Rusiyaya ərzaq sanksiyasının Azərbaycana təsiri İqtisadiyyat

Rusiyaya ərzaq sanksiyasının Azərbaycana təsiri

Ekspertlərin fikrincə, bu qadağalar Azərbaycan iqtisadiyyatına təsir göstərməyəcək

Cavid

Rusiya və Qərb ölkələri arasında qarşılıqlı embarqolar dünya iqtisadiyyatı üçün yeni təhdid yaratmaqdadır. Tərəflərin iqtisadi müstəvidə bir-birilərinə qarşı sanksiyaları getdikcə daha sərt xarakter daşımaqda, miqyasını genişləndirməkdədir. Sanksiyaların dünyanın digər ölkələrinə ciddi təsir göstərəcəyi də istisna edilmir.
Maraqlıdır ki, Ukrayna böhranına görə ABŞ və Qərb ölkələrinin sanksiyalarına sanksiya ilə cavab verən Rusiya embarqo səbəbindən meydana gələcək qıtlığı Azərbaycan vasitəsi ilə də ödəməyə hazırlaşır. Rusiyanın kənd təsərrüfatı naziri Nikolay Fyodorov artıq bu xüsusda müvafiq açıqlama verib. Rusiyanın bu sıxıntını çox asanlıqla qarşılaya biləcəyini deyən nazir bir sıra ölkələrlə bərabər, Azərbaycandan gələn mallara üstünlük verəcəklərini açıqlayıb: "Türkiyə, Braziliya, Argentina, İsrail, Özbəkistan, Azərbaycan və Belarus kimi ölkələr bu qıtlığı rahatlıqla ödəyə bilər".
Xatırladaq ki, sanksiyalara cavab olaraq Rusiya Avropa İttifaqı, ABŞ və bəzi digər Qərb ölkələrindən qida məhsullarının idxalına tam embarqo qoyur. Baş nazir Dmitri Medvedyev deyib ki, embarqoya meyvə, tərəvəz, ət, balıq və süd məhsulları aiddir. Embarqo Avstraliya, Kanada və Norveçə də şamil olunur. Bu qadağalarla əlaqədar artıq Avropa İttifaqı ölkələrindən narahatlıq siqnalları gəlir. Ekspertlərə görə, burada söhbət Avropanın üzləşəcəyi 12 milyardlıq ziyandan gedir. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinə qarşı sanksiyalar tətbiq edən ölkələrdən xammal, ərzaq və kənd təsərrüfatı məhsullarının ayrı-ayrı növlərinin Rusiyaya gətirilməsinə qadağa qoyulması barədə fərman imzalayıb. Hökumətə konkret siyahı tərtib etmək tapşırılıb. Sənəd "Rusiya Federasiyasının milli maraqlarının qorunması məqsədi ilə" imzalanıb. Fərman qüvvəyə mindiyi gündən bir il ərzində qüvvədə olacaq. Vladimir Putin hökumətə, kənd təsərrüfatı və ərzaq məhsullarının idxalının dayandırılması nəticəsində yarana biləcək sürətli qiymət artımının qarşısını almaq üçün tədbirlər görməyi tapşırıb.
Bu arada Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar gücləndikcə, bir sual getdikcə daha aktuallaşır: Rusiyanın iqtisadi çöküşü Azərbaycan iqtisadiyyatına nə vəd edir? Azərbaycan qonşu ölkədə baş verən sarsıntılardan özünü qoruya biləcəkmi? İndi beyin mərkəzləri bu məsələni ən müxtəlif rakurslardan araşdırırlar.
Rusiya iqtisadiyyatının çöküşü təbii ki, ən yaxın qonşularından olan Azərbaycana də təsir göstərəcək. Ancaq tendensiyaların və statistikanın təhlili göstərir ki, bu mənfi təsirlər elə də güclü olmayacaq. 2008-ci ilin qlobal maliyyə böhranın nəticələri göstərdi ki, Azərbaycan iqtisadiyyatı xarici təsirlərə müqavimət göstərmək gücündədir. Bu Azərbaycan iqtisadiyyatının daha çox administrativ metodlarla idarə olunmasının nəticəsidir.
Rusiya, eləcə də Qərb iqtisadiyyatı qlobal maliyyə böhranından xeyli əziyyət çəksə də, Azərbaycan minimum itkilərlə vəziyyətdən çıxa bildi. Düzdür, iqtisadiyyatın idarə edilməsində administrativ metodların dominatlıq təşkil etməsi pozitiv göstərici sayılmır. Ancaq bu başqa bir problemdir və mövzunun predmetinə aid deyil.
Rusiya iqtisadiyyatının çökməsini tam şəkildə qlobal maliyyə böhranı ilə eyniləşdirmək də düzgün deyil. Qlobal maliyyə böhranından bütün dünya ölkələri əziyyət çəkirdi. Rusiyanın çökdürülməsi isə məqsədli iqtisadi sanksiyalardır və bundan sanksiyaya məruz qalan dövlət və onların əsas ticarət tərəfdaşı olan ölkələr əziyyət çəkəcək. Bu baxımdan Azərbaycan iqtisadiyyatı üçün risklər elə də yüksək qiymətləndirilmir. Azərbaycan iqtisadiyyatı Rusiya iqtisadiyyatına çox zəif inteqrasiya edilib.
Rəsmi statistikaya görə, bu ilin yekunlarına əsasən, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard dollar olub. Bu, Azərbaycanın ümumi ticarət dövriyyəsinin (34,7 milyon dollar) cəmi 7 faizi deməkdir. Ümumiyyətlə, Azərbaycanın ticarət dövriyyəsində Rusiya da daxil olmaqla MDB ölkələrinin payı cəmi 11,5 faizdir (4 milyard dollar).
Azərbaycanın əsas ticarət tərəfdaşları MDB məkanından kənardadır. Azərbaycanın ticarət dövriyyəsinin 12 milyard dolları - 35 faizi ABŞ, Türkiyə və Avropa Birliyi ölkələrinin payına düşür. Eləcə də Azərbaycan iqtisadiyyatına Rusiya investisiyaları əhəmiyyətli dərəcədə az yatırılıb. Bu baxımdan da Rusiya iqtisadiyyatının çöküşü Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək.
Rusiyadan Azərbaycana idxalın 90 faizdən çoxunu maşınqayırma, avtomobil, kimya sənayesi məhsulları, metal məmulatlar, meşə təsərrüfatı malları (əsasən taxta-şalban), ərzaq və kənd təsərrüfatı xammalı təşkil edir. Azərbaycandan Rusiyaya ərzaq və kənd təsərrüfatı məhsulları ixrac olunur.
Rusiya iqtisadiyyatının çökməsindən Azərbaycan başqa formada ziyan çəkə bilər. Söhbət azərbaycanlı miqrantların göndərdiyi pulların azalmasından gedir. Müxtəlif hesablamalara görə, Rusiyadakı miqrantlar Azərbaycana hər il 1,5-2,5 milyard dollar aralığında pul göndərirlər. Bəzən rəsmi statistika daha az rəqəm göstərir. Məsələn, Rusiya Mərkəzi Bankının açıqlamalarına görə, hər il Rusiyadan Azərbaycana təqribən 1 milyard dollar göndərilir. Amma bu rəqəm yalnız bank köçürmələrini əhatə etdiyinə görə ziddiyyətlidir. Eyni zamanda, Rusiyada yaşayan azərbaycanlıların sayı da mübahisəlidir. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirmişdi ki, Rusiyada 600 mindən 3 milyonadək aralıqda azərbaycanlı yaşayır. Göründüyü kimi, statistikanın aşağı və yuxarı həddi arasında 5 qat fərq var. Eynilə Rusiyadan Azərbaycana pul köçürmələri barədə də rəqəmlər şübhəlidir.
Belə rəqəmlər banklar vasitəsilə köçürülən pulların uçotu əsasında hesablanaraq açıqlanır. Halbuki Rusiyadan Azərbaycana pulların daxil olması yolu heç də təkcə banklar deyil.
Onu da bildirək ki, Rusiyanın Qərbdən ət və ət məhsulları, süd və süd məhsulları, meyvə-tərəvəz idxalına qoyduğu qadağa bazarda müəyyən ajiotaj yaradıb. Artıq Rusiyada ərzaq məhsullarında kəskin bahalaşma sezilir.
Azərbaycanlı mütəxəssislərin fikrincə, qonşu ölkədə ət və ət məhsulları, süd və süd məhsullarının istehsalını artırmaq məcburiyyəti istehsal olunan taxılın bir hissəsinin heyvandarlıqda qüvvətli yem olaraq istifadəsinə gətirib çıxaracaq. Həzərə alsaq ki, Azərbaycan taxıl idxalının təqribən 50 faizini Rusiya hesabına ödəyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Rusiyadan əsasən, at, ulaq, iri və xırda buynuzlu ev heyvanları, balıq və balıq məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, kərə yağı, yumurta, toxumluq və ərzaq buğdası, habelə digər dənli bitkilər, günəbaxan, konservləşdirilmiş ət və balıq məhsulları, şəkər, tikinti materialları, neft məhsulları, kosmetik vasitələr, dəftərxana ləvazimatları, müxtəlif şampunlar, geyim əşyaları və sair mallar idxal olunur. Əgər həmin ölkənin özündə sözügedən məhsullara ehtiyac yaranacaqsa, o zaman Azərbaycanın ərzağa olan tələbatının tam və ucuz şəkildə ödənilməsi problemi ortaya çıxa bilər.
Yeri gəlmişkən, Rusiya rəsmiləri alternativ bazar kimi Azərbaycanın da adını çəkirlər. Yəni ölkəmizdən meyvə-tərəvəz idxalını artıracağına dair açıqlama verilib. Ölkəmiz belə bir qarışıq vəziyyətdə ərzaq təhlükəsizliyinə necə hazırdır?
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirib ki, Rusiyanın Qərb məhsullarına qoyduğu embarqolar, onu yeni bazarlar axtarmağa, daxili istehsalı artırmağa məcbur edir: "Moskva elan edib ki, burada Azərbaycan məhsullarının da alınmasına şərait yaradıla bilər. Amma bu gün ölkəmizin kənd təsərrüfatı sektorunun nə dərəcədə inkişaf etməsi sual doğurur. Rusiya bazarında artan tələbatı ödəmək üçün Azərbaycan kifayət qədər məhsul ixrac etməyə hazırdırmı? Bunun üçün ilk növbədə aqrar sektorda xırda istehsalı stimullaşdırmaq və süni maneələri aradan qaldırmaq lazımdır".
A.Mehtiyev əlavə etdi ki, usiyada həyata keçirilən siyasət zaman-zaman Azərbaycan bazarlarında problemlər yaradıb. Yəqin ki, indiki şəraitdə Rusiya o qədər də maneə yaratmaqda maraqlı olmayacaq. Şimal qonşumuz Azərbaycanı Gömrük İttifaqına və Avrasiya İttifaqına qoşmaq üçün müəyyən stimullar yaradacaq. Yəni ticarət dövriyyəsinin genişlənməsində maraqlı olacaq, ona görə də prosedurları sadələşdirməyə çalışacaqlar. Bu ölkə bazarlarını üzümüzə o zaman geniş şəkildə açacaq ki, Azərbaycanı adıçəkilən ittifaqlara qoşa bilsin".
A.Mehtiyevə görə, son illər Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafı üçün bir sıra mühüm addımlar atır: "Məsələn, kooperativlərin yaradılmasında dövlət dəstəyi bu istiqamətdə atılan addımlardan biridir. Kooperativlərin genişlənməsi ölkədə həm aqrar sektorun inkişafına töhfə ola bilər, həm də Rusiyaya ixracı artıra bilərik".
Lakin ekspert indiki vəziyyətdə istehsal olunan məhsulları ixraca yönəltməyin ölkə daxilində kəskin qiymət artımına gətirib çıxara biləcəyini deyir: "Çünki ölkə daxilində tələbat olduğu halda, həmin məhsulların xaricə çıxarılması bahalaşmaya səbəb ola bilər. Rusiyada yaranan vəziyyət bizim ölkəmiz üçün də zaman-zaman problemlər yaradacaq. Amma ticarəti Rusiyadan asılı dövlətlər xüsusilə əziyyət çəkəcək. İstənilən halda yarana biləcək ciddi problemlərə hazır olmalıyıq".
O da qeyd olunur ki, indi Rusiyanın Qərb ölkələrindən ərzaq idxalına qadağa qoyması Azərbaycanda ən çox meyvə-tərəvəz istehsalçıları üçün sərfəli görünür. Əgər bu qadağa nəticəsində Rusiyada qiymətlər artsa, o zaman Azərbaycanın meyvə-tərəvəz istehsalçıları istehsal etdikləri məhsulu daxili bazarda satmaqdansa, Rusiyaya ixrac etməyə üstünlük verəcəklər. Azərbaycan Rusiyanın qoyduğu qadağadan o zaman yararlana bilər ki, kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi üçün fermerlərə indidən sərfəli kreditlər verilsin və istehsal üçün ən əlverişli şərtlər təmin olunsun. Əks halda ixrac hesabına daxili bazarda qiymətlərin bahalaşmasını əngəlləmək mümkün olmayacaq.