“TANAP hesabına Türkiyə ildə 58 milyard kubmetr qaz alacaq“ İqtisadiyyat

“TANAP hesabına Türkiyə ildə 58 milyard kubmetr qaz alacaq“

1850 kilometr uzunluğunda olan TANAP layihəsinin 570 kilometrlik hissəsində qazıntı işləri başa çatıb, 200 kilometrlik hissəsində isə boruların qaynaq işləri yekunlaşıb.
Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.
"Layihənin reallaşdırılması istiqamətində işlər sürətlə davam edir. TANAP dedikdə biz Avropanın ən nəhəng layihəsinin bir hissəsindən danışırıq. Cənub Qaz Dəhlizinin ümumi dəyəri 45 mlrd. dollar təşkil edir. Bunun 28 mlrd. dolları "Şahdəniz-2" layihəsinə yönəlir. Qalan hissəsi isə Cənubi Qafqaz Boru Xəttinin Genişlənməsi, TANAP və TAP layihələrinə yönələcək. Hazırda layihənin 55%-i tamamlanıb, bu isə onu deməyə əsas verir ki, qrafiki qabaqlayırıq. 2018-ci ilin iyun ayında bu layihə vasitəsilə Türkiyə ilk qazını alacaq. Həmin ayın sonunda 2 mlrd. kubmetr qaz nəql olunacaq. Növbəti il bu həcm 4 mlrd. kubmetrə, bir il sonra isə 6 mlrd. kubmetrədək artacaq. Bu həcmlər Türkiyənin qaza olan tələbatı nəzərə alınaraq təsdiqlənib. Layihənin illik ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrə hesablanıb. Sonrakı illərdə bu həcm 24 mlrd. kubmetrə, növbəti mərhələdə isə 31 mlrd. kubmetrədək artırılacaq", - deyə S. Düzyol qeyd edib.
O bildirib ki, hazırda Türkiyənin il ərzində qaza olan tələbatı 40-45 mlrd. kubmetr səviyyəsindədir: "Lakin tələbat artmaqdadır. Türkiyə bağlanan müqavilələr üzrə il ərzində 52 mlrd. kubmetr qaz alır. TANAP-la vasitəsilə alınacaq 6 mlrd. kubmetri də nəzərə alsaq, Türkiyə il ərzində 58 mlrd. kubmetr qaz alacaq. Bundan başqa, uzaq perspektivdə Türkiyənin əlavə olaraq 15 mlrd. kubmetr qaz almaq imkanı olacaq".
Baş direktor neftin qiymətindəki dəyişkənliyin layihənin dəyərinə təsirini bu cür izah edib: "İlkin olaraq 11,7 mlrd. dollar olan TANAP-ın dəyərini 8,5 mlrd. dollara endirdik. Buna səbəb neftin qiymətinin azalmasıdır".
Onun sözlərinə görə, TANAP layihəsi 20 il ərzində 10 min insanın iş yeri ilə təmin olunmasına kömək olacaq.
S. Düzyol əlavə edib ki, TANAP layihəsi yerli şirkətlərin inkişafına da ciddi dəstək verir: "Layihənin reallaşmasında istifadə olunan boruların 80%-i altı Türkiyə şirkəti tərəfindən, qalan 20%-i isə Çində istehsal olunur".