar özündə informasiya və kommunikasiya texnologiyalarının, qabaqcıl idarəetmə mexanizmlərinin, beynəlxalq təcrübənin, müasir normativ-hüquqi bazanın və sadələşdirilmiş prosedurların tətbiqini əks etdirir.
"Şəffaflıq və operativlik məqsədilə daşınmaz əmlakın qeydiyyatında və torpaq idarəçiliyində "bir pəncərə" sistemi tətbiq olunur. Fəaliyyət sahələri üzrə 31 elektron, 3 onlayn və SMS xidmət vətəndaşların istifadəsinə verilib. Artıq torpaqların elektron kadastr uçotu sisteminin yaradılması istiqamətində işlərə başlanılıb. Bakı Kadastr Layihəsinin yekunlaşması ilə Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb. Bu işlərlə yanaşı, komitənin "Kütləvi çıxarış" kampaniyası və mobil ofis xidmətləri kimi sosial layihələri də ardıcıl həyata keçirilir", - deyə komitə sədri bildirib.
O, çıxışında son illər ərzində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı və ünvan reyestri sahələrində əldə olunan nailiyyətləri diqqətə çatdırıb: "Daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyi infrastrukturunun inkişaf etdirilməsi yolunda atılan addımlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il dərc olunan "Doing Business" hesabatlarında Azərbaycan aparıcı islahatçı ölkələrin siyahısında, həmçinin daşınmaz əmlakın qeydiyyatına görə dünyanın 189 ölkəsi arasında ilk pillələrdə yer alır".
Komitə sədri vurğulayıb ki, bütün bu tədbirlər fonunda komitə öz fəaliyyətində beynəlxalq təcrübənin tətbiqi və bu istiqamətdə xarici ölkələrlə həyata keçirilən əməkdaşlığa daim xüsusi diqqət ayırır. Tədbirdə BMT Baş Katibinin müavini, Avropa İqtisadi Komissiyasının icraçı katibi Kristian Fris Baxın tədbirə ünvanladığı video salamla nitqi təqdim olunub. BMT Baş Katibinin müavini Bakıda keçirilən bu tədbirin böyük əhəmiyyətindən danışıb və uğurlar arzulayıb. Daha sonra BMT AİK-in Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsi ilə canlı telekörpü yaradılıb. Telekörpü vasitəsilə sözügedən komitənin sədri Yelena Szolgayova tədbirə qoşulub. O, BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupunun fəaliyyətindən danışıb və Azərbaycanın daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə etdiyi uğurları vurğulayıb. Açılış sessiyasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının daşınmaz əmlak idarəçiliyi üzrə baş eksperti Rumyana Tonçovska və BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupunun sədri Elşad Xanəlibəyli təqdimatla çıxış ediblər. Qeyd edək ki, tədbirdə Azərbaycan, Almaniya, Sloveniya, Böyük Britaniya, Norveç, Danimarka, Yunanıstan, Finlandiya, Avstriya, Niderland, Ukrayna, Rusiya Federasiyası, Xorvatiya, İsveç, Moldovadan olan nümayəndələrin daşınmaz əmlak idarəçiliyində sahəvi reyestrlərin yaradılması və təkmilləşdirilməsi ilə bağlı çıxış və təqdimatları olub. Tədbir 30 oktyabr tarixində də davam edəcək. Tədbir çərçivəsində "Google" texnologiyaları və mümkün peyk təsvirlərinin inteqrasiyası vasitəsilə torpaqların qiymətləndirilməsi və monitorinqini həyata keçirmək üçün sərbəst və açıq mənbə proqram təminatı" mövzusunda professional dərslərin keçirilməsi də gözlənilir. Qeyd edək ki, beynəlxalq tədbirdə BMT AİK-ə üzv olan dünyanın 56 dövlətinin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, İsveçrə, İtaliya, Portuqaliya, İrlandiya, Yunanıstan, Finlandiya, Avstriya, Niderland, Rusiya Federasiyası, Norveç və digər ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilir.