“Qarabağla bağlı çıxışlarımı efirə vermirdilər” Müsahibə

“Qarabağla bağlı çıxışlarımı efirə vermirdilər”

Araz Hümbətli "Vətən hər şeydən üstündür"

"Fransada yaşayan ermənilər azərbaycanlı olduğum üçün mənə paxıllıq edirdilər. Onlar yarışmada qalib gəlməyimi istəmirdilər. Çalışırdılar ki, müsabiqəni tezliklə tərk edim. Ermənilər sosial şəbəkələrdə də mənə qarşı çirkin kampaniya aparırdılar".
Bunu AzVision-a müsahibəsində Fransanın TF1 telekanalında yayımlanan məşhur "The Voice" ("O səs") yarışmasının azərbaycanlı iştirakçısı Araz Hümbətli deyib.
Gənc müğənni müsahibəsində yarışmadan çıxmasının səbəbi, erməni diasporunun apardığı çirkin kampaniyalar və fransızların Azərbaycana qarşı münasibəti haqda sualları cavablandırıb.

-Araz bəy, müsabiqəni tərk etməyinizə səbəb nə oldu? İstərdik bu barədə danışasınız.

- Sonuncu ifada güclü müğənni ilə səhnəni bölüşdüm. İfa edəcəyim mahnı pop janrında idi. Bizə təqdim olunan mahnı sözün açığı, heç xoşuma gəlməmişdi. Bu janrda mən nadir hallarda ifa edirəm. Əlimdən gəldiyə qədər yaxşı oxumağa çalışdım. Məncə, ifamız hər kəsin xoşuna gəldi.

- Müsabiqə zamanı qarşı münsiflər heyəti, yaxud təşkilatçıların sizə münasibəti necə idi?

- Müsabiqə zamanı çalışırdım Azərbaycanı Fransada təbliğ edim. Musiqilərimizi, zəngin mədəniyyətimizi onlara çatdırım. Bəzən ölkəmizlə bağlı çıxışlarımı kəsirdilər. Müsahibələrim efirə ixtisarla verilirdi.
Qeyd edim ki, Alim Qasımov və Vaqif Mustafazadənin albom və disklərini Azərbaycandan Fransaya gətirmişdim. Fransızlar onların ifalarını çox bəyənirdilər.

- Yarışmada özünüzü azərbaycanlı kimi təqdim edənlər ilk reaksiya necə idi?

- Fransaya yeni gələndə cibimdə Azərbaycanın xəritəsini gəzdirirdim. İnsanlar haradan olduğumu soruşanda fəxrlə Azərbaycanlı olduğumu deyirəm. Təəssüflər olsun ki, sadə fransızların çoxu Azərbaycanı tanımır. Onlar Azərbaycanı Əfqanıstan və Pakistanla səhv salırdılar. Belə insanlara mən xəritədə ölkəmizi göstərirdim. Hətta bayrağımızı da təqdim edirdim ki, onlar Azərbaycanı tanısınlar. İlk dəfə Fransa səhnəsinə azərbaycanlı ifaçı kimi əlimdə tarla çıxmışdım. Tamaşaçılara tar qəribə gəlirdi, onlar onun nə olduğunu soruşurdular.

-Bir qədər öncə qeyd etdiniz ki, müsahibələriniz çox zaman kəsilirdi. Hansı məqamlar efirə verilmirdi? Buna səbəb kimi nə göstərilirdi.

-Verilinin formatına uyğun olaraq 2 dəqiqə ərzində oxumalı, 4 dəqiqə isə özüm haqda danışmalıydım. Mən bir qədər çox danışdığım üçün fikirlərim montaj zamanı kəsilirdi. Təəssüflər olsun ki, muğam və milli mahnılarımızla, Qarabağla bağlı fikirlərim efirə verilmirdi, sözümü kəsirdilər. Bəlkə də mənim fikirlərim onların xoşlarına gəlmədiyi üçün bunu edirdilər.

-Nəzərə alsaq ki, Fransada erməni lobbisi güclü təsir imkanlarına malikdir, sizin yarışmadan çıxmağınıza onların hər hansı təsiri ola bilərmi?

-Sözsüz ki, ermənilər həmin yarışmada qalib olmağımı istəməzdilər. Onlar çox vaxt mənə paxıllıq edirdilər. Buna səbəb azərbaycanlı olmağım idi. Fransada Azərbaycan musiqisini təbliğ etməyim erməniləri qıcıqlandırırdı. Mən oxuyanda onlar sanki şoka düşürdülər.

Cəbhədəki son döyüşlərdən sonra ermənilər bizə qarşı aqresivləşiblər. Onlar sosial şəbəkələrdə informasiya müharibəsi aparırlar. Biz də onların yerindəcə cavablarını verib, işğalçı olduqlarını fransızlara deyirik.

Bir dəfə Fransada məşhur yaradıcılıq muzeyinə getmişdim. Birdən gözümə sataşdı ki, bizim tar və kamançanın üzərinə "erməni xalqının milli musiqi aləti" yazılıb. Şoka düşdüm. Həmin vaxt ürəyim partlayırdı. Muzeyin rəhbərinə yaxınlaşıb tar və kamançanın Azərbaycana məxsus olduğunu bildirdim. Həmin şəxs musiqi alətlərinin ermənilərə məxsus olduğunu deyirdi. Mən tarla ifa etdiyim görüntüləri göstərdikdən sonra onlar məndən səhvə yol verdiklərini etiraf etdilər. Bir həftədən sonra həmin muzeyə baş çəkəndə tar və kamançanın üzərində Azərbaycana məxsus olduğu qeyd olunmuşdu.

Qeyd edim ki, Fransada erməni diasporası çox güclüdür, hətta istənilən məsələyə təsir edə bilir. Yarışmanın ilk günündə səhnəyə tarla çıxanda ermənilər qəzəblənmişdilər. Ermənilər sosial şəbəkələrdə mənimlə bağlı xoşagəlməyən fikirlər səsləndirirdilər. Onlara yazığım gəlir.

- "O Səs Fransa" layihəsindən çıxarılmağınıza səbəb nə idi?

-Mən layihənin direktoru ilə danışdım. Həmin adam ifalarımı bəyəndiyini dedi. Mən səhnədə çox sərbəst idim. Bəlkə də budur səbəb. Layihənin müəyyən formatı var. Hamı bu formata uyğun rol oynamalı, danışmalıdır. Mən isə digərlərindən fərqli olaraq səhnədə azad idim. Müsiflər bəlkə də bizdən qorxdular. Bəlkə də erməni diasporasının da çıxmağıma təsiri olub. Bu baxımdan Fransada azərbaycanlı kimi tanınmaq o qədər də asan məsələ deyil.
Fransada Azərbaycan deyiləndə ilk öncə Ulu Öndərmiz Heydər Əliyev, Üzeyir Hacıbəyov, Alim Qasımov yada düşür. Belə dahi insanlardan sonra Fransada az da olsa insanlar məni tanıyır.
Qeyd edim ki, Fransa xalqı Alim Qasımovu yaxşı tanıyır və hörmət edir. Çox istərdim ki, Alim Qasımovla birlikdə Fransa səhnəsində çıxış edim.
Prezident İlham Əliyev və birinci Xanım Mehriban Əliyevaya da Fransa böyük hörmət bəsləyirlər. Heydər Əliyev Fondunun Fransada gördüyü işlər yüksək qiymətləndirilir.

- Bundan sonrakı planlarınız nədən ibarətdir?

- Layihələrim çoxdur. Hazırda konsertimlə bağlı işlər aparıram. Fransada milli və xarici musiqilərdən ibarət konsert verməyi düşünürəm. Konsert zamanı saz, gitaradan istifadə edəcəyəm. Bu alətləri də Fransada tanıtmaq istəyirəm. Bu il həm Fransada, həm də Azərbaycanda albomum çıxacaq. Həmin albom üçün 9 klip çəkdirəcəyəm. Bundan əlavə iki tanınmış insanla duetim olacaq.

-Azərbaycanda konsert verməyi düşünürsünüzmü?

-Əlbəttə, istərdim doğma vətənim də konsert verim. Hazırda Azərbaycanın cəbhə bölgəsində vəziyyət gərgindir. Ermənilər işğalçı siyasətlərini davam etdirərək ki, kəndlərimizi, mülki insanları atəşə tutur. Harada yaşamağımızdan aslı olmayaraq, bizim üçün hər şeydən önəmli vətəndir. Çox istərdim ki, torpaqlarımız tezliklə azad olunsun. Müharibə olarsa, mütləq Azərbaycana qayıdıb, döyüşlərdə iştirak edəcəyəm. Vətən hər şeydən üstündür.
Qeyd edək ki, Araz Hümbətli Fransanın TF1 telekanalında yayımlanan "The Voice" ("O səs") şousunda çıxışları ilə fransızları heyran qoyub. 25 yaşlı Araz hazırda Fransanın Tuluza şəhərində yaşayır