Milli Naviqasiya Sistemi “AzNav“ istifadəyə verilib İqtisadiyyat

Milli Naviqasiya Sistemi “AzNav“ istifadəyə verilib

Fevralın 23-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) "AzNav" Azərbaycanın ilk milli Naviqasiya Sistemini ictimaiyyətə təqdim edib. Tədbirdə müasir texnologiyaların tətbiqi ilə hazırlanmış Naviqasiya Sisteminin təqdimatı olub və canlı rejimdə fəaliyyəti nümayiş etdirilib. Artıq Sistem əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, turistlərin, eləcə də ünvan axtarışında maraqlı olan digər tərəflərin istifadəsinə verilib. Təqdimatda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Daxili İşlər, Fövqəladə Hallar, Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyəti, "Azəravtoyol" ASC, Bakı Nəqliyyat Agentliyi, "BakuBus" MMC-nin, habelə ölkədə fəaliyyət göstərən naviqasiya, yükdaşıma və taksi xidmətləri, turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.
Komitənin sədr müavini Rüstəm Şahbazov qeyd edib ki, dövlət başçısının Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması ilə bağlı müvafiq Fərmanları ilə komitə tərəfindən informasiya-kommunikasiya texnologiyalarının və coğrafi informasiya sistemlərinin tətbiqi ilə Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) yaradılıb. "AzNav" ilk milli naviqasiya sisteminin istifadəyə verilməsi ölkə başçısının Fərman və tapşırıqlarının icrası yönündə atılmış növbəti mühüm addım olmaqla, vətəndaşların sosial–məişət şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyi diqqətə çatdırılıb.
Naviqasiya Sisteminin artıq əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, turistlərin, eləcə də ünvan axtarışında maraqlı olan digər tərəflərin istifadəsinə verildiyi diqqətə çatdırılıb. Dəqiq və hər zaman yenilənən GPS naviqasiya sistemi "AzNav" ÜRİS-in məlumatları əsasında hazırlanıb. "AzNav" həm tibbi yardım, yanğın, qəza, polis, fövqəladə hallar kimi təcili xidmətlər, həm də poçt, yükdaşıma, taksi, turist, nəqliyyatın tənzimlənməsi və digər fəaliyyətlərdə son dərəcə faydalıdır. Naviqasiya Sistemindən istifadə etməklə hər bir şəxs və ya qurum istənilən vaxt seçdiyi ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən edə biləcək. Ünvan axtarışı məsələləri sadələşəcək, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq.
Üstün cəhətlərdən biri də, "AzNav"ın həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malik olmasıdır. Digər özəllik odur ki, "AzNav" Azərbaycan dili ilə yanaşı, rus, ingilis, ərəb, alman, ispan, fransız, italyan, türk və gürcü dillərini də dəstəkləyir və sadalanan dillərdə interfeysə malikdir. Bu isə ölkəmizə səfər edən turistlərin və əcnəbi vətəndaşların ünvan tapmaq işini daha da rahatlaşdırır. "AzNav" yeni və köhnə ünvanların əsasında hazırlanmış Naviqasiya Xəritəsinin məlumatlarından istifadə etməklə işləyir.