Yunanlar daha çox pay istəyir Siyasət

Yunanlar daha çox pay istəyir

Yunanıstan hökuməti Azərbaycan qazını Avropa bazarlarına çıxarmaq üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsindən daha çox pay qoparmaqda və bu layihəyə dair müqaviləyə yenidən baxmaqda israrlıdır. Yunanıstanın energetika naziri Panos Skurletis ABŞ dövlət katibinin qlobal energetika məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokştaynla danışıqlardan sonra əvvəlki hökumətin imzaladığı TAP sazişinin Afina üçün sərfəli olmadığını deyib. Yunanıstanda solçuların seçkilərdə qalib gəlib hökumət formalaşdırmasından sonra Afinanın TAP kəmərinə dair əvvəlki hökumət tərəfindən imzalanmış müqaviləyə dair mövqeyi dəyişib. İndi Yunanıstan bu müqaviləyə yenidən baxılmasını tələb edir. Nəticədə TAP kəmərinin tikintisi ləngiyir. "TAP layihə kimi böyük əhəmiyyətə malikdir. Lakin bizim hökumətimiz şərtləri yunan tərəfi üçün o qədər də yaxşı olmayan razılaşmanı miras alıb. Elə indi bu layihə ilə bağlı dönüş məqamı yetişib və biz prosedurları sürətləndirmək üçün öz töhfəmizi verməyə hazırıq. Lakin ancaq Yunanıstan üçün maksimal fayda əldə edəndən sonra"- deyə nazir bildirib. ABŞ dövlət katibinin xüsusi nümayəndəsi isə deyib ki, TAP-ın strateji baxımdan mühüm layihə olduğuna dair nazirin dediklərini təsdiq edir. "Və mən bununla da razıyam ki, bəzi detalları dəqiqləşdirmək lazımdır. Hesab edirəm ki, hər iki tərəf razılaşmanın əldə edilməsinin mühümlüyünü dərk edir"- deyə Hokştayn bildirib. Afina danışıqlarında həmçinin TAP-ın qolunun - Bolqarıstanla Yunanıstanı birləşdirəcək interkonnektor qaz kəməri layihəsinə dair hökumətlərarası razılaşmanın imzalanması müzakirə olunub. Və açıqlamalardan belə məlum olur ki, bu məsələ ətrafında müəyyən irəliləyiş əldə olunub. Yunan tərəfi bu layihənin maliyyələşdirlməsinə və fəaliyyət qabiliyyətinə dair bir sıra suallar qaldırıb. Buna baxmayaraq ABŞ diplomatı deyib ki, İGB kəmərinə dair "əhəmiyyətli irəliləyiş" əldə edilib. "Biz tezliklə razılaşmanın əldə edilməsinə ümid edirik"- deyə amerikalı diplomat bildirib.