“Problemin açarı Rusiyanın əlindədir” Siyasət

“Problemin açarı Rusiyanın əlindədir”

Rauf Qurbanov: "Qarabağ münaqişəsi Azərbaycan iqtidarının və ictimaiyyətinin daimi diqqət mərkəzindədir"

Tofiq Abbasov: "Minsk qrupu həmsədrlərinin vasitəçilik prosesində nisbi canlanma müşahidə olunur"

Həmsədrlərin gəlişi Dağlıq Qarabağ məsələsilə bağlı yeni vəziyyətin başlanacağı ilə əlaqədar iddiaların səsələnmsəinə səbəb olub. Bəzi ekspertlər canlanmanın yarandığını və nəticələrin olacağı qənaətindədirlər.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov deyib ki, dünyanın aparıcı dövlətləri indiyədək Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə lazım olan addımları atmayıblar. R. Qurbanov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan iqtidarının və ictimaiyyətinin daimi diqqət mərkəzindədir: "İddialara gəlincə, Azərbaycan tərəfi təkcə 7 rayonun geri qaytarılmasına yox, bütövlükdə 20% işğal olunmuş ərazilərin azad olunmasında maraqlıdır və bu yöndə də ardıcıl işlər aparılır. Təəssüf edirəm ki, bu günə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar dünyanın aparıcı dövlətləri (Minsk Qrupunun həmsədri olan dövlətləri nəzərdə tuturam) və beynəlxalq təşkilatlar bu problemin həll olunması üçün lazımi addımlar atmayıblar". Rauf Qurbanovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəsində həll olunması üçün kifayət qədər fundamental səbəblər var: "Əsas fundamental səbəb dünya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanıması və bəzi beynəlxalq təşkilatların o cümlədən BMT Azərbaycanın 20% ərazisinin qeyri-qanuni işğal olunmasını qəbul etməsidir. Bilirsiniz ki, məhz bu məsələ ilə əlaqədar BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qeyri-şərtsiz azad olunması ilə əlaqədar dörd məlum qətnaməsi də var". Rauf Qurbanov hesab edir ki, Rusiya ilə Azərbaycan arasında son zamanlar münasibətlərin daha da yaxşılaşdırılması və dərinləşməsi Dağlıq Qarabağ münaqişənin həllinə öz müsbət töhvəsini verə bilər. "Açıq etiraf etmək lazımdır ki, bu münaqişənin həllində Rusiyanın rolu həlledicidir. Başqa sözlə, problemin açarı Rusiyanın əlindədir. Hesab edirəm ki, Rusiya dövləti bu məsələyə yetərincə önəm verəcək və bu yaxın gələcəkdə tarixi ədalət bərpa olunacaq", - deyə AKP MK-nın sədri qeyd edib.
Politoloq Tofiq Abbasov vurğulayıb ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik prosesində nisbi canlanma müşahidə olunur: "Sızan məlumatlardan bəlli olur ki, həmsədr ölkələrin yüksək diplomatları artıq prosesə təkan verməyi vacib sayırlar". Politoloq qeyd edib ki, yaxın günlərdə Rusiya XİN rəhbəri Sergey Lavrovun Qarabağ probleminin nizamlanmasının vaxtı çatıb deməsi də göstərir ki, İran nüvəsi ətrafında əldə olunmuş diplomatik irəliləyiş lider məmləkətləri Cənubi Qafqazdakı vəziyyətə də diqqətlə yanaşmağa sövq edir: "Düzdür, Ermənistan yenə də çalışacaq ki, həmin proses əngəllənsin, lakin bu ölkə artıq elə vəziyyətdədir ki, çökməsinə, defoltla rastlaşmasına o qədər də çox qalmayıb".
T. Abbasov hesab edir ki, artıq İrəvan blokada vəziyyətinin uzanmasının onun dəhşətli sonunu reallığa çevirə biləcəyini anlayıb. Elə bu dəlil də həmsədrlərin dilində həlledici arqumentə çevrilir.
Politoloq sonda vurğulayıb ki, əks təqdirdə genişmiqyaslı müharibə məsələsi yenidən meydana gələ bilər: "Belə olduqda Ermənistan mütləq şəkildə iflasa uğrayacaq. Bunu kim də bilməsə, rəsmi İrəvan bilir".

Əli