“Sterliqov dini təhsil almış bir insandır və maldarlıqla məşğul olub” Siyasət

“Sterliqov  dini təhsil almış bir insandır və maldarlıqla məşğul olub”

Azərbaycan sərhəddini qeyri-qanuni keçib Dağlıq Qarabağda məskunlaşdığı üçün beynəlxalq axtarışda olan rusiyalı biznesmen German Sterliqov "Vkontakte" sosial şəbəkəsindəki səhifəsində "Qarabağdan məktub" dərc edib. Məktub azərbaycanlılara ünvanlanıb. O, məktubda xüsusilə, "Qarabağ Azərbaycanın tarixi torpağıdır" mühakiməsinin qanunsuz olmasına işarə edir.
Bu məsələ ilə bağlı danışan politoloq Qabil Hüseynli hesab edir ki, Sterliqovun Azərbaycan xalqına müraciət etməyə mənəvi haqqı çatmır: "Sterliqov dini təhsil almış bir insandır və maldarlıqla məşğul olub, yəni çobandır. O, Cənubi Qafqaz kimi mürəkkəb bir regionun tarixini hardan bilir? Bölgənin coğrafiyasını, etnik tərkibini, etnoslar arasındakı münasibətləri araşdırmaq imkanına malik olmayan nadan bir insandır. Düzdür, deyirlər iş adamıdır. Lakin Sterliqov mal-qara saxlayan, şizofrenik keyfiyyətlərə malik biridir".
Politoloq hesab edir ki, Sterliqov Qarabağa gələrək ermənilərin təsiri dairəsinə düşüb. Tarixçi deyil, linqvist deyil, arxeoloq deyil, bölgənin tarixi ilə məşğul olub cild-cild əsərlər, dissertasiya işi yazmış biri deyil. Bu ərazilərin Azərbaycana məxsus olmadığını necə sübut edə bilər?
Q. Hüseynli qeyd edib ki, o, siyasi boşboğazdır. Və özünü ya rusların, ya da ermənilərin əlində siyasi alətə çevirib: "Azərbaycan onu beynəlxalq axtarışa verib. Bəs necə Azərbaycan xalqına müraciət edə bilər? Müraciət etmək üçün mənəvi haqq lazımdır. Əgər haqqını deyə bilməyəcəksənsə, tarixi gerçəkliklər barədə məlumatın yoxdursa, dediklərin konyuktiv xarakter daşıyır".
Politoloq sonda əlavə edib ki, Sterliqovun Azərbaycan xalqına müracətini şizofrenikin sərsəmləməsi kimi başa düşür: "Yəqin ki, gec-tez onun cəzasını verəcəyik".