350435 nəfər sosial müavinət alır İqtisadiyyat

350435 nəfər sosial müavinət alır

Tural

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda aylıq sosial müavinətlə təmin olunanların sayı 350435 nəfər təşkil edir. Onlardan 139041 nəfəri əlilliyi olan şəxslərdən, 49362 nəfəri müharibə veteranlarından ibarətdir. Ölkədə 41286 nəfər ailə başçısını itirməyə, 13833 nəfər yaşa görə aylıq sosial müavinətlə təmin olunurlar. Aztəminatlı ailələrdəki 5151 nəfər 1 yaşadək uşağın, şəhid ailələrindəki 72 nəfər uşağın, müharibə əlillərinin 17334 nəfər uşağının hər birinə görə aylıq sosial müavinət ödənilir. Həmçinin I və II qrup Çernobıl AES əlillərinin uşaqları (930 nəfər), beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqları (8984 nəfər), sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar (67081 nəfər) və digər müvafiq kateqoriyalardan olan insanlar aylıq sosial müavinətlə təmin edilirlər.
Azərbaycan Respublikası Prezidentinin "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" 19 yanvar 2016-cı il tarixli Fərmanına əsasən, sosial müavinətlərin məbləği növbəti dəfə artırılıb. Sosial müavinət və təqaüdlərin ödənişində şəffaflığın artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müavinət və təqaüdlərə dair məlumatlar xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanıb. Həmçinin ünvanlı dövlət sosial yardımı alanların siyahısı nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirilib. Sosial müavinət və təqaüdlərin, ünvanlı dövlət sosial yardımlarının ödənişi plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirilir.