Qadın biznes inkubatorları yaradılacaq İqtisadiyyat

Qadın biznes inkubatorları yaradılacaq

Qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorlarının yaradılması nəzərdə tutulur. Bu barədə jurnalistlərə müsahibəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov deyib. KOBİA-nın idarə heyətinin sədri qeyd edib ki, ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafı Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir.
"Agentliyin yanında fəaliyyət göstərən İctimai Şurada Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası aktiv təmsil olunur, Azərbaycan-Almaniya Birgə Proqramı çərçivəsində biznesin idarə edilməsi sahəsində Almaniyada ixtisasartırma kursu keçmiş iştirakçıların təxminən 20 faizdən çoxunu qadın sahibkarlar təşkil edir. Ölkəmizdə qadın sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən tədbirlərin miqyası və əhatə dairəsi genişləndiriləcək. Qadın sahibkarlığın inkişafı, o cümlədən qadın sahibkarlar üçün maarifləndirmə və konsaltinq xidmətləri, kreditləşmə və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bu istiqamətdə layihə və proqramlar hazırlanan zaman xüsusilə regionlarımızda qadın məşğulluğu diqqət mərkəzində olacaq, qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdirilərək müvafiq tədbirlər görüləcək. Qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorların yaradılması da nəzərdən keçiriləcək. Bütün bunlar isə kiçik və orta sahibkarlar arasında qadınların sayını daha da artıracaq", - deyə O.Məmmədov əlavə edib.