“Qərbin məqsədi iğtişaş toxumu səpməkdir” Siyasət

“Qərbin məqsədi iğtişaş toxumu səpməkdir”

Səməd Seyidov: "Əvvəlki dəyərlər sistemi bu gün hamının gözü qarşısında məhv edilir"

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Morninqstarın Azərbaycan rəhbərliyinin ünvanına tənqidlərinə cavab verib.
Səməd Seyidov bəyan edib ki, qərbli cənabların məntiqi bir çox ölkələrin dövlətçiliyini məhv etməyə yönəlib.
Qeyd edək ki, Morninqstar "jurnalistləri və ictimai xadimləri kütləvi şəkildə həbs edən Azərbaycan hökumətinin məntiqini anlamadığını" bildirmişdi.
Səməd Seyidov isə bildirir ki, ictimai-siyasi və sosial-iqtisadi sabitliyi qorumaq üçün var qüvvəsini sərf edən Azərbaycan hökumətinin məntiqi bir çox qərblilərə görünür, doğrudan da aydın deyil: "Bəs bu cənabların məntiqi nəyə yönəlib? Bir çox ölkələrin dövlətçiliyinin məhv edilməsinə. Buna əmin olmaq üçün Yaxın Şərqdə baş verənlərə nəzər salmaq, postsovet məkanında cərəyan edən prosesləri izləmək kifayətdir. Əvvəlki dəyərlər sistemi bu gün hamının gözü qarşısında məhv edilir, yerinə Qərbin düşündüyü yeni dəyərlər gətirilir.
Azərbaycan öz siyasəti ilə bu yeni sistemə qarşı çıxdı. Əgər indi bizi ittiham və məzəmmət edən həmin cənabların məntiqi ilə hərəkət etsəydik, Yaxın Şərqdəki böhran bu gün bizdə də baş verə bilərdi. Bu gün Qərbin məqsədi dünyanın ayrı-ayrı yerlərində qarışıqlıq, iğtişaş toxumu səpməkdir. Biz onların məntiqi ilə hərəkət etmədik. Öz mülahizələrimiz əsasında hərəkət etdik. Öz yolumuzla getdik. Bu yol isə iqtisadi cəhətdən inkişaf etmiş güclü dövlət yaratmaq yoludur. Zaman bizim nə qədər düzgün yol seçdiyimizi göstərdi. Bizim məntiqimiz bundan ibarətdir".