“Məsuliyyət işğalçı dövlətin üzərinə düşür” Siyasət

“Məsuliyyət işğalçı dövlətin üzərinə düşür”

XİN: "Ermənistan rəhbərliyinin yalnız hərbi avantüra və ritorikadan ibarət olan çıxışı hərbi diktatura rejimləri üçün xarakter xüsusiyyətdir"

"Ermənistan rəhbərliyinin yalnız hərbi avantüra və ritorikadan ibarət olan çıxışı hərbi diktatura rejimləri üçün xarakter xüsusiyyətdir. Hətta çıxışda Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatının digər üzv dövlətlərinə qarşı da əsassız ittihamlar sürülür. Bu, Ermənistanın hərbi diktatura rejiminin əsl mahiyyətini, onun rəhbərliyində olan şəxslərin səhra komandiri təfəkkürünə malik olmasının əyani göstəricisidir".
Bu barədə Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Kollektiv Təhlükəsizliyə dair Müdafiə Təşkilatının Şurasında səsləndirdiyi fikirləri şərhində deyilir.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Ermənistan istisna olmaqla, Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatının bütün üzv dövlətləri ilə strateji tərəfdaşlıq səviyyəsində siyasi, iqtisadi, hərbi-texniki, müdafiə və humanitar əməkdaşlığı vardır, birgə səylərlə ikitərəfli əsasda bu əlaqələrin bütün istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün potensial imkanlardan istifadə olunur.
"Ermənistan rəhbərliyinə xatırlatmaq istərdik ki, KTMT-nin beynəlxalq hüquqi əsasını təşkil edən və 10 dekabr 2010-cu ildə yeniləşdirilmiş Kollektiv Təhlükəsizliyə dair Müqavilənin 1-ci bəndinə uyğun olaraq, "iştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək barədə öhdəliklərini bir daha təsdiq ediblər".
"Beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və hətta Kollektiv Təhlükəsizliyə dair Müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Ermənistan tərəfindən hərbi gücdən istifadə olunmaqla, Azərbaycana qarşı hərbi təcavüz törədilib və ölkəmizin ərazilərinin 20 faizi işğal edilib. Ermənistan silahlı qüvvələrinin qanunsuz olaraq, işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu atəşkəsin pozulmasının və insidentlərin baş verməsinin əsas səbəbidir. Buna görə də bütün məsuliyyət işğalçı dövlət kimi Ermənistanın üzərinə düşür"-deyə Hikmət Hacıyev bildirib.