“İtaliya TAP sayəsində enerji mərkəzinə çevrilə bilər“ İqtisadiyyat

“İtaliya TAP sayəsində enerji mərkəzinə çevrilə bilər“

"Trans Adriatik Boru Kəməri (TAP) layihəsi İtaliya üçün çox faydalı olacaq".
Bunu "Report"a açıqlamasında Yunanıstanın Xəzər regionu üzrə eksperti doktor Marika Karayianni deyib.
Onun sözlərinə görə, İtaliyanın qazpaylama şəbəkəsinin genişləndirilməsi Cənub Qaz Dəhlizinin proqramında yer alır və bu, "Şahdəniz" yatağından hasil olunan qazın gələcəkdə İtaliyadan Mərkəzi və Qərbi Avropaya nəql olunmasına imkan yaradacaq: "Bunun nəticəsində İtalya LNG terminalları ilə birlikdə özü də enerji mərkəzinə çevriləcək".
Marika Karayianni əlavə edib ki, Yunanıstan və İtaliya dost ölkədir və hər iki ölkə Avropa İttifaqının üzvü olduğundan enerji məsələlərində sıx əməkdaşlıq edirlər.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.