Qadın əməyi və real mənzərə: statistik rəqəmlərin arxasındakı həqiqət Müsahibə

Qadın əməyi və real mənzərə: statistik rəqəmlərin arxasındakı həqiqət

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə müsahibə verən iqtisadçı ekspert Günay Hüseynova Azərbaycan qadınının əmək bazarındakı real vəziyyətini, qarşılaşdığı görünən və görünməyən maneələri, eləcə də cəmiyyətin təfəkküründə dəyişməsi vacib olan stereotipləri təhlil edir.
— Azərbaycanda qadınların əmək bazarında iştirakını və mövcud imkanlarını necə qiymətləndirirsiniz? Qadınların işə çıxışı qarşısında bu gün əsas maneələr nələrdir?
— Statistik məlumatlara əsasən, Azərbaycan qadınlarının əmək bazarında aktivliyi yüksəlib. Burada əsas məqam isə odur ki, aktivlik hansı sahələrdə yüksəlib və ya aktivliyin yüksəlməsi ilə paralel olaraq əməkhaqqı artıbmı? Əsas məsələ işlə təmin olunma deyil; əlbəttə ki, ilk növbədə öz sahəsi üzrə çalışmaq və çalışdığı sahəyə iqtisadi mənfəət verməklə əlaqədardır. Əsas maneələrdən biri, ilk növbədə, onların ailə üzvlərinin yaratdığı maneçilikdir. Bundan əlavə, iş sahibi tərəfindən tələb olunan əlaqəsiz peşəkarlıq şərtləridir.
— Qadınların işə qəbul zamanı cinsinə, yaşına, ailə vəziyyətinə və ya övladının olub-olmamasına görə fərqli münasibətlə qarşılaşması nə dərəcədə aktual problemdir?
— Bu mövzu günümüzdə xüsusilə aktualdır. Hətta qeyd olunanlara əlavələrim də var: başıqapalı olması, kilolu olması, baxımlı olmaması da süni maneələr arasındadır. Əgər şəxs tələb olunan şərtləri ödəyirsə, həmin işi görə biləcəksə, qeyd olunanlar sahibkar üçün önəmli olmamalıdır. Ailəli şəxslərin uşaq və ailə ilə bağlı yükləri daha çox olur, əlbəttə ki. Sahibkar düşünür ki, analıq məzuniyyəti məsələsi və ya övladı ilə bağlı hansısa hal olduqda tez-tez icazə alınması narahatlıq yarada bilər. Təbii ki, insanlıq halıdır, bu kimi hallar ola bilər. Cəmiyyətdə ailə və uşaqla bağlı problemlərdə əsas yük qadının üzərinə düşdüyü üçün, əksərən kişilərdən yox, qadınlardan soruşurlar işə qəbul zamanı ailəli olub-olmamasını.
— Qadın və kişi arasında əməkhaqqı fərqinin yaranmasına hansı amillər təsir edir? Azərbaycanda bu istiqamətdə real fərqlər müşahidə olunurmu?
— Qadın və kişi arasındakı əməkhaqqı fərqi məsələsinə gəldikdə, orta statistik əməkhaqqı kişilərdə 1000 manatın üzərində, qadınlarda isə bu rəqəm 1000 manatın altındadır. Əsas səbəb isə eyni işə görə daha çox ödənilən məbləğ fərqi deyil. Daha ağır sahələrdə — neft, dağ-mədən sənayesi kimi sahələrdə əksərən kişilər işləyir. Onların yüksek əməkhaqqısı orta statistik qiymətlərə təsir göstərir.
— Karyera yüksəlişi baxımından qadınların qarşısında hansı çətinliklər dayanır? Rəhbər vəzifələrdə qadınların sayının artırılması üçün hansı mexanizmlərə ehtiyac var?
— Karyera yüksəlişi baxımından çətinliklərə gəldikdə isə ölkəmizdə elə bir problem və ya çətinlik yoxdur. Tamamilə şəxsin bilik və bacarıqlarına görədir. Şərqdə qadına ilk seçki hüququ verən dövlətik. Milli Məclisdə, digər dövlət qurumlarında kifayət qədər çalışan qadınlar var.
— Ailə və iş həyatının uzlaşdırılması qadınların əmək bazarında qalmasına nə dərəcədə təsir edir? Xüsusilə azyaşlı uşaqları olan analar hansı problemlərlə üzləşirlər?
— Ailə və iş həyatının uzlaşdırılmasının qadınların əmək bazarında qalmasına nə dərəcədə təsirinə gəldikdə isə: bu təsirin nisbəti əvvəlki illərlə müqayisədə azalıb. Yəni əvvəlki illərdə Azərbaycan qadını üçün ailə ön planda idisə, son illərdə iş həyatı ön plandadır.
Azyaşlı uşaqları olan anaların problemi, ilk növbədə - əksər ailələrdə olduğu kimi - ailə qadağaları ilə əlaqədardır. İkinci bir məsələ odur ki, əsasən azyaşlı uşaqları olan qadın məcburiyyət qarşısında əmək fəaliyyətinə başlayır. Yəni kişinin qazancı ailənin xərclərini qarşılamadıqda uşaq bağçaya verilir, ailə üzvlərindən kimsə baxır, ən yaxşı halda isə dayə baxır.
— Məzuniyyətdən, xüsusilə analıq məzuniyyətindən qayıdan qadınların əvvəlki iş yerlərinə və vəzifələrinə qayıtması ilə bağlı hansı problemlər mövcuddur?
— Analıq məzuniyyətindən qadınların işə qayıtması məsələsində özəl və dövlət sektorunda kəskin fərq var. Dövlət sektorunda öz əvvəlki işinə qaytarılması mümkün olsa da, özəldə isə bu, mümkünsüz olur.
— Qadınların qeyri-formal məşğulluğa yönəlməsinin əsas səbəbləri nələrdir və bu vəziyyət onların əmək hüquqlarına və sosial təminatlarına necə təsir göstərir?
— Qeyri-formal məşğulluğa yönəlmə, ilk növbədə, şəxsin öz seçimidir. Təbii ki, bu, onun öz əmək hüquqlarına da təsir göstərir. Dəfələrlə mətbuat vasitəsilə maarifləndirmə məqsədli açıqlamalar etsək də, bu kimi hallar hələ də mövcuddur.
— Qadınların əmək bazarında imkanlarının genişləndirilməsi üçün dövlət, işəgötürənlər və cəmiyyət hansı konkret addımları atmalıdır? Sizcə, ən çox hansı istiqamətə diqqət yetirilməlidir?
— Əmək bazarında imkanların genişləndirilməsindən öncə bərabərlik prinsipləri qorunmalıdır. Bu gün Azərbaycan cəmiyyətində aşağı, bəyənilməyən işlərdə təkcə qadınlar işləməli deyil. Digər xarici ölkələrdə, məsələn, ümumi ictimaiyyət üçün nəzərdə tutulan ayaqyolunu əsasən kişilər təmizləyir, özəl və dövlət sektorunda xadimə kişilər işləyir. Bundan əlavə, yol süpürüb qarda-qışda buz təmizləyən, duz səpən kişilər, restoran və kafelərdə qab yuyan kişilər çalışır.
Ümumiyyətlə, cəmiyyətin təfəkkürünü dəyişməliyik. Məsələn, hansısa orta-aşağı iş olduqda dərhal "qadın işidir" ağla gəlməməlidir.

Günel Elxan