“Helsinki Komissiyası öz vəzifəsindən sui-istifadə edir” Siyasət

“Helsinki Komissiyası öz vəzifəsindən sui-istifadə edir”

Tofiq Abbasov: "Bu qurum ictimai sahədə fəaliyyət göstərməlidir"

Fərhad Hacıyev: "Kris Smitin addımı qeyri-ciddi bir haldır"

"Helsinki Komissiyası öz vəzifəsindən sui-istifadə edir. Bu qurum ictimai sahədə fəaliyyət göstərməlidir. Komissiyanın ermənipərəst sədri Kris Smitin Konqresə təqdim etdiyi qərəzli layihə isə qurumun missiyasına xələl gətirir". Bu fikirləri politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, ABŞ-la Azərbaycan arasında yüksək əməkdaşlıq və tərəfdaşlıq mövcuddur. Politoloq bildirib ki, bu erməni lobbisinin təsiri ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatının istəkləri həyata keçməyəcək: "Azərbaycan ABŞ-la müttəfiqdir və yaxın tərəfdaşdır. İki dövlət birlikdə böyük layihələr həyata keçirib. Üç il öncə Bakıda böyük konfrans keçirildi. Tədbirin şüarı "Gələcəyə baxış" idi. Konfransda səfirlər, konqresmenlər, qubernatorlar, senatorlar, Amerika siyasətinin ağsaqqalları iştirak etdilər. Həmin birgə konfrans çox yüksək səviyyədə keçdi. Konkret məqsədlər qoyuldu ki, iki ölkə arasında əməkdaşlığın formatı genişləndirilsin. Yəni ki, ABŞ-la Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir. Qeyri-hökumət təşkilatı olan Helsinki Komissiyası ermənipərəst siyasətçilərlə birlikdə guya Azərbaycana təsir göstərmək istəyir. Bu isə qətiyyən mümkün deyil. Komissiyanın ermənipərəst rəhbəri Kris Smitin Konqresə təqdim etdiyi layihə isə ciddi qəbul edilməyəcək".
T. Abbasov bildirib ki, əgər bu qeyri-hökumət təşkilatı insan haqlarından danışırsa, niyə Azərbaycanın işğala məruz qalmasını, ərazi bütövlüyünün pozulmasını, bir milyondan artıq qaçqın və məcburi köçkünləri görmür, lakin qərəzli olaraq adını hüquq müdafiəçisi qoymuş 1-2 nəfər cinayətkardan danışır: "Bu, əslində siyasi sifarişin təzahürüdür. Helsinki Komissiyasını ideoloji cəhətdən erməni lobbisi qidalandırır. Onlar Azərbaycanın müstəqil siyasətinə zərbə endirmək məqsədi güdürlər. Bu isə qətiyyən alınan deyil".
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə deyib ki, ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit Konqresə Azərbaycana qarşı bəzi sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim etməsi təsir mexanizmidir. Onun sözlərinə görə, Kris Smitin addımı qeyri-ciddi bir haldır: "Ümid edirəm ki, ABŞ Konqresində də sağlam qüvvələr var və onlar bu cür provokasyon layihələrə dəstək verməyəcəklər. Ümumiyyətlə, dünyada 200-dən artıq dövlət var. Bu dövlətlər də situasiyanı bütün dünyada çox gözəl bilir. Artıq heçnəyi gizlətmək mümkün deyil. Çünki dünyada informasiya mübadiləsi çox sürətlə həyata keçirilir. Azərbaycanda olan inkişaf, ölkə vətəndaşlarına olan münasibət, hakimiyyətin insan potensialına investisiyası və s. təbii ki, bəzi dövlətlərin xoşuna gəlmir. Məhz bu səbəbdən də ABŞ-da Ermənistan dövləti, eyni zamanda erməni əsilli amerikalıların təzyiqi, onların birbaşa təsiri altında fəaliyyət göstərən konqresmenlər, bəzi qubernatorlar mütəmadi olaraq Azərbaycana qarşı belə provokasiyalarla çıxış ediblər".
F.Hacıyev əlavə edib ki, bu provokasiya Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən iki gün əvvəl oldu: "Təbii ki, bu da bir təzyiq mexanizmidir ki, ölkəmizə təzyiq göstərilsin. Bu gün ABŞ-la Azərbaycanın strateji müttəfiqliyi var. Ölkəmiz bu regionda çox böyük önəm daşıyır. Azərbaycan bütün dünyaya öz münasibətini göstərir".