Türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başlayıb İqtisadiyyat

Türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başlayıb

“Azerspace-1” peykindən yayımlanan televiziya kanalları siyahısına yeni türk və qırğız kanalları əlavə olunub.

“Azərkosmos” ASC-dən AZƏRTAC-a bildirilib ki, ASC və Qırğızıstanın “Ayan TV” və “Super TV” kanalları arasında kommersiya müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, bu gündən etibarən “Ayan TV” və “Super TV” kanalları Mərkəzi Asiya ölkələrində “Azerspace-1” peyki vasitəsilə yayımlanır. Sözügedən kanallarda rus və qırğız dillərində Qırğızıstanın siyasi, sosial, iqtisadi və mədəniyyət proqramları nümayiş olunur.

“Ayan TV” və “Super TV” kanallarının yayım tezliyi: 11104/V/13000

Həmçinin Türkiyənin Avropada yayımlanan və çoxsaylı izləyiciləri olan “Euro 90 TV” kanalı “Azerspace-1” peykinin Avropa şüası üzərindən yayıma başlayıb. “Euro 90 TV” kanalında türk və ingilis dillərində Avropada, o cümlədən dünyada baş verən yeniliklər, sağlamlıq, əyləncə və siyasi mövzular barədə proqramlar yayımlanır.

“Euro 90 TV” kanalının yayım tezliyi: 11095/H/30000

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabrından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 metr ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb.