Sosial inklüziya xidmətləri ilə bağlı təlim İqtisadiyyat

Sosial inklüziya xidmətləri ilə bağlı təlim

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə BMT-nin Uşaq Fondunun (UNİCEF) əməkdaşlığı çərçivəsində "Sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial inklüziya xidmətlərinin əsas prinsipləri və metodları" mövzusunda təşkil olunan təlimlərin iştirakçılarına sertifikatlar təqdim olunub. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların tibbi-sosial reabilitasiyası, habelə reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı sahəsində aparılan işlər diqqətə çatdırılıb. Bu təbəqədən olan uşaqlarla bağlı sosial xidmətlər sisteminin institusional potensialının artırılması və bu sistemin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsində UNİCEF-lə əməkdaşlığın xüsusi önəm kəsb etdiyi vurğulanıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ƏƏSMN və UNİCEF arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı çərçivəsində imzalanmış "2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı"nın bu sahədə mühüm addımların atılmasına dəstək verdiyini bildirib. Qeyd olunub ki, həmin Dövri Fəaliyyət Planı çərçivəsində görülən işlərdən biri də "Sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial inklüziya xidmətlərinin əsas prinsipləri və metodları" mövzusunda təlimlərin təşkil olunmasıdır. Ötən ilin 12 oktyabr-4 dekabr tarixlərində keçirilmiş təlimlərdə nazirliyin Uşaq Bərpa Mərkəzinin və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin əməkdaşları iştirak ediblər.
Təlimlər "Sağlamlıq imkanları məhdudluğa yanaşmada müəssisələşmə ilə bağlı dünya praktikasında mövcud olan yanaşmalar", "Tipik və sağlamlıq imkanları məhdud uşaqların inkişaf normativləri və xüsusiyyətləri, onların inkişafında problemlərin aşkar olunması, inkişaf səviyyəsinin qiymətləndirilməsi. Maslov nəzəriyyəsi", "Oyun terapiyası", "Ünsiyyətin inkişafı və çətinlikləri, növləri. Alternativ və auqmentativ ünsiyyət", "Autizm-mövcud nəzəriyyələr, diaqnostika və reabilitasiya üsulları" və digər modulları əhatə edib. Təlimlər uşaqların reabilitasiyası sahəsində çalışan əməkdaşların bilik və bacarıqlarının artırılmasına xidmət edib. Tədbirdə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin Proqram rəhbəri Vüqar Salmanov sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial inklüziya xidmətlərinin əsas prinsipləri və metodlarının öyrənilməsinin müvafiq fəaliyyət sahəsində səmərəli nəticələrə nail olunması üçün əhəmiyyətli olduğunu qeyd edib. Sonra təlimlərdə iştirak etmiş əməkdaşlara sertifikatlar təqdim edilib.