Əmin Abid Gültəkin – istiqalal ruhlu şair və tədqiqatçı Ədəbiyyat

Əmin Abid  Gültəkin – istiqalal ruhlu şair və tədqiqatçı

2-ci yazı

Xatırladaq ki, ədəbi ictimaiyyətə tanıdılandan sonra keçən müddət ərzində qorqudşünasların üzərində təhlillər apardığı məsələlərin əksəriyyətini Əmin Abid hələ XX əsrin 20-ci illərindən qaldırmış və özünəməxsus tərzdə həll etməyə çalışıb. Əvvəla, "Kitabi-Dədəm Qorqud"un yaranma tarixinə nəzər salaraq, Əmin Abid hazırda mövcud olan dastan mətninin daha qədim bir əlyazmasından köçürülməsi ehtimalını irəli sürüb. Alimin mülahizələrinə görə, dastandakı şamanizm elementləri, qadın kişi münasibətləri, müxtəlif adətlər onun, bir çoxlarının iddia etdiyi kimi, XVI əsrdə deyil, daha qədim dövrlərdən mövcudluğunu göstərir.
Digər bir məsələ eposun adı və onun əsas qəhrəmanlarından Qorqudun şəxsiyyəti ilə bağlıdır. Əmin Abid Kilisli Rüfət (1874-1953) tərəfindən nəşrə hazırlanan dastan mətnində (həmçinin adında) bir sıra xətalara yol verildiyini, dastanın "Kitabi-Dədəm Qorqud" adlanmasının daha düzgün olduğunu bildirib. Qorqudla bağlı V.V.Bartold və İnostrantsevin mülahizələrini müqayisə edərək onun əfsanəvi bir şəxsiyyət olduğunu, lakin bəzən tarixi şəxsiyyətlərin müəyyən zaman keçəndən sonra əfsanəviləşmə ehtimalının mövcudluğunu qeyd edib. Qorqudun dastanda oğuzların böyük ehtiram göstərdiyi müdrik şəxsiyyət, "əql və mühakimə sahibi şeyx" və ozan kimi əks olunduğunu bildirən Əmin Abid fikrini örnəklərlə əyaniləşdirib.
Əmin Abid Qorqudun şəxsiyyətini aydınlaşdırmaq üçün türklər içərisində hələ də onun adı ilə bağlı yaşayan əfsanələr, məzar və yer adlarına diqqət yetirib. Daha dəqiq desək, Adam Oleariyə (1599-1671) və Övliya Çələbiyə (1611-1682) istinad edərək Dərbənddə Dədə Qorqudun, Urmiyədə Burla Xatunun məzarları haqqında məlumat verib.
Əmin Abidin diqqət yetirdiyi məsələlərdən biri də dastanın xalq içərisində yaşama dövrü ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda "Dədə Qorqud kitabı"nın ilk tədqiqatçısı Əmin Abid 1929-cu ildə "Dan yıldızı" jurnalında nəşr etdirdiyi "Türk el ədəbiyyatına elmi bir baxış" adlı məqaləsində "Oğuznamə"nin Azərbaycanla bağlılığı məsələsini araşdırarkən, müxtəlif mənbələrə istinad edərək belə bir qənaətini qeyd edib: "Yuxarıda bəhs etdiyimiz bu vəsiqələr "Oğuznamə" nağıllarının hicri tarixinin ilk əsrlərindən başlayaraq XVIII əsrə qədər azərbaycanlılar arasında yaşadığını qəti surətdə isbat etməkdədir. Azərbaycan Proletar Yazıçılar Cəmiyyətində açılan ali dərəcəli ədəbiyyat seksiyasında idarə etdiyim məşğələlər əsnasında "Oğuznamə"nin mündəricatını təmrin edərkən gənclərdən birisi bu mövzulardan bəzilərinin indi belə köylülərimiz arasında yaşadığını söyləyib və yaxında bunu təsdiq edib verəcəyini vəd edib".
Beləliklə, aydın olur ki, "Oğuznamə" mətnlərinin xalq arasında yaşaması məsələsi Ə.Abidi "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərindən başqa digər tədqiqatlarında da düşündürüb. Təəssüf ki, alimin repressiyaya uğraması onun bu sahədəki fəaliyyətini də tamamlanmasına imkan verməyib. Əmin Abid eposda adı çəkilən topopnimləri araşdırıb, "Qorqud mənqəbəsinin bəhs etdiyi yerlər bizim məmləkətimizdir!" nəticəsinə varıb. Bu araşdırmasında Ə.Abid eposun boylarının məzmunu haqqında qısa məlumat verib. Müəllif dastanın Azərbaycan türkcəsinə yaxın bir dillə yazıya alındığını bildirməklə yanaşı, gətirdiyi örnəklərlə fikrini aydınlaşdırıb.
Tədqiqatının sonuna Ə.Abid həm Orxon-Yenisey abidələrindən, həm də "Kitabi-Dədəm Qorqud"dan parçalar da əlavə edib, bununla əyani təsəvvür yaratmaq istəyib. Əmin Abidin "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərində qaldırılan problemlər sovet ağaların tələb etdiyi kimi təcrid olunmuş şəkildə deyil, doğulduğu köklərə bağlı – ümumtürk kontekstində təhlilə cəlb olunub. Bu, əslində bütün araşdırmalarında Əmin Abidin diqqət mərkəzində saxladığı bir məsələ olub. Əmin Abidin yaradıcılığını araşdıran Əli Şamil həmin problemlə bağlı maraqlı bir məqama toxunur: "Kitabi-Dədə Qorqud" haqqında dəyərli araşdırmalar aparan, Türkiyə, Azərbaycan, tatar, özbək, qaqauz, Kərkük və başqa türk xalqlarının beş min manisini müqayisə edən, tarixini müəyyənləşdirən odur (Əmin Abiddir – A.H.). O, Azərbaycanda yayınlanan dərgi və qəzetlərlə kifayətlənməyərək, Ankara, Səmərqənd, Buynakskidəki (Dağıstan) dərgilərdə araşdırmalarını çap etdirib".
Türk milli mədəniyyətini qorumaq və tanıtmaq məqsədilə yaranan bu araşdırma sovet Azərbaycanında yalnız onun müəllifinin amansız şəkildə cəzalandırılması ilə nəticələnməyib, həm də tədqiqatın uzun illər elm aləmindən gizli saxlanılmasına gətirib çıxarıb. Bunu əlyazma üzərindəki "İstanbul 1922–Bakı 1927" və ilk nəşri olan kitabın üzərindəki "Bakı 2016" sözləri sübut etməkdədir. Yuxarıda xatırlatdığımız kimi, "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərinin böyük bir hissəsi "Dədə Qorqud" eposuna həsr edilib. Əsərin 1922-1927-ci illərdə yazıldığını nəzərə alaraq, belə bir qənaətə gəlmək mümkündür ki, bu araşdırma Azərbaycanda "Kitabi-Dədə Qorqud"la bağlı aparılan ilk tədqiqat əsəridir. Ancaq ürək ağrıdan məsələlərdən biri odur ki, araşdırıcıların çoxu Azərbaycanda "Kitabi-Dədə Qorqud"un tədqiqi tarixini hələ də Atababa Musaxanlı və İsmayıl Hikmətin adı ilə bağlayırlar. Fikrimizcə, bu, xalqının milli mədəniyyətini tanıtmağın bədəlini həyatı ilə ödəyən Əmin Abidin ruhu qarşısında bir haqsızlıqdır.

***

Sovet dönəmində xalqın azadlıq və hürriyyət arzularını alovlandıran, əsarət, köləlik buxovlarından qurtulmağa səsləyən ədəbi əsərlər ya senzura tərəfindən yasaq edilib, ya da məcburiyyət üzündən bəzən hətta Azərbaycanın öz tədqiqatçıları tərəfindən sovet ideologiyasına uyğunlaşdırılaraq təhrif edilib, yanlış təbliğ olunub. Belə ki, mühacir tədqiqatçı Süleyman Abdülkadir "Azərbaycan yurd bilgisi" dərgisinin elə ilk sayında dərc olunmuş "Türk qövmlərinin xalq ədəbiyyatında rus istilasının inikası" adlı məqaləsində (müəllifin bu adda silsilə məqalələri dərginin dörd sayında dərc edilib) müstəmləkə buxovları daşıyan bütün türkdilli xalqların folklorunu nəzərdən keçirərkən diqqəti bu problemə yönəldərək qeyd edib: "...türk xalq ədəbiyyatı və xəlqiyyatı öz münəvvərlərimiz tərəfindən ihmal olunmuş, ancaq kölə millətə mənsub olan müstəmləkəçiyə qeyrətlə toplana bilmişdir. Bu ədəbiyyatı müstəmləkəçiyə nəql edənlər rus istilasına dair xalqın tərənnüm etdiyi dastan və türkülərin milli bir sirr sifətilə saxlamış, yaxud "rus məmuru" zənn etdikləri müstəmləkəçinin xətrini qırmayacaq bir surətdə təhrifə məcbur olmuşlar".
Əmin Abidin ağır bir dövrdə yazdığı "Azərbaycan türklərinin ədəbiyyat tarixi" əsərində isə türk xalqlarının möhtəşəm abidəsi "Kitabi-Dədə Qorqud", demək olar ki, fərqli bir metodla və mümkün olduğu qədər obyektiv şəkildə təhlilə cəlb edilib. Bu əsərin yazıldığı 1922-1927-ci illərdə çox çətin və təhlükəli bir iş idi. Məlum olduğu kimi, türk xalqlarının bu böyük abidəsi kommunist ağalarının qəzəbilə keçən əsrin 50-ci illərində tamamilə yasaqlanmışdır, yalnız sovet hakimiyyətinin öz əvvəlki nüfuzunu qeyb etməyə başladığı durğunluq illərində Azərbaycanda türk xalqlarının mənəvi sərvətlərinin öyrənilməsi istiqamətində müəyyən addımlar atılmağa başlayıb. Xalqın milli kimliyi, soy-kökü ilə bağlı əsərlərə diqqət artmağa başlayıb, oğuznamələr, "Kitabi-Dədə Qorqud ", digər türk xalqlarının mədəniyyəti, qədim lüğət və əlyazmalarla bağlı araşdırmalar aparılmağa başlanıb. Ancaq rus-sovet əsarətinin, senzuranın basqıları hələ də öz mənfi nəticələrini göstərməkdə idi. Belə ki, Samət Əlizadə 1987-ci ildə çapa hazırlayıb "Oğuznamə" adı ilə nəşr etdirdiyi XVI əsrə aid olunan "Əmsali-Məhəmmədəli" kitabının əlyazması ilə bağlı maraqlı bir fakt açıqlayıb: "Oğuznamə"ni qürur və məhəbbət hissi ilə oxuyursan, axırıncı səhifənin pozulmuş sətirlərini görəndə isə kədər və təəssüflə düşünürsən ki, əlyazmanı şüurlu şəkildə təzələyib gələcək üçün hədiyyə hazırlayan katib öz adını, əsərin yazılış tarixini və yerini pozmazdı. Yəqin ki, belə "günah"a məcmuənin nə ilk, nə son sahibi batardı. Amma bu da həqiqətdir ki, son sətirləri pozan adam sıravi oxucu deyil, ziyalı-şərqşünasdır; o hər kimdirsə, şovinizm əsiridir. Ona görə də öz qədimlik faktı ilə Misir piramidası kimi ucalan yazılı abidə qarşısında qorxuya düşmüş, cinayətkar barmağını işə salıb. Məlumdur ki, folklor yaradıcılığının qədimliyi, erkən orta əsrlərdəki yazıda təsbit olunması onu hasilə gətirən xalqın da tarixi keçmişi, dili və təfəkkürünün qədimliyi, erkən orta əsrlərdəki bədii qüdrəti haqqında inkaredilməz sübutdur".
Qeyd etmək lazımdır ki, Azərbaycanın iki hissəyə parçalanması və uzun illər ayrı-ayrı dövlətlərin basqısı altında olması onun mənəvi sərvətlərinin toplanması, öyrənilməsi məsələsinə də ciddi təsir göstərib. Ana dilində danışmağın belə qadağan olunması Güney Azərbaycanda bu istiqamətdə fəaliyyətlərin zəifləməsinə gətirib çıxarıb. Bu zəngin folklor materiallarının toplanması və tədqiqinin qarşısını saxlayan bir sıra çətinliklər hələ də qalmaqdadır. Lakin yeganə təsəlli odur ki: "Qayaları paralayan Araz yalnız soy-kökü, qan yaddaşını, milli ruhu paralamayıb və onun paraları arasından axa bilməyib. Folklor özü əsatirdə və bayatıda, nağılda və dastanda əbədiləşən canlı bir yaddaşa çevrilib və qoymayıb ki, nə o, nə də bu sahildə bir kəs soyunu, əslini, zatını unutsun. Ona görə də şüurda, düşüncədə, mənəviyyatda xalq heç vaxt parçalanmayıb. Çünki yaddaş zədəsiz, bütöv qalıb. Axı daşlar ovula-ovula ölür, qayalar sökülə-sökülə, bulaqlar quruya-quruya, çaylar çəkilə-çəkilə ölür, millət isə unuda-unuda. Yaddaşdan təmizlənə-təmizlənə".
Azərbaycan və bütövlükdə türk folkloruna qarşı müstəmləkəçi ağaların kəskin və barışmaz münasibəti məhz onun yaddaşının zədələnməsi, məhv olunmasına hesablanıb. Amma yaxşı ki, nə sosialist senzurasının basqısı, nə də şahlıq rejimi çox çalışsa da, buna nail ola bilməyib. Çünki xalq ən çətin məqamlarda belə öz yaratdıqlarını qoruyub saxlamağa müvəffəq olub. Bu isə yalnız həyatı bahasına xalqın mənəvi sərvətini qorumağa, tanıtdırmağa çalışan və ona nail olan Əmin Abid kimi ziyalıların sayəsində mümkün olub. Elə bu səbəbdən də otuz səkkiz yaşında həyatı qırılan bu fədakar ziyalı, əslində, "Azərbaycan türklərinin ədəbiyyat tarixi" kimi tədqiqatı ilə xalqının yaddaşında əbədi yaşamaq hüququ qazanıb.

Almaz HƏSƏNQIZI
filologiya üzrə elmlər doktoru