“AzerGold” bir neçə qızıl sahəsini istifadəyə verəcək İqtisadiyyat

“AzerGold” bir neçə qızıl sahəsini istifadəyə verəcək

“AzerGold” QSC 2021-ci ildə şirkətin geoloqları tərəfindən aşkar olunmuş “Ağyoxuş” və “Marax” sahələrini istifadəyə verməyə planlaşdırır. Bunu “AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, “Ağyoxuş” sahəsinin ehtiyat potensialı 40 min unsiya həcmində qiymətləndirilir. Hazırda layihə çərçivəsində hasilatın aparılması üçün mədənin dizaynı hazırlanır.
“Marax” sahəsindəki ilkin kəşfiyat işləri də müsbət nəticə verib. Hazırda sahənin qızıl potensialının dəqiqləşdirilməsi üçün əlavə kəşfiyyat işləri aparılır. Z.İbrahimov əlavə edib ki, Göygöl rayonunda yerləşən yatağın şimal hissəsində hasilatın başlanması üçün müvafiq kəşfiyyat, tədqiqat və layihələndirmə işləri davam edəcək. Həmin yatağın ehtiyat potensialı 500 min unsiya həcmində qiymətləndirilir.
2019-cu ildə Azərbaycanda qızıl hasilatı 2018-ci illə müqayisədə 21,3 faiz, gümüş hasilatı 33,2 faiz artıb. 2019-cu ildə 50 min unsiya qızıl istehsalı nəzərdə tutulsa da, ilin yekunlarına əsasən 55,2 min ton, yəni 10,4 faiz çox istehsal edilib. Eyni zamanda gümüş istehsalı da proqnozu 17,9 faiz üstələyib. Ötən il planlaşdırılan gümüş istehsalı 87,4 min nəzərdə tutulsa da, yekunda bu göstərici 103 min unsiya təşkil edib. Z.İbrahimov əlavə edib ki, 2019-cu ilin göstəriciləri Çovdar dağ-mədən kompleksinin fəaliyyəti dövründə qeydə alınan rekord göstəricilər olub.
Həyata keçirilmiş kəşfiyyat işləri nəticəsində “AzerGold” QSC-nin sahələrində qiymətli metalların ümumi ehtiyatları 20 dəfədən çox artıb. O bildirib ki, həmin ehtiyatların hasilatı və ixracı ölkə iqtisadiyyatına milyardlarla dolların daxil olmasını təmin edəcək. Z.İbrahimovun sözlərinə görə, bununla belə, qeyd olunan iri layihələrin reallaşdırılması üçün müvafiq maliyyə vəsaitləri lazımdır: “Həmin layihələrin işə salınması üçün həm yerli, həm də beynəlxalq maliyyə təşkilatlarından maliyyə cəlb etmək niyyətindəyik. Bu məqsədlə şirkətin nizamnamə kapitalı 2 milyon manatdan 37 milyon manatadək artırılacaq”.
“AzerGold” QSC 2024-cü ildə Çovdar yatağında yerüstü (sulfid) mərhələ çərçivəsində hasilatı işə salmağa planlaşdırır. Çovdar yatağında sulfid mərhələsi üzrə təsdiq olunmuş ehtiyatlar 350 min unsiya qızıl və 925 min unsiya gümüşə bərabərdir. Z.İbrahimovun sözlərinə görə, hazırda bu istiqamətdə əlavə qazma işləri başa çatdırılıb və indi ehtiyatların hasil olunmasının səmərəliliyi dəyərləndirilir. Bu ilin sonunadək sulfid mərhələsi üzrə ətraflı texniki-iqtisadi əsaslandırmanın hazırlanması gözlənilir.
AzerGold” Azərbaycan büdcəsini və qızıl ehtiyatını on milyonlarla dollar zənginləşdirib. 2019-cu ildə şirkət tərəfindən dövlət büdcəsində təxminən 13,5 milyon manat daxil olub. Z.İbrahimov bildirib ki, 2018-ci ildə bu məbləğ 12,64 milyon manata bərabər idi, beləliklə, ötən il büdcə daxilolmaları 843 min manat, yəni 6,7 faiz artıb. Bundan başqa, hasil olunan qiymətli metalların dünya bazarlarına ixracının təşkili, eləcə də Azərbaycan qızılı hesabına ölkənin qızıl ehtiyatlarının formalaşdırılması məqsədilə Dövlət Neft Fondu tərəfindən 57 min unsiya xalis qızıl satın alınıb ki, bu da ümumi satışın 95 faizini (təxminən 85 milyon dollar) təşkil edib.