Səlim Müslümov islahatlara başladı İqtisadiyyat

Səlim Müslümov islahatlara başladı

TSEK-lər ləğv olunur

Respublikada əlilliyin təyini yalnız səyyar komissiyalar tərəfindən həyata keçiriləcək.
Bunu yeni təsdiq edilən "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" ilə bağlı keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
O qeyd edib ki, artıq əsasnamənin tətbiqinə başlanılıb və Tibbi Sosial Ekspert Komissiyalarına bununla bağlı göstəriş verib.
"Dekabr ayından biz pilot layihə olaraq ilkin əlilliyin səyyar komissiya tərəfindən yoxlanılmasını tətbiq elədik və gözəl nəticələr əldə etdik. Dekabrın 1-dən ekspert cərrah, terapevt və nevropatoloqdan ibarət 10 səyyar komissiya yaradıldı. Səyyar komissiyalar 7-11 dekabrda və 21-25 dekabrda müxtəlif regionlarda oldular və müayinə apardılar. Nəticədə, əvvəlki aylardan fərqli vəziyyət ortya çıxdı. Əvvəllər 3000-ə yaxın adama ilkin əlillik verilmişdisə, dekabrdakı nəticələrə əsasən 2366 nəfər olub. Yəni, müraciət edənlərin 63%-i əlillik aldı. Biz bu prinsipi davam etdirəcəyik".
Nazir qeyd edib ki, əlilliyin təyini yalnız səyyar komissiyalarda aparılacaq. Onlar iki dəfə yerlərə ezam olunacaqlar. Nəticələr dərhal elektron sistemə daxil ediləcək. Həmin şəxslər komissiya üzvlərini tanımadıqlarına görə, bu, neqativ halları aradan qaldıracaq. Nazir deyib ki, bununla da, vətəndaşların əlilliyin təyin olunması ilə bağlı TSEK-lərə müraciət etməsinə ehtiyac olmayacaq.
Nazir bildirib ki, Əsasnaməyə görə, bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən 5 (beş) il müddətinə uzadılır. Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi TSERAS tərəfindən müddətsiz müəyyən edilir. Əsasnamənin 3.1.1 - 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və bu Əsasnamənin təsdiq edildiyi günədək sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə TSERAS tərəfindən, 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə uzadılır: "Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərə müraciət edərək bildirir ki, əlilliyi olan şəxslərin əlillik müddətlərinin başa çatması səbəbindən səhiyyə müəsissələrinə (müvafiq göndəriş (88 nömrəli forma) almaq məqsədilə), eləcə də zona Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) müraciət etmələrinə ehtiyac yoxdur".
S.Müslümov vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş TSERAS vasitəsilə birinci dərəcə əlillik təyin olunmuş və əlillik müddəti başa çatmış şəxslər avtomatik olaraq ömürlük birinci qrup əlilliyi olan şəxs kimi qeydiyyata alınacaqlar. Həmçinin ikinci və üçüncü dərəcə əlillik təyin edilmiş şəxslərin əvvəlki qayda ilə ildə bir dəfə təkrar əlillik müayinəsindən keçirilməsinə son qoyulur və onların təkrar əlillik müayinəsi əlillik təyin olunduğu vaxtdan beş il sonra aparılacaq:
"Ona görə də bir daha bəyan edirik ki, hazırda həmin vətəndaşların təkrar müayinə üçün səhiyyə müəsissələrinin müvafiq göndəriş formaları (88 nömrəli forma) ilə zona Tibbi-Sosial Ekspert Komissiyalarına müraciət etmələrinə ehtiyac yoxdur. Avtomatlaşdırılmış sistem vasitəsilə onların əlillik təyinatının 5 ilədək uzadılması elektron qaydada təmin olunacaq və bu barədə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə (müavinət alma müddətinin uzadılması üçün) və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna (pensiya alma müddətinin uzadılması üçün) məlumat veriləcəkdir".
Nazir bəyan edib ki, bu islahat tədbiri əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına, şəffaf tibbi-sosial ekspertiza mühitinin formalaşmasına, əlilliyi olan şəxslərin hər il təkrar əlillik üçün müraciət etmələri səbəbindən onlarda yaranan narazılığın aradan qaldırılmasına yönəlib. Qeyd olunanlarla yanaşı, ilkin əlilliyin təyin olunması prosesinə nəzarətin gücləndirilməsi məqsədilə bu sahədə də ciddi dəyişikliklər edilib. Belə ki, yeni, avtomatlaşdırılmış idarəetmə modeli tətbiq olunanadək ilkin əlillik təyinatları barədə qərar zona TSEK-ləri tərəfindən deyil, Nazirlikdə yaradılmış, tibbi-sosial ekspertiza mütəxəssislərindən ibarət səyyar komissiyalar tərəfindən həyata keçirilir.
Komissiyalar müəyyən olunmuş vaxtlarda və müddətlərdə zona TSEK-lərdə olaraq, ilkin əlillik dərəcəsi almaq üçün müraciət etmiş vətəndaşların əlilliyinin müayinəsini aparırlar. İlkin əlillik üçün zona TSEK-lərinə müraciət edən şəxslərə əlillik müayinələrinin aparılacağı vaxt barədə əvvəlcədən məlumat verilir. Səyyar komissiyalar həmin vaxtda müayinələri aparır və müayinələrin nəticələrinə uyğun olaraq əlillik dərəcəsinin təyin olunub-olunmaması barədə yerindəcə qərar qəbul edir, vətəndaşa müayinənin nəticəsi barədə dərhal rəsmi məlumat təqdim olunur.