Tikintiyə icazənin müddətinin uzadılması kriteriyaları müəyyənləşib İqtisadiyyat

Tikintiyə icazənin müddətinin uzadılması kriteriyaları müəyyənləşib

Azərbaycanda tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılmasının kriteriyaları müəyyənləşib. Trend-in rəsmi mətbuata istinadən verdiyi məlumata görə, müvafiq sənəd Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu sənəd tikintiyə icazənin verildiyi tarixdən 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti işlərinin 3 il ərzində dayandırıldığı hallarda bu icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı halları müəyyən edir. Aşağıdakı hallarda tikintiyə icazənin qüvvədə olma müddəti sifarişçinin müraciəti əsasında tikintiyə icazə verən orqanın qərarı ilə qeyd-şərtsiz olaraq aşağıda göstərilən müddətə uzadılır:
- Fövqəladə Hallar Nazirliyinin tikinti işlərinin dayandırılması ilə bağlı qərarı olduğu halda, həmin qərarın qüvvədə olduğu müddətə;
- təbii və ya texnogen xarakterli fövqəladə hadisələr baş verdikdə, həmin hadisələrin təsir dairəsində olan tikinti ərazisində təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər yerinə yetirildikdə, bu tədbirlərin icrası üçün Fövqəladə Hallar Nazirliyinin qəbul etdiyi qərarda müəyyən edilən müddətə;
- tikinti ərazisinə aid olan ərazi planlaşdırılması sənədlərində müvafiq dəyişikliklər edildikdə, bu barədə aidiyyəti yerli icra hakimiyyəti orqanının yazılı xəbərdarlığından sonra qərar qəbul edilən tarixədək olan müddətin və bununla əlaqədar ortaya çıxan əlavə işlər üçün layihədə dəyişikliklər edilməsi tələb olunan müddətin cəmini təşkil edən müddətə (bu halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi alınmalıdır);
- tikinti obyektinin sökülməsi haqqında qərar qəbul edildiyi hallarda, sökülmə barədə qərar qəbul edildiyi tarixdən həmin qərara əsasən tikinti obyekti sökülənədək əhatə olunan müddətə.
Göstərilən hallar istisna olmaqla, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması üçün sifarişçi tikintiyə icazə barədə qərarın qəbul edildiyi gündən hesablanan 3 illik müddətin bitməsinə 60 gün qalanadək müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etməlidir.
Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması barədə sifarişçinin müraciətinə 10 iş günü müddətində baxılır. Həmin müddətdə sifarişçiyə tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması barədə qərarın surəti və ya əsaslandırılmış imtina təqdim edilir. İmtina barədə qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.