“Ermənistanla da münasibətlərimizi inkişaf etdirmək istərdik” Müsahibə

“Ermənistanla da münasibətlərimizi inkişaf etdirmək istərdik”

Professor Yasin Aktay: "Amma bunun üçün Ermənistanın üzərinə düşən bəzi vəzifələri yerinə yetirməsi, hər şeydən əvvəl işğal etdiyi Dağlıq Qarabağdan çıxması lazımdır. Ora Azərbaycan torpağıdır"


Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici məsələlərə cavabdeh müavini, Siirt millət vəkili, professor Yasin Aktayın APA-ya müsahibəsini təqdim edirik.

- Türkiyənin separatçı terrora qarşı apardığı qərarlı əməliyyatlar ölkədə və xaricdə geniş əks-səda yaradıb. Proseslərlə bağlı fikirlərinizi öyrənə bilərikmi?
- Terror və terror təşkilatlarına qarşı mübarizədə Türkiyə ən təbii haqqından istifadə etməkdədir. Bildiyiniz kimi, keçən dönəmdə Ak Parti iqtidarı ölkədə sülhün və əmin-amanlığın bərqərar olması məqsədiylə "Çözüm sürəci", "Milli birlik və bərabərlik sürəci" kimi adlarla yadda qalan prosesləri başlatmışdı. Ölkədə insanlar ölməsin deyə, bir mənada baldıran zəhərini içməkdən belə çəkinməmişdi. Digər tərəfdən, əli qanlı terror təşkilatı sülh atmosferinin yaranması üçün heç nə etmədi. Baxın, bir "Sülh prosesi" olması üçün tərəflərin bu prosesi dəstəkləmələri, məsuliyyət daşımaları və riskə girmələri lazımdır. Dövlət bu riskə girərkən terror təşkilatı silah buraxmaq yerinə silahlanmanı daha da artırdı, bölgədəki əhalinin iradəsi üzərinə ipoteka qoymağa çalışdı. İnsanlar şantaj və təhdidlə müxtəlif formalarda terror təşkilatına yardım etmə məcburiyyətində qoyuldu. Prosesin davam edə bilməsi üçün ordu hərbi əməliyyatları dayandırdığı halda terror təşkilatı ekskavatorları, traktorları, yük maşınlarını yandırmağa, hidroelektrik stansiyalarına, yol tikintisi meydançalarına basqın etməyə, işçiləri qaçırmağa davam etdi. Dövlət vaxt verər, amma qulaqardına vurmaz. Bu proseslərə həmişəlik qeydsiz-şərtsiz qalınacağı düşünülə bilməzdi. Ona görə də dövlət milli və beynəlxalq hüquqdan irəli gələn leqal haqlarından istifadə edərək öz vətəndaşlarının haqlarını PKK və digər terror təşkilatlarından müdafiə etməkdədir. Bu əməliyyatları tələb edən də vətəndaşlar, bölgədəki insanların özləridir. Artıq bölgədəki insanlarda azadlıq və təhlükəsizlik arasındakı o nazik xəttin terror təşkilatı tərəfindən tapdandığına dair fikir hasil olmağa başlayıb. Ona görə də bu əməliyyatların bölgədəki insanların tələbi olduğu da bilinməlidir.
- İki həftə əvvəl prezident Ərdoğanın ABŞ prezidenti Obama ilə telefon danışığından sonra Türkiyə öz cənub sərhədində yerləşən terror təşkilatlarına qarşı qərarlı mübarizə örnəyi nümayiş etdirdi. Bundan sonrakı dönəmdə mübarizə hansı çərçivədə davam etdiriləcək?
- Türkiyənin terror təşkilatlarına qarşı mövqeyi açıq-aşkar və qətidir, 2 həftə əvvəl dəyişməyib. Bütün dünya dərin yuxuya daldığı vaxtlarda Türkiyə DAEŞ (İŞİD - red.) deyilən təşkilatı terror təşkilatı elan edən ilk ölkələrdən olub. Türkiyə sərhədlərini və vətəndaşlarını, beynəlxalq sülhü və əmin-amanlığı, beynəlxalq sazişləri təhdid edən hər bir təşkilata qarşı daşıdığı məsuliyyətin dünən fərqində olduğu kimi, bu gün də fərqindədir, sabah da fərqində olacaqdır.
- Bir neçə gün əvvəl Qətərin paytaxtı Dohada Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və Qətər xarici işlər nazirlərinin toplantısında DAEŞ terroruna qarşı mübarizədə "Suriya, İraq, qonşu ölkələr və kürd quru qüvvələrinin əməkdaşlıq etməsinə" dair Rusiyanın təklifi qəbul edilmədi. Bu məsələ ilə bağlı nə demək istərdiniz?
- "Quru qüvvələri" deyəndə kimi nəzərdə tuturlar? Bununla, PKK-nın əlaltısı olan HPG və ona bağlı olan təşkilatlar və ya MLKP kimi qeyri-qanuni təşkilatlar nəzərdə tutulursa, Türkiyənin bunu qəbul etməsi necə gözlənilə bilər? Bu qədər dumanlı məfhumlar üzərindən dumanlı bir hədəfə qarşı necə mübarizə aparıla bilər? Əgər iddialar doğrudursa, Rusiyanın təklifində Suriya rejimiylə əməkdaşlıq edilməsi nəzərdə tutulmaqdadır. Belə bir məsuliyyətsizlik ola bilərmi? Öz vətəndaşı olan 100 minlərlə insanı öldürən, milyonlarla insanı ev-eşiyindən didərgin salan, mülki əhaliyə qarşı bioloji və kimyəvi silahdan istifadə etməkdən çəkinməyən, leqallığını itirmiş terrorçu bir dövlət belə bir təşəbbüsə necə şərik ola bilər? Bölgədə meydana çıxan DAEŞ kimi terror təşkilatları Əsəd rejiminin məsuliyyətsizcə törətdiyi savaş suçlarının və bəşəriyyətə qarşı suçların bir nəticəsi olduğu halda, Suriya rejiminin yapqıdlarına leqallıq qazandırmaq istəyən heç bir təşəbbüs qəbul edilə bilməz. Bu, siyasi baxımdan da, insanlıq dəyərləri baxımından da qəbul edilə biləcək bir hal deyil.
- Separatçı terror təşkilatı PKK-nın Türkiyəni Azərbaycanın Naxçıvan Muxtar Respublikasına bağlayan Iğdır bölgəsində həyata keçirdiyi aksiyalardan sonra terror təşkilatının "Iğdır-Kars-Ardahan xəttində kanton bölgə yaratma iddiasında olduğuna" dair şərhlər verilir...
- Terror təşkilatı ilə üz-üzəyik. Ölkənin müxtəlif yerlərində həyata keçirdikləri bəzi aksiyalarla bir təsəvvür yaratma cəhdində olan terror təşkilatından söhbət gedir. Bu aksiyalara qarşı Türkiyənin təhlükəsizlik qüvvələri qərarlı şəkildə əməliyyatlar aparmaqdadır. Kanton və ya ona bənzər bir durumun olmasından söhbət gedə bilməz. Bu vəziyyətə Türkiyənin və bölgənin sosioloji şərtləri də uyğun deyil. Açığını deyim ki, bu cür xəyal məhsulu olan məsələlər barədə danışmağı da çox məqsədəuyğun saymıram.
- Türkiyə Böyük Millət Məclisindən maaş alan bəzi millət vəkilləri Qərbdəki erməni təşkilatlarıyla görüşərək, "Türkiyənin gələcəyində ermənilərlə əməkdaşlığı" gündəliyə gətirirlər. Buna sizin reaksiyanız necədir?
- Hər şeydən əvvəl, bunu demək istəyirəm: Türkiyə demokratik ölkədir. Yəni, müxalifəti var, ana müxalifəti var, iqtidarı var, digər partiyalar var. Partiyamıza mənsub millət vəkilləri kimi, biz bu düşüncəyə sahibik və bunun təqibçisiyik. Digər partiyaların millət vəkillərinə qarışa bilmərik və onların davranışlarına görə, məsuliyyət daşıya bilmərik. Türkiyə bütün qonşularıyla münasibətlərini inkişaf etdirmək, mehriban münasibətlər içində olmaq istəyən bir ölkədir. Ermənistanla da münasibətlərimizi inkişaf etdirmək istərdik, amma bunun üçün Ermənistanın üzərinə düşən bəzi vəzifələri yerinə yetirməsi, hər şeydən əvvəl işğal etdiyi Dağlıq Qarabağdan çıxması lazımdır. Ora Azərbaycan torpağıdır. Üstündən əsrlər keçsə də, bu həqiqəti dəyişdirə bilməzlər. Bölgədə o biri ölkələrlə sülh şəraitində yaşamaq istəyirlərsə, Dağlıq Qarabağdan çıxmaq məcburiyyətindədirlər. İkincisi, artıq tarixdə qalmış bir məsələ olan 1915-ci il hadisələrinə istinad edərək Türkiyəni diplomatik şəkildə çətin vəziyyətdə qoyma xəyalıyla yaratdıqları düşmənçilik siyasətindən vaz keçməlidirlər. Bu, tarixə aid olan və tarixçilərin məşğul olması lazım olan məsələdir. Ermənilər öz tarixlərini Nemessisə yazdırmağa davam etdikləri müddətcə qarşılıqlı etimad və əməkdaşlıq təməlində münasibətlər yaradıb inkişaf etdirməyimiz çox çətin olacaq. Ancaq əgər Ermənistan bu məsələlərdə addım atarsa, Türkiyə də addım atacaq. Düşmənçiliyi deyil, dostluğu ön plana çıxaran bir dünyagörüşünə sahibik. Ancaq bu, avam olmağımız mənasını daşımır.