Əsassız pensiya işləri ləğvi olunub İqtisadiyyat

Əsassız pensiya işləri ləğvi olunub

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 449 mln. manat və ya 21% artaraq 2 mlrd. 558 mln. manat təşkil edib. Nazirlikdən verilən məlumata görə, fondun məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları keçən ilin eyni dövrünə nisbətən 434,3 mln. manat və ya 34,2% artaraq 1 mlrd. 703 mln. manat olub. Daxilolmalarla bağlı yarımillik proqnoz büdcə təşkilatları üzrə 110,1%, qeyri-büdcə sektoru üzrə 117,3% icra olunub. Pensiya təyinatının şəffaflaşdırılması, əsassız pensiya işlərinin ləğvi nəticəsində illik 238 mln. manata qənaət edilib.
Son 2 ildə əhaliyə ödənişlər 1,2 milyard manat artsa da, şəffaflığın təminatı və fəaliyyətin optimallaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində Fondun gəlirlərində transfertin payı son iki ildə 38%-dən 26%-ə enib. Bu ilin birinci yarımilində DSMF-nin fəaliyyətin optimallaşdırılması üçün aparılan islahatlar çərçivəsində fərdi uçotun və mühasibatlığın, sosial ödənişlərin mərkəzləşdirilməsi təmin edilib. Ötən dövrdə 85 mindən çox şəxsə məmur-vətəndaş təması olmadan, heç bir sənəd təqdim edilmədən, elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb, 324 min şəxsə isə e-arayış verilib.
2020-ci ilin 1 iyul tarixinə ölkəmizdə pensiyaçıların sayı 1 mln. 260 min nəfər təşkil edir. Onlardan 736,9 min nəfəri yaşa, 380,9 min nəfəri əlilliyə, 142,2 min nəfəri ailə başçısını itirməyə görə pensiya alanlardır. Bu ilin 6 ayında 2019-cu ilin eyni dövrünə nisbətən orta aylıq pensiya 27% artaraq 300 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 25,24% artaraq 330 manata yaxın olub. Yanvar-iyun aylarında pensiyaçılara ödənilən pensiya vəsaitlərinin məbləği isə 2019-cu ilin eyni dövrünə nisbətən 436,51 mln. manat (24,09%) çox olmaqla, 2 mlrd. 250 mln. manat təşkil edib.
2019-cu ilin əvvəlindən fəaliyyətə başlayan avtomatlaşdırılmış pensiya təyinatı sistemi ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiya hüququ yaranan şəxslərə heç bir quruma müracət etmədən və sənəd təqdim edilmədən, avtomatik şəkildə pensiya təyinatı aparmağa imkan verib. Ötən dövrdə bu e-sistem vasitəsilə 25,1 min nəfərə e-qaydada pensiya təyin olunub.