“TANAP layihəsi Azərbaycanın əldə etdiyi növbəti iqtisadi uğurdur” İqtisadiyyat

“TANAP layihəsi Azərbaycanın əldə etdiyi növbəti iqtisadi uğurdur”

Vüqar Rəhimzadə: "Bu layihənin işə düşməsi ölkəmizin qarşısında geniş imkanlar açacaq"

Pərviz Heydərov: "TANAP gah rentabelsiz, gah da bahalı layihə kimi dəyəndirilirdi"

Türkiyənin Qars şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan qazını Avropaya daşıyacaq Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin təməli qoyulub. Bəzi ekspertlərin fikrincə, bu layihə Azərbaycanın dünyadakı mövqeyini möhkəmləndirəcək.
"İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə söyləyib ki, TANAP layihəsi Azərbaycanın əldə etdiyi növbəti iqtisadi uğurdur və bu layihənin işə düşməsi ölkəmizin qarşısında geniş imkanlar açacaq.
Vüqar Rəhimzadə hesab edir ki, bu layihə bütövlükdə Azərbaycan xalqının qələbəsidir: "Bu layihə həm ölkəmizin dünya miqyasında önəminin daha da artmasına, həm iqtisadi gücünü artırmasına, həm də regionun lider dövləti olaraq mövqelərinin daha da güclənməsinə gətirib çıxaracaq. Bu layihə Azərbaycana öz qazını dünya bazarına çıxarmaq, həm də bundan böyük gəlir götürmək imkanı verəcək. Heç şübhəsiz TANAP layihəsinin işə düşməsi prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Məhz dövlət başçısının yürütdüyü siyasət Azərbaycanımızı azad, firavan, regionun lider, dünyanın isə önəmli ölkələrindən birinə çevirib. Türkiyənin Qars şəhərində keçirilən təməlqoyma mərasimi zamanı İlham Əliyevin "Bu layihənin təşəbbüskarı Azərbaycan olub. Ən böyük maliyyə yükünü də biz öz üzərimizə götürmüşük" fikri ölkəmizin bu layihəyə önəm verdiyini aydın şəkildə ortaya qoyur".
İqtisadçı ekspert Pərviz Heydərob isə deyib kli, TANAP Azərbaycanın Xəzər dənizi hissəsindəki "Şahdəniz" yatağından ikinci mərhələ üzrə çıxarılacaq qazın Avropaya çatdırılması üçün Türkiyənin Şərq hissəsindən - Gürcüstanla birləşən ərazisindən Qərb hissəsinə - Yunanıstanla sərhədlərinə qədər tranziti həyata keçirəcək: "Loru dildə desək, "Şahdəniz" qazını Avropa bazarına çıxaracaq müvafiq boru kəmərlərinin gövdəsi sayılacaq. Belə ki, Azərbaycan qazını Avropaya ötürəcək ümumi boru kəmərlərini ağaca bənzətsək Cənub Qaz Dəhlizi onun kökünü, TANAP gövdəsini, Trans Adriatik Qaz Boru Kəməri (TAP) isə əsas budağını təşkil edəcək. Cənub Qaz Dəhlizinin təməli məlum olduğu kimi keçən il - "Əsrin müqaviləsi"nin imzalanmasının düz 20 il tamam olması günündə - 2014-cü il sentyabrın 20-sində qoyuldu. Hazırda bu sahədə iş gedir.
Lakin "Şahdəniz-2" qazının 2018-ci ilin ikinci yarısından Türkiyəyə çatdırılacağı nəzərdə tutulduğundan TANAP-ın da tikintisinə start verilməli idi. Avropaya isə qaz 2020-ci ilin əvvəlində - TAP da tikilib istifadəyə verildikdən sonra çatacaq.
Sözümüz bunda deyil. Bu gün bütün hadisələr bir daha qəti şəkildə deməyə əsas verir ki, hər cür mənfi və qeyri-nikbin söyləntilərə rəğmən, Azərbaycan qazı dünyaya çıxacaq".
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin təməlinin atılması TANAP üçün "qapını açdı". Sonuncunun gerçəkləşməsi isə istər-istəməz TAP-ı qaçılmaz edəcək. Beləliklə də "Şahdəniz-2" qazı nəzərdə tutulduğu vaxtda Avropa bazarına çıxacaq ki, yox, əgər, TANAP yalnız söhbət mövzusu olaraq qalardısa, bütün bunlar baş tutmayacaqdı: "Bəlkə də elə bu səbəbdən idi ki, "Şahdəniz-2" yatağından çıxarılacaq qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri sırasında ən çox mübahisə doğuranı ortancıl idi. Və Azərbaycan qazını Avropa bazarında görmək istəməyənlər məhz onu şübhə altına almışdılar. Belə ki, TANAP gah rentabelsiz, gah da bahalı layihə kimi dəyəndirilirdi ki, Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov da bu günlərdə deyib ki, sözügedən kəmərlər Azərbaycandan başlayaraq Gürcüstandan, daha sonra isə Türkiyədən keçməli və Avropayadək çəkilməli olduğundan Bosfor boğazının dibi ilə boru kəməri inşa edilməlidir. "Bu, texniki baxımdan çox çətindir. Maliyyə baxımından isə çox bahadır" – deyə, V.Çijov vurğulayıb. Ancaq əvvəl də buna oxşar fikirlər söylənilmişdi. Ümumiyyətlə, Rusiya mütəxəssislərinin Azərbaycan qazının Avropa üçün yalnız "kabab bişirməyə" kifayət edəcəyi haqda söylədikləri xatırlansa kifayətdir".
Ekspert əlavə edib ki, bununla belə, Cənubi Qaz dəhlizi, TANAP və TAP Avropanın Cənub-Şərq hissəsini yetərincə qızdıra biləcək. Ölkəmizin strateji məqsədi də heç də bütün Avropanı isitmək deyil. Sadəcə, bazarda potensial enerji daşıyıcıları sırasında mövqe qazansaq kifayətdir: "Digər tərəfdən, Türkiyə TANAP layihəsində Azərbaycandan daha maraqlıdır. Və bu, Bakının təşəbbüsü ilə ortaya atılsa da Ankara üçün çox gərəklidir. Odur ki, adı çəkilən ölkənin Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldızın sözügedən layihəni Türkiyənin enerji təhlükəsizliyi üçün əhəmiyyətli fürsət olduğunu deməsi təsadüfi deyil.
Çünki Türkiyənin təkcə tranzit deyil, həm də istehlakçı ölkədir və onun özünün də qaz idxalı sahəsində diversifikasiya üçün çalışdığı nəzərdən qaçırılmalı deyil. Bu arada Rusiya prezidenti Vladimir Putinin keçən ilin sonunda Türkiyəyə səfəri zamanı "Cənub axını" layihəsindən imtina etməsini xatırlamaq yerinə düşür. Həmin layihənin gündəlikdən çıxması Azərbaycan üçün sevindirici oldu. O baxımdan ki, bu layihə ölkəmizin Avropanın qaz bazarına iddiaları qarşısında ən böyük "baryer" sayılırdı. "Cənub axını" layihəsi tikilib istifadəyə verilərdisə rus qazı həcm və qiymət baxımından bizimkindən üstün olduğundan Azərbaycan üçün ciddi alternativ olacaqdı".

Əli