“İstənilən komanda sürpriz edə bilər” Müsahibə

“İstənilən komanda sürpriz edə bilər”

Daniel Subaşiç :"Qarabağ" zəif komanda deyil"


UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Fransanın "Monako" klubunun və sentyabrın 3-də Avro-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Xorvatiya yığmasının qapıçısı Daniel Subaşiçin "Qafqazinfo"ya müsahibəsi

- Avropa Liqasının qrup mərhələsində İngiltərənin "Tottenhem", Belçikanın "Anderlext" və "Qarabağ"la eyni qrupda yer almısız. Püşkatmanı sizin üçün uğurlu saymaq olar?
- Püşkatmanı normal sayıram. Maraqlı qrupa düşmüşük. Əlbəttə ki, "Tottenhem" çox güclü rəqibdir. "Anderlext" da pis komanda deyil. "Qarabağ"a gəlincə, Azərbaycan millisi eyni qrupda olduğumuz üçün bu komandanı tanıyıram. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində də oyunlarını görmüşdüm. Fikrimcə, zəif komanda deyil.
- "Monako" və "Tottenhem"i indidən favorit saya bilərik?
- Müasir futbolda favorit anlayışı o qədər də yaxşı deyil. Çünki istənilən komanda sürpriz edə bilər. "Monako"nun heyətində gənc futbolçular çoxdur. Düzdü, ulduzlar da var. Amma gənclər üstünlük təşkil edir. Biz yaxşı futbol oynayırıq. İnanıram ki, çətin qrupdan yaxşı nəticə ilə ayrılacağıq.
- Azərbaycan futbolu haqqında nə bilirsiz?
- Milli komandanız haqqında bilirəm. Amma belə ümumi çempionat və ya klublarınız haqqında məlumatım yoxdur. Qeyd etdiyim ki, bir "Qarabağ" haqqında məlumata malikəm.
- İndi isə milli komandalar haqqında. Sentyabrın 3-də Avro-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaqsız. Matç haqqında fikirləriniz necədir?
- İlk görüşdə sizin millinizə 6:0 hesabı ilə qalib gəlmişdik. Amma indi bu cür asan olmayacağını düşünürəm. Berti Foqtsun gedişindən sonra Azərbaycan yığması həqiqətən yaxşı oyun nümayiş etdirir. Seçmə mərhələnin son 2 matçındakı nəticələr buna sübutdur.
- Amma Xorvatiya millisi aşkar favoritdir...
- Bununla razıyam. Çünki biz seçmə mərhələyə çox yaxşı start verdik. Tskli birinci yerdə başa vurmaq üçün bizim şanslarımız çox yüksəkdir. Ona görə də Azərbaycanla oyuna çox ciddi hazırlaşırıq. Növbəti matçda qələbə qazanmağa çalışacağıq. Asan olmasa da, bunu etməliyik.
- Millinizin baş məşqçisi Niko Kovaç bildirib ki, Robert Prosineçki Xorvatiya yığmasını yaxşı tanıdığı üçün Azərbaycana qalib gəlmək asan olmayacaq...
- Razıyam. Çox çətin olacaq. Prosineçki əla insan və yaxşı məşqçidir. O, Xorvatiya millisini də əla tanıyır. Ona görə də asan olmayacaq. Amma Azərbaycan yığması Prosineçki ilə birlikdə uğur qazana bilər. Mən də Prosineçkiyə uğurlar arzu edirəm, amma Xorvatiya ilə oyundan sonra.