Hərracda 13 dövlət əmlakı özəlləşdirildi İqtisadiyyat

Hərracda 13 dövlət əmlakı özəlləşdirildi

Budəfəki hərracda 13 dövlət əmlakı özəlləşdirilib, 2-si elektron olmaqla 22 sifariş verilib. Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, komitə tərəfindən keçirilən hərraclarda özəlləşdirilən dövlət əmlakları yeni sahibkarlıq subyektlərinin formalaşmasına imkan verir. Sürətli və əlçatan hərrac xidmətlərindən istifadə prosesdə vətəndaş marağını artırır, rəqabəti təmin edir. Özəlləşdirmədə elektron sistemin tətbiqi ilə fevralın 26-da növbəti hərrac keçirilib. Müasir üsulların təmin etdiyi fürsətlər prosesdə rəqabətli mühit yaradıb. Belə ki, ayın son hərracında 13 dövlət əmlakı üzrə 22 sifariş qəbul edilib. İştirakçılardan 2-si seçdiyi dövlət əmlakına elə olduğu məkandan onlayn formada sifariş verib.
Nəqliyyat vasitələri üzrə iştirakçı aktivliyi budəfəki hərracı rəqabətli edib. Belə ki, buraxılış tarixi 2007-ci il olan "VAZ-21043" markalı avtomobil üçün 4 sifariş verilib. İştirakçılar arasında mübarizə ilkin qiyməti 2 dəfə yüksəldib. Belə ki, start qiyməti 2 min manat olan nəqliyyat vasitəsi 4 min manata özəlləşdirilib. Analoji hal istehsal tarixi 2005-ci il olan "Nissan Maxima" markalı avtomobil üçün də xarakterikdir. Biri elektron olmaqla 5 sifarişin verildiyi nəqliyyat vasitəsinin ilkin qiyməti 3 min manat olsa da, qalib iştirakçı onu 5 min 160 manat təklif edərək özəlləşdirib.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri paytaxtda yerləşir. Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsindəki ticarət obyektlərinin ümumi faydalı sahələri 329.8 kvadratmetr və 408.3 kvadratmetrdir. 2 min 400 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilən kiçik dövlət əmlakı Qaradağ rayonu, Qızıldaş-Müşfiqabad yolunda yerləşir. Yanacaqdoldurma məntəqəsi kimi istifadə olunmuş obyektin ümumi faydalı sahəsi 45.6 kvadratmetrdir. Adıçəkilən hər bir dövlət əmlakından səmərəli istifadə investorun gəlirli biznes fəaliyyətini reallaşdıra bilər.
Qeyri-yaşayış sahələri müxtəlif xidmət və ya ofis obyekti kimi istifadə üçün uğurlu seçimdir. Bu kateqoriyadan olan dövlət əmlakları paytaxtla yanaşı, Bərdə, Tovuz və Şabran rayonlarında yerləşir. Obyektlərin ümumi faydalı sahəsi 8.3 kvadratmetr ilə 162.9 kvadratmetr aralığındadır. Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 43.2 kvadratmetrdir. İştirakçı tərəfindən bu dövlət əmlakı 6 min manata özəlləşdirilib. Daha az büdcə ilə kiçik sahibkarlıq fəaliyyətinə başlamaq imkanı yaradan digər qeyri-yaşayış sahəsi isə Tovuz şəhəri, Sabir küçəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 103.2 kvadratmetrdir. Hərrac iştirakçısı adıçəkilən dövlət əmlakını 10 min manata özəlləşdirib.
Komitə tərəfindən növbəti hərrac martın 5-də keçiriləcək və bu hərraca ümumilikdə 82 dövlət əmlakı çıxarılıb. Dövlət əmlaklarından 36-sı kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 7-si qeyri-yaşayış sahəsi, 4-ü yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir.