Azərbaycanlılar Rusiyadan axışarsa… İqtisadiyyat

Azərbaycanlılar Rusiyadan axışarsa…

Mixail Neyjmakov: "Azərbaycanlılar Rusiya bazarında kifayət qədər möhkəmləniblər"

Cavid

Vladimir Putinin son mətbuat konfransında verdiyi optimist bəyanatlara baxmayaraq Rusiya rublu hələ də təhlükədədir. Rublun, ölkə iqtisadiyyatının təhlükə ilə üzləşməsi Putin hakimiyyətinin də nüfuzunu aşağılamaqdadır. Rusiyada böhranlı vəziyyət bu ölkədə yaşayan azərbaycanlıların kütləvi şəkildə vətənə qayıtması və Rusiyadan Azərbaycana hər ay edilən nağd pul transfertlərinin həcminin kəskin azalmasına səbəb olub.
Onu da buldirək ki, Rusiyada azərbaycanlıya məxsus tərəvəz bazası bağlanılıb. Baza Yaroslavl şəhəridə yerləşib. Məhkəmə qərarı ilə iri tərəvəz bazasının işi 60 sutka dayandırılıb. Şəhərin Zavoljski rayonundakı bazanın sahibkarı dəfələrlə miqrasiya haqqında qanunvericiliyi pozub. Adı açıqlanmayan azərbaycanlı sahibkar dəfələrlə qanunu pozaraq qeyri-qanuni miqrantları işə cəlb edib. Həmin şəxs bir necə dəfə cərimələnib. Amma bunlardan heç bir nəticə çıxarmayıb və bazada qanunsuz miqrantların işi davam etdirilib. Bazanın qapısına möhür vurulub, sahibkara isə tez xarab olan məhsulları məhkəmə icraçısının iştirakı ilə çıxarmağa icazə verilib.
Əgər sahibkar bundan sonra da qanunlara riayət etməsə məhkəmə qərarı ilə 100 min rubl cərimələnə və ya iki ilə qədər azadlıqdan məhrum edilə bilər.
Şimal qonşumuz Rusiyada son vaxtlar həmyerlilərimizi narahat edən ən ciddi məsələ miqrantlar üçün ölkəyə giriş qadağasıdır. Rusiya Federal Miqrasiya Xidməti aralarında azərbaycanlıların da olduğu bir milyon əcnəbi vətəndaşı bu qara siyahıya salıb.
"Azərbaycandan bura mal gətirmək olmur. Bu "stop" məsələsini ortalığa qoyublar. Qeydiyyatda 5-10 gün gecikirsən sonra evə gedə bilmirsən. Gedəndə də dala qayıda bilmirsən. Ona görə bir ildi burdayam evə gedə bilmirəm", – deyə satıcı Mehriban Rüstəmova qeyd edir.
"Azərbaycanlıların çoxu indi deyir ki, getməyin Azərbaycana, çünki sonra geri buraxmırlar. Deportasiya edirlər. Bizim də çörəyimiz buradan çıxır. İndi bunları qoyub getmək və sonra bu qədər işi yenidən yaratmaq çox çətindir" – deyə sahibkar Elçin Nəcəfov vurğulayıb.
Moskvada ticarətlə məşğul olan həmvətənlərimizin bu şikayətləri artıq adi hal alıb. İndi Rusiyada çox az azərbaycanlı tapılar ki, dostları və əqrabaları arasında Rusiyaya girişi gadağan edilmiş kimsə olmasın. Rusiyaya girişin qadağa edilməsi səbəblərinə gəlincə isə bu qeydiyyatsız olaraq ölkədə qalmaqdan yol hərəkəti qaydalarını pozmağa qədər müxtəlifdir.
Federal Miqrasiya Xidmətinin şöbə müdiri Nadejda Varonina deyir ki, 2014-cü ildə Federal Miqrasiya Xidməti tərəfindən 550 min nəfər xarici vətəndaşa qarşı ölkəyə giriş qadağası tətbiq edilib: "Bu qərarlardan 36 mini Azərbaycan vətəndaşlarıyla bağlıdır. Onların deportasiya səbəblərinə gəlincə isə qanunda nəzərdə tutulan miqdardan çox ölkədə qeydiyyatsız qalma və iki dəfədən çox inzibati cəzaların olmasıdır".
"AzərRos" Cəmiyyətinin sədri Asif Məhərrəmov Rusiyaya giriş qadağasıyla bağlı problemin çox ciddi olduğunu qəbul etməklə yanaşı, bu məsələnin yaxın zamanda müsbət həllinə inanır.
Asif Məhərrəmovun sözlərinə görə, universitet tələbələri də bu məsələ ilə bağlı çətinliklərlə qarşılaşması xüsüsilə narahatçılıq doğurur: "Belə ki, yay tətilinə vətənə gedib bura qayıda bilməyən tələbələr var. Yoldaşı Azərbaycan vətəndaşı, özü isə Rusiya vətəndaşı olan bir çox ailə iki yerə parçalanmış vəziyyətdədir. Bütün bunlar Rusiya ilə Azərbaycan arasındakı bu günkü gözəl münasibətlərə heç yaraşmır. Ümid edirəm ki, bu məsələ hökumətlər arasında yaxında öz həllini tapacaq".
İnzibati huquq pozuntularına görə, Rusiyaya girişi qadağan edilən 990 min əcnəbi üç il boyunca bu ölkəyə gələ bilməyəcək. Rəsmi rəqəmlərə görə, bu gün Rusiyada 3 milyondan çox icazəsiz miqrant yaşayır.
Yeri gəlmişkən, Rusiyadan deportasiya edilmiş azərbaycanlılar azı 2025-ci ilə kimi bu ölkəyə qayıda bilməyəcəklər. Rusiyaya getməklə bağlı qanunları pozan şəxslər üçün amnistiyanın həmin ilə kimi başlanması gözlənilmir. Bu barədə Federal Miqrasiya Xidmətinin İnsan Haqları üzrə Prezident Şurasına göndərdiyi rəsmi məktubda deyilir. Federal xidmət onu da qeyd edib ki, xarici təcrübədə bu kimi addımların mənfi nəticələnib.
Federal Miqrasiya xidmətinin rəhbəri Konstantin Romodanovski qeyri-leqal miqrantlara qarşı amnistiya tətbiq etmək barədə qanunu məqsədəuyğun saymadığını dəfələrlə bəyan edib. Onun sözlərinə görə, 2007-2008-ci illərdə qanunsuz miqrantlara Miqrasiya xidmətinə gəlmək, cərimələrini ödəyərək yeni miqrasiya sənədi almaq təklif olunmuşdu. Ancaq təxminən 5 milyon insandan 2,2 min nəfəri gəlib.
Qanun Rusiya miqrasiya qanunvericiliyini pozan şəxslərin yenidən bu ölkəyə gəlmək qadağasının aradan qaldırılmasını nəzərdə tutur.
İqtisadçı Vüqar Bayramovun fikrincə, Rusiyada böhranın dərinləşəcəyi təqdirdə azərbaycanlıların geri dönəcək: "Rusiyada davam edən böhran daha da dərinləşməyə doğru gedərsə, bu, Azərbaycan vətəndaşlarının geriyə qayıtmasına səbəb ola bilər. SWIFT sistemi tətbiq olunsa, Rusiya məcbur olacaq ki, əmək miqrantlarına pulu nağd şəkildə ölkədən çıxarmasına şərait yaratsın. Çünki əks təqdirdə qazandıqları pulu ölkələrinə göndərə bilməyən miqrantların burada işləmək marağı olmayacaq. Hazırda oradakı miqrantların yarısı qazandıqları pulları ya nağd şəkildə, ya da banklar vasitəsilə ölkəyə gətirir. Bu qadağa tətbiq olunduqdan sonra isə miqrantların pulları nağd şəkildə gətirməsi prosesinə start veriləcək".
İqtisadçı SOCAR-ın Rusiyadakı əmlakını satmalı olduğunu deyib: "SWIFT sisteminin tətbiqi SOCAR-a da mənfi təsir göstərəcək. Azərbaycan Neft Fondunun valyuta ehtiyatlarının bir qismi rublla saxlanılır. Həmçinin Neft Fondu VTB bankında 2,9% səhmə sahibdir. Sözsüz ki, bu sistemin tətbiq edilməsi Rusiya banklarının səhmlərinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxaracaq. SOCAR Rusiyada mülkiyyətə sahibdir. Rusiyaya bir sıra sanksiyalar tətbiq edilməyə başlayan zaman təklif etdik ki, rublla saxlanılan ehtiyatlar dəyişdirilsin. Səbəb isə budur ki, sanksiyalar tətbiq edilən zaman rublun qiymətdən düşəcəyi öncədən proqnozlaşdırılmışdı. Eyni zamanda, Rusiyada olan əmlakın satılması məsələsinə baxmalıdır. Rusiya Avropa Birliyinə qarşılıqlı olaraq sanksiyaların ləğv edilməsini istəmişdi. Lakin Avropa Birliyinin bu sahədə fikri birmənalıdır. Yəni yalnız Krımdan rus qoşunları çıxarıldıqdan sonra sanksiyaların mərhələli azaldılması müzakirə edilə bilər. Bu isə o deməkdir ki, Rusiya iqtisadiyyatında problem dərinləşəcək. Ona görə də Rusiyada olan vəsaitin zamanında geri çəkilməsi prosesinə start verilməlidir".
Konstruktiv Siyasət Fondunun (KSF) direktoru Abdul Nağıyev bildirib ki, Rusiya iqtisadiyyatında baş verən sürətli dəyişikliklər azərbaycanlılar üçün yaxşı heç nə vəd etmir: "Rusiyada işləyən azərbaycanlıların çoxu hər ay evlərinə müəyyən məbləğdə pul göndərirlər. Onların gəlirləri rus rublu ilə mövcud idi. Rubl isə sürətlə ucuzlaşır və azərbaycanlılar evlərinə dolları yeni, baha kursla göndərirlər. Dollarla müqayisə etsək, demək olar ki, gəlirlər bütün Rusiya üzrə iki dəfədən çox azalıb. Əgər Rusiyada böhranlı vəziyyət davam etsə, onda azərbaycanlı miqrantların bu ölkədən kütləvi şəkildə evə dönüşünü müşahidə edə bilərik".
Beynəlxalq siyasət üzrə ekspert, Qlobalizasiya və Sosial Hərəkətlər İnstitutunun Beynəlxalq Siyasətin Analizi Mərkəzinin başçısı, ekspert Mixail Neyjmakov da vəziyyətin həddən artıq gərgin olduğu qənaətindədir. O, qeyd edib ki, Rusiya rublunun ucuzlaşması bu ölkədə qazanılan pulları xaricdə xərcləyən və ya qohumlarına göndərən bütün insanlara ağır zərbə vurur: "Bu nöqteyi-nəzərdən rublun devalvasiyası Rusiyada işləyən bir çox Azərbaycan vətəndaşlarına da mənfi təsir edəcək. Amma hələ ki, azərbaycanlıların kütləvi şəkildə ölkələrinə qayıdacağı və ya onların azərbaycanlılar üçün spesifik olan başqa ölkələrə, məsələn, Türkiyəyə gedəcəyi barədə qəti fikir söyləmək hələ tezdir. Azərbaycanlılar Rusiya bazarında kifayət qədər möhkəmləniblər və onların çoxu ölkədə iqtisadi mühitin yumşalacağını gözləyəcəklər".
Neyjmakov hesab edir ki, bəzi müşahidəçilərin "iqtisadi vəziyyətin pisləşməsi ölkədə millətçilik əhval-ruhiyyəsinin güclənməsinə səbəb olacaq, bu isə azərbaycanlılar üçün əlavə problemlər yarada bilər" fikirləri həqiqətə uyğun deyil: "Unutmaq olmaz ki, millətçilik bu dəfə rusların iqtisadi vəziyyətinin ağırlaşmasına səbəb olan ABŞ və Avropa Birliyinə və ya Ukraynaya qarşı yönələcək. Odur ki, azərbaycanlılara qarşı yönələcəyi barədə fikirlərin heç bir əsası yoxdur".