Vaşinqton Ukraynaya Azərbaycan qazı vəd edir İqtisadiyyat

Vaşinqton Ukraynaya Azərbaycan qazı vəd edir

Ukraynanın "Qazprom"dan asılılığını Azərbaycanın köməyi ilə azaltmağı vəd edib

"ABŞ Ukraynaya maye qaz tədarük etməklə bu ölkənin Rusiyadan enerji asılılığını azaltmağı vəd edir". APA-nın "UNİAN"a istinadən verdiyi xəbərə görə, bu barədə Kiyevdə mətbuat konfransı zamanı ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Ed Roys bildirib.
"Bizim Luizianada əlavə ehtiyatlarımız var və biz Ukraynaya enerji yardımının göstərilməsi üçün ABŞ-dan təbii maye qaz tədarük edə bilərik. Həmçinin Avropanın bu qazı qəbul edə bilməsi üçün, biz Avropada terminalların tikintisini sürətləndirmək niyyətindəyik", deyə o bildirib.
Bundan başqa, o Azərbaycandan (Rusiyadan yan keçəcək) qaz borusunun tikiləcəyini qeyd edib. "Bu boru ilə qaz Avropaya nəql olunacaq və biz hazırda azərbaycanlılarla bu proqramın necə yardım edəcəyini müzakirə edirik", deyə Ed Roys bildirib
Konqresmen həmçinin qeyd edib ki, Ukrayna öz qaz yataqlarını səmərəli işlətsə 2020-ci ilədək daxili tələbatlarının 50 faizini təmin edə bilər".
"Bütün bu strategiyaların kombinasiyası Ukraynaya ayağa qalmağa yardım edə bilər və, beləliklə, qaz ucuzlaşdıqda Ukraynanın "Qazprom"dan asılılığı azalacaq", deyə Roys əlavə edib.