“Ömrümdə elə ajiotaj görməmişdim” Müsahibə

“Ömrümdə elə ajiotaj görməmişdim”

Mahir Məmmədov: "Limitlə bağlı dəyişiklik edilməsinə bu dəqiqə ehtiyac görmürəm"



AFFA-nın İcraiyyə Komitəsinin (İK) üzvü Mahir Məmmədovun apasport.az saytına müsahibəsi



- İcraiyyə Komitəsinin növbəti iclasının nə vaxt keçirilməsi nəzərdə tutulub və toplantıda hansı məsələlər müzakirə ediləcək?

- Assosiasiyanın baş katibi Elxan Məmmədov bu məsələləri gündəlikdə saxlayır və reqlamentdə necə nəzərdə tutulubsa, hər şeyi vaxtında edir. Hansı məsələlər gündəlikdə varsa, o barədə bizə qısa məlumat göndərir. Tanış oluruq və İcraiyyə Komitəsinin iclasına hazırlıqlı gedirik.


- Limit məsələsi ilə bağlı məşqçilər bir qədər şikayətlənirlər. Bu məsələdə dəyişiklik nəzərdə tutulubmu?

- Bu elə bir məsələdi ki, bütün ölkələrdə, xüsusilə də keçmiş Sovet ölkələrində həmişə gündəlikdədi. Bilirsiz, Rusiyada limitlə bağlı il ərzində 2 dəfə dəyişiklik edildi. Bununla bağlı ideal bir formula olmasa da, UEFA və FİFA-nın bu barədə tövsiyəsi var. Biz daxili reqlamenti təxminən ona uyğunlaşdırmışıq. Limitlə bağlı dəyişiklik edilməsinə bu dəqiqə ehtiyac görmürəm.



- Azərbaycan çempionatında hər komandada start heyətində 21 yaşadək 1 futbolçu oynayır. Gələcəkdə bu rəqəm 2 ola bilərmi?

- Bu barədə bizdə çoxlu diskussiyalar olub. Bu gün üçün bunun müsbət və mənfi cəhətlərini araşdırmışdıq. Məncə, o rəqəmi artırmaq məsələsinə gələcəkdə baxa bilərik. Bu yöndə fikirlər var.



- Dünən yəqin ki, "Qarabağ"ın "Anderlext"lə görüşünə stadiondan baxdınız...

- Bəli. Baxdıq, çox sevindik. Bilirsiz ki, bu günlərdə Bakıda şahmat üzrə Dünya Kuboku keçirilir. Bu turnirdə iştirak edən xarici qonaqların çoxunu "Qarabağ"ın oyununa apardıq. Biz istəyirik ki, "Qarabağ" sözü ilə Azərbaycan tam bir vəhdətdə olsun. Hamı görsün, hiss etsin, bilsin, bunun Azərbaycan azarkeşləri üçün vacibliyini yerində hiss etsin.



- Qonaqlarınızın "Qarabağ"la bağlı fikri necə oldu?

- Bilirsiz oyuna necə baxırdılar... Bir saniyə belə, diqqətlərini matçdan ayırmırdılar. Biz hətta öz aramızda söhbət edir, başımızı ora-bura döndərirdiksə, qonaqların bütün diqqəti oyunda idi. Bizdən artıq sevinirdilər. Özü də sevinməkləri çox səmimi idi. Görürdülər ki, stadionda necə münasibət var və "Qarabağ" artıq Azərbaycanın ən sevimli klubuna çevrilib.



- "Qarabağ"ın "Anderlext"ə qalib gələcəyini gözləyirdizmi?

- Gözləyirdim. Bəziləri deyirdilər ki, "Neftçi" bu komandaya vaxtilə 0:5 hesabı ilə uduzub. Birincisi, o oyun 10 il əvvəl olub. İkincisi, həmin vaxtla müqayisədə bizim klub futbolumuz xeyli inkişaf edib. Üçüncüsü də, "Qarabağ" "ölüm qrupu"na düşəndə belə, bilirdim ki, komandamız qrupdan sağ çıxmaq üçün əlindən gələni edəcək.



- Avropa Liqasındakı digər təmsilçimiz, dünən "Krasnodar"a uduzan "Qəbələ" barədə fikirləriniz necədi?

- Hesab 1:1 idi, sonda qol buraxıb, uduzdular. Düzdü, ilk turlar "Qəbələ" üçün bir balaca uğursuz olub, ancaq bundan sonra təmsilçimiz xalları yığa biləcək.



- İlk turlardakı nəticələrə əsasən, "Qarabağ" və "Qəbələ"nin qrupdan çıxmaq şansı nə qədərdi?

- Məncə, hər ikisinin şansı bərabərdi. "Qarabağ"ın düşdüyü qrup daha çətindi. Açığı, Qurban Qurbanovun komandası evdə 3 qələbə qazana bilsə, artıq qrupdan çıxmış olacaq. Hətta 2 qələbə və 2 heç-heçə olsa, 8 xalla da o biri mərhələyə çıxmaq mümkündü. Axırıncı oyun da göstərdi ki, "Qarabağ"ın şansı var.



- Artıq diqqətlər milli komandaya yönələcək. Yığmamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda İtaliya, 3 gün sonra isə səfərdə Bolqarıstan yığması ilə qarşılaşacaq. Bu oyunlarda hansı nəticəyə ümid edirsiz və baş məşqçi Robert Prosineçkinin bu vaxta qədərki işini necə qiymətləndirirsiz?

- Tək mən yox, çoxları Prosineçkinin işinə müsbət münasibət bəsləyir. Onun rəhbərliyi altında rəsmi oyunlarda hələ məğlubiyyətimiz yoxdu. Bundan əlavə, biz oyunçularımızda cəsarət, ürəklə oynamalarını görürük. 60-cı dəqiqədən sonra yorğunluq əvvəlki kimi nəzərə çarpmır. Bilirsiz də, bizim futbolçuların böyük problemi idi ki, fiziki cəhətdən sona qədər "çatdırmırdılar". Prosineçkinin dəsti-xətti, məşqçi üslubu artıq göz qabağındadı. Mən onun bu günə qədərki işini çox müsbət qiymətləndirirəm. O ki qaldı oyunlara, İtaliya ilə səfərdəki görüşümüzün necə nəticələndiyini bilirsiz. Həmin matçda uduzmaya da bilərdik. Məncə, Prosineçkinin həm uğuru, həm də oyun səviyyəsini nəzərə alsaq, seçmə mərhələnin son görüşlərindən uduzmamış çıxa bilərik.



- Yeri gəlmişkən, yığmamız ilk dəfə ev oyununu Bakı Olimpiya Stadionunda keçirəcək...

- Bu bizim üçün böyük məsuliyyətdi. Hamımız oyunda olmalıyıq. Azarkeşlər yığmamızı dəstəkləməlidilər. Yadımdadı, 2002-ci ildə Azərbaycan İtaliya ilə qarşılaşanda, Tofiq Bəhramov adına Respublika stadionunda necə ajiotaj var idi. Mən o oyuna qədər ömrümdə elə ajiotaj görməmişdim. İndi də 5 ulduz stadionumuz var, biz mütləq oranı doldurmalıyıq. Stadionun yeni rəhbərliyi olacaq. Arenanın gələcəkdə məhsuldar çalışması, əsasən də millimizi dəstəkləmək üçün hamımız stadiona getməliyik.