Metronun “Xocəsən” deposuna gedən tunellər qazılıb İqtisadiyyat

Metronun “Xocəsən” deposuna gedən tunellər qazılıb

"Bakı Metropoliteni"ndə bənövşəyi xəttin “Avtovağzal” stansiyasını “Xocəsən” şərti adlı elektrik deposu ilə birləşdirən və uzunluğu 1182 metr olan ikinci tunelin qazıntısı da tamamlanıb. Metropolitendən bildirilib ki, “Xocəsən” deposuna aparan tunellərin qazıntısı ağır hidrogeoloji şəraitdə aparılıb. Tunellərə yaxın ərazilərdən dövlət əhəmiyyətli dəmiryol xətti, mühüm mühəndis kommunikasiya xətləri inşaat sahəsinin altından keçdiyi nəzərə alınaraq bütün inşaat dövründə gözlənilməz qəza vəziyyətlərinin qarşısının alınması məqsədilə xüsusi qabaqlayıcı tədbirlər görülüb. Tunellərin qazıntısına peşəkar inşaatçılar cəlb olunublar. Tikinti dövründə inşaat meydançasında xoşagəlməz hadisə qeydə alınmayıb. Sağ tunel kimi, diametri 5,5 olan sol tunelin qazıntısı da tamamlanaraq, “Avtovağzal” stansiya tunelinə birləşdirilib. Qeyd edək ki, 1112 metr uzunluğunda sağ tunelin qazıntı işləri 2018-ci ilin aprel ayında başa çatdırılıb.
Tunellərin qazma işi sipər qurğusu vasitəsilə yerinə yetirilib. "Herrenknecht" və "Robbins" tunelqazma kompleksləri ilə Bakı metropolitenində ən müasir mexaniki qazma üsulunun tətbiqinə 2011-ci ildə "Avtovağzal" stansiyasından başlanılaraq növbəti stansiyaların tikintisində davam etdirilib.
Beləliklə, Bənövşəyi xəttin elektrik deposuna aparan tunellərin inşasında həlledici mərhələ başlanır. İnşaatçılar bundan sonra tunellərin infrastrukturunu, yolun üstquruluş elementlərini qurmağa başlayacaqlar. Hazırda sağ tunel boyunca bu işlər tamamlanmaqdadır.
Onu da qeyd edək ki, hər iki tuneldə yollar dəmir-beton bloklar üzərində qurulur. Bu bloklar Bakı metropoliteninin müəssisəsində istehsal olunur. Bənövşəyi xəttin 2016-cı il aprelin 19-da “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının istifadəyə verilməsindən sonra xəttin Xocəsən qəsəbəsində yerləşən deposunda da inşaat işləri davam etdirilir. Metro inşaatının norma və qaydalarına uyğun olaraq istismar olunan hər xəttin öz deposu olmalıdır. Xəttin üçüncü stansiyası istismara verildikdən sonra qatarların bir yoldan digər yola keçərək, dönmə manevri təmin olunacaq. Bununla daha intensiv hərəkət qrafikinin tətbiqi ilə xətdə qatarların sayı da artırılmalıdır. Belə olduqda, qatarların baxış, qulluq və təmir işləri depo şəraitində aparılmalıdır. “Xocəsən” deposunun inşası 3 mərhələdə nəzərdə tutulub.