“Vəziyyət elədi ki, sponsor axtarmağına dəyməz” Müsahibə

“Vəziyyət elədi ki, sponsor axtarmağına dəyməz”

Ramin Musayev: "Elə məşqçi var ki, rəhbərlik deməmiş dəyişiklik etmir"


Dünən Azərbaycan kubokunun yeni mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, püşkatmadan öncə Peşəkar Futbol Liqasının prezindeti Ramin Musayev fikirlərini bölüşüb. O, komandalara uğur arzulamaqla yanaşı, rəhbərlik etdiyi qurum tərəfindən oyunların ədalətli keçməsi üçün lazım olan şəraitin yaradılacağını bildirib. Daha sonra Musayev jurnalistlərin suallarını cavablandırıb.



- Ölkə kubokuna sponsor tapdız?

- Vəziyyət elədi ki, sponsor axtarmağına dəyməz.



- Bəs kubok oyunları hansı kanal vasitəsilə canlı yayımlanacaq?

- Oyunları CBC Sport yayımlayacaq. Çünki həm klublar, həm də azarkeşlər ölkə çempionatının yayım səviyyəsindən razılıq edirlər.



- Ötən mövsüm I divizionun bir neçə oyunu canlı yayımlandı. Bu mövsüm bunun şahidi olacağıq?

- Nə yatdıq ki, nə də yuxu görək. Çempionat yeni başlayıb. I divizionun oyunları da canlı yayımlanacaq.



- CBC Sport böyük layihələrə qoşulub. Həmin layihələri reallaşdırmaq isə böyük məbləğlər tələb edir. Necə düşünürsüz, kanal bunu sona qədər həyata keçirə biləcək?

- Arzu edək ki, sona qədər gedəcək. Əvvəllər deyirdim ki, bizim çempionatın oyunları digər ölkələrdəki matçlardan elə də geri qalmır, mənə gülürdüz. Keyfiyyətli yayım dediyimi təsdiqlədi. CBC Sport gələcəkdə reklam bazarından gəlir əldə edəcək. Onların söz verdikləri işləri sona qədər çatdıracaqlarına inanıram.



- "İnter" – "Qarabağ"oyununda təyin edilən penaltinin qəsdən vurulmaması çox müzakirə olundu. Bunu siz necə qarşıladız?

- Orda penalti var idi. Bununla belə, Qurban Qurbanovun hərəkətini müsbət qiymətləndirirəm. Həmin epizodu bir qrup hakimlə izlədik. Yarısı referinin haqlı, bir hissəsi isə haqsız olduğunu dedi. Bu hərəkət Qurbanın insanlığıdı, yekəxanalığı deyil. Onunla ailəvi dostuq. Uşaqları mənə baba deyir. Amma bunun işə dəxli yoxdu. Bu, feyr-pley nümunəsi idi.

"Neftçi" "Bakı" ilə oynayan zaman da penalti təyin edilmişdi. Həmin oyunu 7 kamera çəkmişdi. 6 rakusdan verilən görüntüdə hakimin yanlış qərar verdiyi görünürdü. Amma sonuncu çəkilişə baxdıq, hər şey dəqiqliyi ilə görünürdü. Qapıçının əlini çəkdiyini, oyunçunun özünü yerə atdığını gördük. Fariz Yusifov da "Qarabağ" – "Neftçi" oyunu zamanı verdiyi penalti ilə bağlı dedi ki, futbolçu rəqibini çəkirdi, mən necə penalti verməyim?

Bu cür vəziyyətlər bizim üçün də xoş deyil. Əgər həmin səhvlər bilərəkdən edilsəydi, o qərarı verən hakim birdəfəlik yarışlardan uzaqlaşdırılardı və geriyə dönüşü olmazdı.

Bu gün 2 klubumuz Avropa Liqsının qrup mərhələsində çıxış edir. Onların bu uğurunda hakimlərimizin ədalətli idarəçiliyinin də rolu az deyil. Haqq-ədalət olmasaydı, bu nəticələr də olmazdı.



- Bu cür halların dəb halının almasından çəkinmirsiniz? Gələcəkdə hakimlərə qarşı inamsızlıq yaranmayacaq?

- Qurban yaxşı futbolçu, həm də məşqçidi. O, eyni zamanda din adamıdı. Hər zaman haqqın tərəfindədi. Hakim kimi, məşqçi də səhv edə bilər. Futbolçu boş qapıya qol vura bilmir, bilərəkdən qırmızı vərəqə alır, səhlənkarlıq üzündən zədələnir, bunları müzakirə etmirik, hər zaman referilərdən yapışırıq. Halbuki daha ciddi problemlər var. Bizim millət də haylı-küylü şeyləri xoşlayır. Klublarımızda problemlər çoxdu, köməyə ehtiyacı olanları var. Elə məşqçi var ki, onun futbolçunu dəyişmək hüququ belə yoxdu, gərək rəhbərlik desin sonra. Bax, bunları yazmaq, qabartmaq lazımdı.


- Stadionlara niyə az azarkeş gəlir?

- "Azərbaycanda futbola maraq azdı" fikri ilə razı deyiləm. "Qarabağ"ın azarkeş problemi yoxdu. Yeni stadiona xeyli tamaşaçı toplaşmışdı. Gəncədə, Lənkəranda hər zaman stadiona çoxsaylı azarkeş gəlir. "Qarabağ"ın Avrokubok oyunları zamanı stadion dolur. Niyə? Çünki bilir ki, maraqlı oyun izləyəcək. AFFA prezidenti Rövnəq Abdullayev klublara təklif etmişdi ki, adları yerləşdikləri bölgələrə uyğun seçsinlər. "Bakı" Biləcəridə yerləşir. Klubun adı "Biləcəri" olsaydı, daha çox azarkeş stadiona gələrdi. AZAL Şüvəlana köçəndən tamaşaçı sayında da artım var. Eyni zamanda klublar azarkeşlərlə işləməlidi. Fanatları incitmək olmaz. Klubda işlədiyim vaxt onlarla tez-tez görüşlərimiz olurdu. Bu gün eşidirəm ki, "Qarabağ"ın bir qrup azarkeşi onlardan inciyib. Buna yol vermək olmaz.