Qaza, neftə tələbat artacaq İqtisadiyyat

Qaza, neftə tələbat artacaq

Son günlərdə dünya bazarlarında neftin qiymətlərində artım müşahidə edilir. Hazırda “Brent” markalı neftin qiyməti 56 dollar ətrafındadır.
Beynəlxalq Enerji Agentliyinə görə, COVID-19-a yoluxmanın artması iqtisadi fəaliyyəti ləngitsə də, peyvədləmə prosesinin yayılması və iqtisadi canlanmanın ilin ikinci yarısında neft tələbatında artımı stimullaşdıracağı gözlənilir. Bəs, dünya bazarlarında neftin qiyməti 60-70 dollara qalxa bilərmi?
Xəzər Universitetinin professoru Fuat Rəsulov neftin qiymətinin yüksəlməsinə pessimist yanaşır: "Neftin bahalaşması mümkün deyil və qiymətin qalxması müvəqqəti xarakter daşıyır. Dünyada baş verən siyasi proseslər ilə bağlı müvəqqəti, qısamüddətli qiymət artımları ola bilər. Sonra yenə qiymət aşağı düşəcək. Səudiyyə Ərəbistanında yeni neft yataqları aşkar edilib. ABŞ və İran arasında danışıqlar davam edəcək və çox güman ki, İrana qarşı sanksiyalar yumşalacaq. İran da öz neftini bazara çıxarmağa başlayacaq. Müvəqqəti hadisələr fonunda il ərzində neftin qiyməti 45-55 dollar arasında qalacaq. Neftin qiyməti 70 dollara qalxa bilməz".
Onun sözlərinə görə, vaksinasiyadan sonra bir sıra ölkələrdə iqtisadiyyatın bir az dirçələcəyi və yanacağa, enerjiyə tələbatın artacağı ilə bağlı gözləntilər var: "Ancaq burada paralel proseslər gedir. Kifayət qədər çox ölkə elektriklə işləyən avtomobillər almağa, hibrid avtomobillər istehsal etməyə başlayıb.
Digər tərəfdən, məsələn, Avropa kömürdən imtina etmək istəyir. Bu, o deməkdir ki, qaza, neftə tələbat artacaq. Ancaq neft və neft məhsularının 70 faizi yanacaq kimi istifadə olunur. Bundan başqa, bütün ölkələrdə kifayət qədər neft ehtiyatları da var. Ona görə də pandemiyanın azalmasının bu sahəyə böyük təsiri olmayacaq".
Qazın qiymətinə gəlincə, professor deyib ki, qazın qiyməti qısa müddətdə xeyli bahalaşıb: "Çünki bizim əsas bazar Avropadır və sərt şaxtalar və s. ilə bağlı tələbat artıb. Ona görə də qazın qiyməti qalxıb. Biz Çinə, Asiya ölkələrinə qaz satmırıq. Lakin bu yaxınlarda Türkiyə və Yunanıstan Qara dənizdə öz ərazi sularında yataqlar aşkar ediblər. İndi bu ölkələr həmin yataqları işlətmək istəyirlər".
"Neftin mövcud qiymətləri Azərbaycan üçün çox sərfəlidir. Təklif və tələbdən çox şey asılıdır", - deyə o əlavə edib.