Mərkəzi Bankın valyuta ehtiyatları artıb İqtisadiyyat

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Ölkənin 50 milyard dollardan artıq ehtiyat pulu var

Tərlan

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2014-cü ilin fevralın 1-nə 14,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin fevralın 1-nə nisbətən 2,255 milyard dollar və ya 18,9% çoxdur. Bankdan verilən məlumata görə, o cümlədən bu ilin yanvar ayında AMB-nin rəsmi valyuta ehtiyatları 67,3 mln. dollar və ya 0,5% artıb. 2012-ci ildə artım orta hesabla ayda 101 mln. dollar, ötən il isə həmin göstərici 204,8 mln. dollara yaxın olub.
Hazırda Azərbaycanın 50 milyard dollar valyuta ehtiyatları var. Bura Mərkəzi bankın 14 milyard dolları ilə yanaşı Heft Fonduna yığılan 36 milyard dollar daxildir.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2014-cü il üçün büdcəsinin layihəsində gəlirlər 11,624 mlrd. manat (14,819 mlrd. ABŞ dolları), xərclər isə 11,626 mlrd. manat (14,821 mlrd. dollar) həcmində proqnozlaşdırılır. Bu vəsaitin 300 mln. manatı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə xərclənməsi təklif olunur. Bu il Bakı-Tbilisi- Qars dəmir yolu layihəsinin icrasına daha 132 mln. manatın ayralıması nəzərdə tutulur. ARDNF-in 2014-cü il üçün büdcə layihəsində həmçinin 285 mln. manatın yeni neft-kimya kompleksinin inşası, 33,7 mln. manatın təhsil sahəsinə ayrılması planlaşdırılır. Trans-Anadolu boru kəmərinin (TANAP) inşası layihəsinin maliyyələşdirilməsinə isə gələn il 800 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub.
Bu il Heft Fondunun xərclərinin gəlirlərindən çox olacağı bir dövrdə dünya bazarında "qara qızıl"ın qiyməti 110 dollardır, Azərbaycanda neft hasilatı və ixracı isə azalır. 2013-cü ildə Azərbaycanda neft hasilatı 43,2 mln. ton, təbii qaz hasilatı isə 28,8 mlrd. kubmetr səviyyəsində olub. Azərbaycan hökuməti 2014-cü ildə neftin dünya bazarındakı qiymətləri və onun ölkə iqtisadiyyatına təsiri ilə bağlı maksimum ehtiyatlı siyasət yürüdür. Ölkənin dövlət büdcəsinin gəlirləri isə birbaşa neftin dünya bazarındakı qiymətindən asılıdır.
ARDHF-də hesab edirlər ki, hazırda Avropada yaşanan maliyyə böhranı fonunda əsas məqsəd pul qazanmaq deyil, əldə etdiyi valyuta ehtiyatlarını qoruyub stabil saxlamaqdır. Fondun rəhbəri Şahmar Mövsümovun sözlərinə görə, indiyədək ARDNF bir dəfə də olsun belə vəsait itkisi ilə üzləşməyib və hətta qlobal maliyyə böhranı dövründə fond az da olsa, gəlir əldə edib: "Bu gün ən vacib məsələ qazanmaq deyil - əldə olunan vəsaiti qoruyub saxlamaqdır ki, bunun da öhdəsindən Fond asanlıqla gəlir". ARDNF-in valyuta ehtiyatları 50%-i ABŞ dollarında, 40%-i avroda, 5%-i ingilis funt sterlinqində, qalan 5%-i isə digər valyutalarda (Avstraliya dolları, Rusiya rublu və türk lirəsi) saxlanılır.