Asiya İnkişaf Bankı arasında əməkdaşlıq perspektivləri İqtisadiyyat

Asiya İnkişaf Bankı arasında əməkdaşlıq perspektivləri

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Asiya İnkişaf Bankının (AİB) ölkə üzrə direktoru Nariman Mannapbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə birgə əməkdaşlıq çərçivəsində görülən işlərə toxunulub, növbəti dövr üçün qarşıda duran məsələlər müzakirə edilib. MBNP-nin mətbuat xidmətindən bildiriblər ki, palatanın idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkəmizin makroiqtisadi və maliyyə bazarları sahəsində aparılmış islahatlar və əldə edilmiş nəticələr barədə məlumat verib, Azərbaycanın "Doing Business 2018" hesabatında son 1 ildə 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını Prezident İlham Əliyevin rəhbərliyi altında aparılmış kompleks islahatların məntiqi nəticəsi adlandırıb.
Bununla yanaşı, AİB nümayəndələrinə maliyyə bazarlarının səmərəli fəaliyyət göstərməsi üçün palata tərəfindən görülmüş işlər, o cümlədən bank sektorunun kapitallaşması tədbirləri, maliyyə bazarları üzrə qanunvericilik çərçivəsinin təkmilləşdirilməsi, habelə tənzimləyici çərçivə üzrə qəbul edilmiş qaydalar, maliyyə infrastrukturunun gücləndirilməsi istiqamətində ilk özəl kredit bürosu olan Azərbaycan Kredit Bürosu, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun və daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin yaradılması ilə bağlı da geniş məlumat verilib.
Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Nariman Mannapbekov təmsil etdiyi qurumla palata arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və gələcəkdə də sıx əməkdaşlıq etmək niyyətində olduqlarını qeyd edib. Daha sonra qonaqların palatanın fəaliyyəti, hüquqi və tənzimləyici çərçivə üzrə son yeniliklər, bu sahədə mövcud situasiya və s. barədə sualları cavablandırılıb və növbəti ildə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.