Avropa Parlamentindən qərəzli qətnamə Siyasət

Avropa Parlamentindən qərəzli qətnamə

Avropa Parlamentində Azərbaycan əleyhinə fəaliyyət göstərən qrup təxribat xarakterli əməllərini davam etdirir. Ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlər, eləcə də mühüm siyasi hadisələr öncəsi Avropa Parlamentində konkret tərəflərin maraqlarını ifadə edən qərəzli sənədlərin müzakirəyə çıxarılması və qəbul edilməsi ənənə halını alıb. Avropa Parlamentində "Azərbaycanda keçiriləcək parlament seçkiləri öncəsi insan haqlarının vəziyyətilə bağlı müzakirələrin keçirilməsi", konkret cinayət əməllərinə görə məhkum edilmiş şəxslərlə bağlı əsassız mülahizələrin ifadə olunması da bu qərəzli ənənənin davamı kimi qəbul olunmalıdır. Avropa Parlamenti eyni zamanda qətnamədə Avropa Ittifaqına üzv dövlətləri Azərbaycandakı parlament seçkisini müşahidə etməməyə çağırıb.
Avropa Parlamentində Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fuad Muradov məsələyə münasibət bildirib. Qətnamə ilə tanış olduğunu deyən millət vəkili qeyd edib ki, bu, Avropa Parlamentinin növbəti qərəzli yanaşmasıdır və quruma adekvat cavab veriləcək: "Azərbaycanın bugünki inkişafı və regionda nüfuzu təbii ki, bəzi dairələri narahat edir. Eyni zamanda seçkiqabağı mühiti nəzərə alsaq, başa düşürük ki, bu qətnamənin qəbulu müəyyən dairələrin təzyiq mexanizmidir. Bizim bu gün əsas vacib məsələmiz odur ki, ermənilər cəbhə xəttində provakasiya ilə məşğuldur, Azərbaycan təbii ki onlara adekvat cavab verir. Bunun fonunda Avropa dairələrində belə qətnamə qəbul edilməsi təsadüf sayıla bilməz".