“Həm Amerika, həm də Avropa İttifaqı Azərbaycanın müdafiəsi ilə bağlı çıxış etməyə həvəssizdirlər” Siyasət

“Həm Amerika, həm də Avropa İttifaqı Azərbaycanın müdafiəsi ilə bağlı çıxış etməyə həvəssizdirlər”

Elin Süleymanov: " Bu, qeyri-adekvatdır və acınacaqlıdır"

Bu sözləri İsraildə səfərdə olan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov yerli "jns.org" saytına müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk vaxtlarından - 24 ildir ABŞ-la əməkdaşlıq edir: "Bizim aramızda təhlükəsizlik, enerji, iqtisadi inkişaf və hazırda isə təbii qaz sahəsində strateji xarakterli mükəmməl əlaqələr olub. İndi ABŞ mediası üçün Azərbaycanı tənqid etmək rahatdır. Hər ölkənin problemləri var, yeni yaranmaqda olan demokratiyayıq və öz xalqımız üçün ən yaxşı olanını etməyə çalışırıq".
Səfir Ukrayna məsələsindən fərqli olaraq, Azərbaycanın probleminə münasibətdə ikili standartların nümayiş etdirilməsi məsələsinə də toxunub: "Əgər dünya Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək üçün addım atsaydı, onda Ukraynada baş verənlər bu gün olmazdı. Həm Amerika, həm də Avropa İttifaqı Azərbaycanın müdafiəsi ilə bağlı çıxış etməyə həvəssizdirlər. Bu, qeyri-adekvatdır və acınacaqlıdır".
Elin Süleymanov eyni zamanda, bildirib ki, İranla nüvə danışıqlarında Qərbin müttəfiqləri olan bütün region dövlətlərinin maraqları nəzərə alınmalı idi:"Biz gərginliyin azalmasını dəstəkləyirik. Lakin bu razılaşmanın tam detalları bəzən qaranlıq qalır, onunla bağlı müxtəlif izahlar var. Ümumilikdə niyyət və motivləri müsbətdir. "5+1" ölkələrini qane etmək vacibdir. Lakin bu güclər regionda yaşamırlar və burada bütün tərəfləri əhatə edəcək müzakirələr olmalıdır. Bizim həmişə ən böyük narahatlığımız ondan ibarət olub ki, torpaqlarımızla sərhəd olan İranda açıq, hərbi toqquşmaların olma ehtimalı yüksəkdir. Bu razılaşma bu qarşıdurmaları istisna edir. İndi ən vacib məsələ bütün tərəflərin bu razılaşmaya əməl edəcəyinə əmin olmaqdır. "5+1" ölkələrinin bizə dediyinə görə, bu, onların əldə edə biləcəyi ən yaxşı razılaşmadır. Danışıqlar zamanı bizimlə müzakirələr aparılmayıb. İnanmaq istəyirik ki, orada regionun təhlükəsizliyi və mühafizəsi üçün müəyyən razılıqlar var. Lakin biz indi ancaq ümid edirik".
Səfir bildirib ki, bu problemin hərb yolu ilə həlli yoxdur: "Buna görə də İrana qarşı beynəlxalq sanksiya tətbiq olunanda, Azərbaycan bununla razılaşdı. Biz o zaman anladıq ki, sanksiyalar yeganə sülh alternativi idi. Hazırda razılaşma problemin hərbi yolla həlli üçün alternativ kimi ortaya çıxır və biz ümid edirik ki, bütün tərəflər buna əməl edəcəklər".