“Qazprombank“ın Azərbaycana investisiya imkanlarına dair biznes seminar İqtisadiyyat

“Qazprombank“ın Azərbaycana investisiya imkanlarına dair biznes seminar

Bakıda İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun, Azərbaycan-Rusiya İşgüzar Şurasının və Rusiyanın "Qazprombank"ının birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda biznes-seminar keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib. Biznes seminarda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu, dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb. Azərbaycan və Rusiya Prezidentləri ötən il 6 dəfə görüşüb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyaya 3 səfər edib, Rusiya Federasiyasının Prezidenti Vladimr Putin IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib. Dövlət rəsmilərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri əlaqələrin daha da genişlənməsinə verilən böyük önəmin göstəricisidir.
Nazir qeyd edib ki, təkcə son 10 ildə hər iki ölkə sahibkarlarının iştirakı ilə 60-dan çox tədbir keçirilib. Bu ilin fevralında Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinin ölkəmizə səfəri çərçivəsində Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş" şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu" şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının fəaliyyəti iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ümumilikdə, hazırda Azərbaycanda Rusiya kapitalı 700-ə yaxın müəssisə sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə uğurla fəaliyyət göstərir. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,2 mlrd. dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1 mlrd. dollardan çoxdur.
Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya arasında bir çox sahələrdə, o cümlədən enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivli istiqamətlərdir. Vurğulanıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri də ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. Təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20%-dək artaraq 2,55 milyard dollar təşkil edib. Hazırda qarşılıqlı ticarət əlaqələrinin daha da artırılması və şaxələndirilməsi üçün bir sıra tədbirlər görülür.