Məktəbli niyə telefondan ayrıla bilmir? Qadağa çıxış yoludurmu? Müsahibə

Məktəbli niyə telefondan ayrıla bilmir? Qadağa çıxış yoludurmu?

Yeni tədris ilinin başlanması ilə valideynləri düşündürən məsələlərdən biri də uşaqların telefon və sosial şəbəkələrdən həddindən artıq istifadəsidir. Dərsdən sonra saatlarla telefonda vaxt keçirən, cihaz əlindən alındıqda əsəbiləşən, hətta yemək və yuxu zamanı belə ekrandan ayrılmaq istəməyən uşaqların sayı az deyil. Bəs bu davranış sadəcə müasir həyat tərzinin nəticəsidir, yoxsa artıq psixoloji problemə çevrilə bilər? Telefonu tamamilə qadağan etmək çıxış yoludurmu?
Bu barədə psixoloq, “Sense terapi” mərkəzinin direktoru Fatimə Süleymanlı ilə söhbətləşdik.
– Uşaqların telefondan ayrılmaq istəməməsinin əsas səbəbi nədir?
– Telefon uşaq üçün artıq yalnız ünsiyyət vasitəsi deyil. Oyun, sosial şəbəkə, video, musiqi, dostlarla əlaqə – bütün bunlar bir cihazın içindədir. Üstəlik, sosial şəbəkələrdə yeni bildirişlər, bəyənmələr və davamlı dəyişən məzmun uşağın diqqətini yenidən ekrana qaytarır. Xüsusilə yeniyetməlik dövründə yaşıdları tərəfindən qəbul olunmaq və qrupdan geri qalmamaq ehtiyacı güclənir. Buna görə də telefonun əlindən alınmasını uşaq bəzən sadəcə cihazın deyil, sosial mühitinin əlindən alınması kimi qəbul edir.
– Bəs valideyn telefonu tamamilə qadağan etməlidirmi?
– Sərt və qəfil qadağa çox vaxt arzu olunan nəticəni vermir. Əksinə, uşaqda müqaviməti artırır və telefondan gizli istifadə etməyə səbəb ola bilər. Məqsəd uşağı texnologiyadan tamamilə uzaqlaşdırmaq deyil, ondan sağlam istifadə vərdişi yaratmaq olmalıdır. Bunun üçün ailədə konkret qaydalar müəyyənləşdirilə bilər: məsələn, dərs hazırlayarkən, ailə süfrəsində və yatmazdan müəyyən müddət əvvəl telefondan istifadə edilməməsi. Əsas məsələ odur ki, bu qaydalar yalnız uşağa tətbiq edilməsin. Valideyn özü bütün axşam telefona baxırsa, uşağa “telefonu kənara qoy” deməsi inandırıcı görünməyəcək.
– Hansı əlamətlər valideyni narahat etməlidir?
– Telefon uşağın gündəlik həyatını pozmağa başlayırsa, buna diqqət yetirmək lazımdır. Dərs göstəricilərinin kəskin aşağı düşməsi, yuxu rejiminin pozulması, əvvəl sevdiyi fəaliyyətlərdən uzaqlaşması, dostları və ailəsi ilə real ünsiyyətin azalması, telefon əlindən alınanda həddindən artıq aqressiv reaksiya verməsi xəbərdaredici əlamətlər ola bilər. Burada yalnız ekranda neçə saat keçirməsinə deyil, həmin istifadənin uşağın həyatına necə təsir etdiyinə baxmaq daha doğrudur.
– Valideyn nə edə bilər?
– İlk növbədə qadağadan əvvəl dialoq qurmaq lazımdır. Uşaqdan telefonda nə etdiyini, hansı oyunları oynadığını, hansı platformalardan istifadə etdiyini soruşmaq və onun rəqəmsal dünyasına maraq göstərmək vacibdir. Eyni zamanda, telefona alternativ real fəaliyyətlər yaradılmalıdır. İdman, ailəvi gəzinti, dostlarla görüş, hobbi və birgə fəaliyyətlər uşağın bütün boş vaxtının ekranla doldurulmasının qarşısını ala bilər. Telefonla mübarizə aparmaq əvəzinə, uşağa telefondan kənarda da maraqlı həyat qurmağa kömək etmək daha sağlam yanaşmadır.
Röya İsrafilova