Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçirilib İqtisadiyyat

Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçirilib

İyunun 28-də Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilib. İclasda Azərbaycan iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin iki ölkə arasında əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb.
Şahin Mustafayev bildirib ki, 2014-cü ildə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə imzalanıb. Bu günə qədər iqtisadi əməkdaşlıq, investisiyaların təşviqi, elm, təhsil, əmək və sosial müdafiə, İKT və digər sahələri əhatə edən 40-a qədər sənəd imzalanıb, ətraf mühitin mühafizəsi, elm və texnologiya, tibb sənayesi, beynəlxalq yükdaşımalar və sair sahələri əhatə edən bir sıra sənədlər isə müzakirə mərhələsindədir.
Nazir qeyd edib ki, iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrimiz genişlənir. Bu ilin yanvar-may ayları ərzində ölkəmiz arasında ticarət dövriyyəsi 62 faiz artıb. Azərbaycan şirkətləri tərəfindən Macarıstana kənd təsərrüfatı emalı məhsulları, transformatorlar və digər mallar ixrac olunur. Macarıstandan Azərbaycana cins mal-qara gətirilir. Azərbaycanda nəqliyyat, ticarət və xidmət sahələrində Macarıstan kapitallı 6 şirkətin fəaliyyət göstərdiyini deyən Ş.Mustafayev yol və su təsərrüfatı sahəsində Macarıstanla əməkdaşlığın həyata keçirildiyini söyləyib.
Şahin Mustafayev təhsil sahəsində Azərbaycan-Macarıstan əməkdaşlığından danışaraq, 2015-2017-ci illərdə 51 gəncin Macarıstanda təhsil almaq hüququ əldə etdiyini qeyd edib. Daha 200 gənc 2016-2017-ci tədris illəri ərzində Macarıstan hökumətinin təqaüdü hesabına bu ölkənin ali təhsil müəssisələrində təhsil almaq barədə müraciət edib. Macarıstan xarici işlər və ticarət naziri, Birgə Komissiyanın həmsədri Piter Siyarto Azərbaycanın davamlı iqtisadi inkişafının, beynəlxalq nüfuzunun artmasının Macarıstanda məmnunluqla qarşılandığını qeyd edib. Bildirib ki, Macarıstan Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir və ölkəmizlə əməkdaşlığın genişlənməsində maraqlıdır. Həmçinin humanitar sahədə Heydər Əliyev Fondu tərəfindən Budapeştdə həyata keçirilən xeyriyyə layihəsinə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.
Macarıstanın xarici işlər və ticarət naziri iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin genişləndirilməsi üçün perspektiv istiqamətləri diqqətə çatdırıb. Macarıstan və Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin bütün sahələrdə qarşılıqlı münasibətləri daha yüksək səviyyəyə qaldırmaq baxımından geniş imkanlar yaratdığını vurğulayıb, Macarıstanın EXIMBANK-ın Azərbaycanda layihələrin maliyyələşdirilməsinə 200 milyon avro həcmində vəsaitin ayrıldığını qeyd edib.
İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Birgə Komissiyanın həmsədrləri – Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev və Macarıstan xarici işlər və ticarət naziri Piter Siyarto imzalayıb.