“3500 kilometr uzunluğunda boru kəmərləri sistemi qurulur” İqtisadiyyat

“3500 kilometr uzunluğunda boru kəmərləri sistemi qurulur”

Rövnəq Abdullayev: "TANAP-ın ötürücülük qabiliyyətinin iki dəfəyədək artırılması imkanları nəzərə alınıb"

Azərbaycanda hasil olunan enerji daşıyıcıları Gürcüstan üzərindən Qara və Aralıq dənizlərinin limanlarına nəql olunur və artıq qlobal enerji təchizatı sisteminin vacib amilinə çevrilib. "APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev B-20 Azərbaycan Regional Məsləhətləşmə Forumunda çıxışı zamanı bildirib.
"Qısa müddətdə yaratdığımız neft-qaz kəmərləri Azərbaycanla birlikdə Türkmənistan və Qazaxıstan neftinin də dünya bazarına nəql edilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan bu gün öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, Gürcüstan və Türkiyənin enerji təminatına böyük töhfə verir. Eləcə də Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi istiqamətində ciddi addımlar atırıq. Azərbaycan, Gürcüstan və Türkiyə arasında yaranmış sıx birlik, sağlam qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birgə həyata keçirdiyimiz layihələrin də qarşıdakı illərdə uğurla başa çatacağına ən mühüm təminatdır".
R. Abdullayev deyib ki, hazırda beynəlxalq enerji daşıyıcıları bazarındakı qeyri-sabitliyə baxmayaraq, bu iş davam etdirilir. "Zəngin ehtiyatlara malik "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsi çərçivəsində hasil olunacaq qaz resurslarının Türkiyə və Avropaya çatdırılması məqsədi ilə ümumilikdə 3500 kilometr uzunluğunda boru kəmərləri sistemi qurulur. Bu sistemin birinci seqmenti "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsi, yatağın qazını Gürcüstan və Türkiyəyə nəql edən Cənubi Qafqaz qaz boru kəməri isə sistemin ikinci seqmentidir. Biz bu kəməri genişləndirir, faktiki olaraq ona paralel ikinci bir boru kəməri inşa edirik. Cənubi Qafqaz boru kəməri Gürcüstan-Türkiyə sərhəddində TANAP-la birləşəcək. TANAP-ın uzunluğu 1830 kilometr, ötürücülük qabiliyyəti ilk dövrdə 16 milyard kubmetr təşkil edəcək. Sonradan bu həcmin iki dəfəyədək artırılması imkanları da nəzərə alınıb. Birinci mərhələdə TANAP-la Türkiyəyə ildə 6 milyard, Avropa ölkələrinə isə 10 milyard kubmetr qaz tədarük ediləcək. Lakin biz kəmərin çəkilişində fəaliyyətimizi gələcəyə hesablayırıq. Düşünürük ki, vaxt keçdikcə, TANAP-ın əhəmiyyəti daha da artacaq. Cənub Qaz Dəhlizinin dördüncü seqmenti Türkiyənin Yunanıstanla sərhədində TANAP-a bağlanacaq TAP kəməri olacaq. Uzunluğu 871 kilometr təşkil edəcək bu kəmər Yunanıstan və Albaniya üzərindən keçərək Azərbaycan qazını Adriatik dənizinin dibi ilə İtaliyaya, oradan da Qərbi Avropaya nəql edəcək. İlk qazın Türkiyəyə 2018-ci, Avropaya isə 2020-ci ildə çatdırılması nəzərdə tutulur. Bu gün beynəlxalq birlik Cənub Qaz Dəhlizinə böyük maraq göstərir. Əminik ki, Azərbaycanın indiyə qədər həyata keçirdiyi bütün infrastruktur layihələri kimi, Cənub Qaz Dəhlizi də bu layihəyə maraq göstərən ölkələrin iqtisadi inkişafına böyük töhfə verəcək", - deyə SOCAR prezidenti qeyd edib.