“Türkiyənin İŞİD-ə qarşı öz hava məkanından istifadəyə icazə verməsi də, Türkiyədə terror aksiyaların başlanmasına səbəb oldu” Müsahibə

“Türkiyənin İŞİD-ə qarşı öz hava məkanından istifadəyə icazə verməsi də, Türkiyədə terror aksiyaların başlanmasına səbəb oldu”

Ərəstun Oruclu: "Mümkündür ki, PKK-nın arxasında duranlar Türkiyəni bu mövqeyindən çəkindirmək istəyirlər"

Bu gün dünyada vəziyyət gərgindir və bu gərginlik bölgəyə də təsirsiz ötüşmür. Türkiyədə baş verən terror hadisələri, eyni zamanda Azərbaycanın cəbhə xəttində gərginlik müəyyən suallar doğurur. "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu dünyada və regionda baş verən siyasi proseslər barədə danışaraq bu məsələlərə aydınlıq gətirməyə çalışıb.
- Ərəstun bəy, məlum olduğu kimi cəbhə xəttində uzun müddətdir gərginlik davam edir. Digər yandan Azərbaycanda ehtiyatda olan hərbçilərin təlimlərə cəlb olunması prosesi başlanıb, həmçinin Rusiya Ermənistana yeni silahlar alması üçün 200 milyon dollarlıq güzəştli kredit ayırdı. Fikrinizcə, bunlar müharibəyə səbəb ola bilərmi, ümumiyyətlə ikinci müharibə üçün zəmin varmı?

- Əslində bunlar müharibəyə səbəb olacaq yox, müharibə təhlükəsindən qaynaqlanan addımlardır. Bu addımları Azərbaycan tərəfi atıb. Çünki, Rusiya Ermənistana silah alması üçün 200 milyon dollarlıq kredit verdi. Bu əvvəl bir məlumat kimi ictimaiyyətə çatdırıldı. Lavrovun Bakı səfərindən dərhal sonra Sərkisyan Moskvaya dəvət olunur və bu niyyət faktiki olaraq rəsmiləşdirilir. Təbii ki, bunların arxasında müəyyən məqsədlər var. Kreml artıq Ermənistan vasitəsilə Azərbaycanı təhdidə keçib. Ermənistanı da əvvəlcə sərhəd bölgəsində, qoşunların təmas xəttinə yaxın ərazilərdə təlimlərə başlamağa sövq edir, bundan sonra silah alması üçün 200 milyon dollar verir. Yəni Azərbaycan tərəfinin səfərbərlik elan etməsi bunlarla bağlıdır. Müharibə xaosu həmişə olub. Nə qədər işğal altındakı torpaqlar azad olunmayıb, nə qədər münaqişənin həlliylə bağlı aparılan danışıqlarda müvafiq anlaşma yoxdur, müharibə təhlükəsi həmişə olacaq və var.
- Bəs, Dağlıq Qarabağ münaqişəsi hansı şərtlər daxilində həll oluna bilər? Yəni, həll prosesi hansı yoldan keçir?

-İlk növbədə Dağlıq Qarabağ ermənilərinin Azərbaycana iqtisadi inteqrasiyası olmalıdır. Azərbaycan 10 ilə yaxın müddətdə kifayət qədər böyük gəlirlər əldə edib. Bu halda Azərbaycan və Ermənistan iqtisadi və sosial baxımdan heç bir müqayisəyə getməməlidir və Azərbaycan öz siyasətində özünün saydığı ərazilərdə - Dağlıq Qarabağda yaşayan insanları iqtisadi əməkdaşlığa cəlb edə bilər. Bu da münaqişənin həlli üçün ən yumşaq model ola bilər. Baxmayaraq ki, bu uzunmüddətli olacaq. Amma risk dərəcəsi hərblə müqayisədə aşağıdır. Əslində bu sülh prosesi olacaq ki, bunu da bütün dünya dəstəkləyəcək. Amma bu baş vermir. Nəticə olaraq, münaqişə həll olunmamış qalır. Təbii ki, münaqişənin həll olunmamasında da Dağlıq Qarabağ amilindən geosiyasi alət kimi istifadə edən Rusiya məsuliyyət daşıyır. Rusiya həm Ermənistana, həm də Dağlıq Qarabağdakı separatçı rejimə himayədarlıq edir. Bütün bu illər ərzində Rusiya münaqişənin həll olunmasını istəməyib.
- Bəzi siyasi analitik və media qurumlarının isə belə iddiaları var: "Azərbaycan Avrasiya İttifaqına üzv olacağı halda, Rusiya Ermənistanı Dağlıq Qarabağı geri qaytarmağa məcbur edəcək". Bu tezisdə məntiq varmı?

- Çox məntiqsiz iddiadır. Rusiya heç bir halda Dağlıq Qarabağı Azərbaycana qaytarmayacaq. Dağlıq Qarabağın taleyi Azərbaycanın Avrasiya İttifaqı, yaxud Gömrük İttifaqına üzv olub-olmamasından asılı deyil. Dağlıq Qarabağın taleyi, Rusiyanın bölgədə təsirinin zəifləməsindən asılı ola bilər. Bir də Rusiyanın daxili işlərinə başı o qədər qarışmalıdır ki, Cənubi Qafqaza xüsusi diqqət ayıra bilməsin, bu halda Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün olacaq. Beləliklə, Ermənistan və Azərbaycan beynəlxalq qurumların vasitəsilə münaqişənin həllinə nail ola bilərlər.
- Başqa bir məsələyə diqqət edək. Bəllidir ki, PKK-nı vaxtilə Rusiya yaradıb. Müəyyən dövrlərdə terror təşkilatı ilə əlaqələrini qoruyub saxladı. Lakin sonradan təşkilatın Qərbin tabeliyinə keçdiyi iddia olunsa da, indiki şəraitdə PKK-nın məhz Qərbin iradəsilə yenidən terror aksiyalarına başlaması inandırıcı görünmür. Bəs, indi Türkiyədə PKK-nın həyata keçirdiyi terror aksiyalarında Rusiyanın rolu varmı? Nəzərə alaq ki, PKK-nın regionda hədəf aldığı əsas iqtisadi obyektlərdən biri də, Rusiyanın maraqlarına uyğun gəlməyən enerji xətləridir.

- Ehtimal etmək olar. Amma heç vaxt hansısa dövləti əldə heç bir əsas olmadan nədəsə ittiham etmək olmaz. Dolayısı ilə PKK-nın hədəfə aldığı layihələr və kommunikasiyalar Rusiyanın maraqlarına ziddir. Digər tərəfdən Türkiyənin xarici siyasət kursunda əvvəlki dönəmlərdən fərqli olaraq, kifayət qədər aydın konturlar müəyyənləşib. Türkiyə NATO dövlətlərini İŞİD-ə qarşı əməliyyat aparmaları üçün öz ərazisinə buraxdı. "İslam Dövləti"nə qarşı öz hava məkanından istifadəyə icazə verməsi də, Türkiyədə terror aksiyaların başlanmasına səbəb oldu. Mümkündür ki, PKK-nın arxasında duranlar Türkiyəni bu mövqeyindən çəkindirmək istəyirlər. Bu da heç vaxt mümkün olmayacaq. Çünki, Türkiyə NATO dövlətidir. İndiki halda Rusiya ilə əməkdaşlıq Türkiyəyə heç bir divident gətirə bilməz.
- Yəni, Türkiyənin İŞİD-in Suriya və İraqdakı mövqelərinə qarşı hərbi əməliyyatlara başlaması qərarı ilə PKK-nın aktivləşməsi arasında bir bağlantı var. Məsələn, bu kürdlərin gələcəkdə dövlət olmaq planlarını əngəlləyən faktor sayıla bilər.

- Birmənalı əlaqəlidir. PKK-nın fəaliyyəti də buna sinxron olaraq başladı. Çünki, Türkiyə İŞİD-ə qarşı cəbhə açmaq fikrində deyildi, yəni özünü hədəfə çevirmək istəmirdi. Digər tərəfdən Türkiyə İŞİD-lə mübarizə aparırsa, bunun üçün Suriyaya daxil olmalı idi ki, bu həm Rusiyanı, həm Əsəd rejimini, həm İranı, həm də bəzi ərəb dövlətlərini qıcıqlandıra bilərdi. Ona görə də Türkiyə bu münaqişə ilə arasında müəyyən məsafə saxlayırdı. Lakin, sonradan bu prosesə qoşulmağa məcbur oldu. Qoşulmaq istəyən kimi də PKK tərəfindən hədəfə alındı. Halbuki Türkiyənin İŞİD-ə qarşı mübarizəsi Kobani, yaxud İraqın Şimalında yaşayan kürd əhalisinin İŞİD terrorçularından müdafiəsi demək idi. Bu halda PKK Türkiyəni hədəfə almamalıydı, amma bunun tam əksi oldu.
- Yaxın Şərqdə davam edən Suriya və İŞİD böhranı, PKK – Türkiyə qarşıdurması, Ukraynadakı separatizm, Cənubi Qafqazda davam edən müharibə xaosu, Moldova – Rusiya əlaqələrinin yenidən gərilməsi kimi proseslər dünyanı hansı məcraya yönəldə bilər?

- Dünyada yeni geosiyasi düzən formalaşır. Tarixə nəzər salsaq görərik ki, son 100 ildə dünyanın siyasi düzəni üç dəfə dəyişib. Bunun hər üçü qarşıdurmalar, savaşlar və qeyri-sabitliklərlə müşaiyət olunub. İki dəyişim prosesində Birinci və İkinci Dünya Müharibələri baş verdi. Üçüncü daha az ağrılı oldu. Bu 1991-ci ildə SSRİ-nin dağılması idi. Proses hələ də davam edir. Düşünürəm ki, ağrılı məqamlar çox olacaq. Amma bu təbii prosesdir və davam edəcək, geriyə yol yoxdur.