Səudiyyə Ərəbistanı səfirindən İrana şərt Siyasət

Səudiyyə Ərəbistanı səfirindən İrana şərt

"Əlaqələrimizin bərpası üçün bu ölkə daxili işlərimizə qarışmamalı, terrorçuları dəstəkləməməlidir"

"Səudiyyə Ərəbistanı Krallığı ilə İran arasında əlaqələrin bu səviyyəyə çatmasının səbəbi Krallıqda terrorçular barəsində icra olunan şəriət hökmləri ilə əlaqədar Tehran rejiminin verdiyi aqressiv açıqlamalar, habelə ölkəmizin Tehrandakı səfirliyi və Məşhəddəki baş konsulluğunun məruz qaldığı təcavüz aktlarıdır".
Bu sözləri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym deyib.
Onun sözlərinə görə, heç bir ölkə digərinin onun daxili işlərinə qarışmasını, səfirliyinə hücum edilməsini qəbul edə bilməz: "O cümlədən Səudiyyə Ərəbistanı Krallığı bütün bu mənfur açıqlamaları və təcavüzləri kəskin şəkildə qınayır, ona öz etirazını bildirir. Ölkəmin İranla əlaqələrinin bərpasına gəldikdə isə Krallıq hesab edir ki, İran ölkəmizin daxili işlərinə qarışmamalı, terrorçuları dəstəkləməməli, onları maliyyələşdirməməli, mehriban qonşuluq prinsiplərinə hörmət etməlidir".
Səfir qeyd edib ki, bu müdaxilələr ölkəsi ilə məhdudlaşmır, İraq, Yəmən, Livan, Suriya və Bəhreyn kimi region dövlətlərini də əhatə edir. "Bu ölkələrdə vətəndaş müharibələri və məzhəbçilik zəminindəki qarşıdurmaların əsas səbəbi İran rejiminin ora birbaşa müdaxiləsidir. Əgər İran bu müdaxilələrə və islam aləmində məzhəbçilik və qarşıdurma yaratmaq cəhdlərinə son qoysa, terroru himayə etməsə və ona rəvac verməsə, eləcə də bu işlərin təkrar olunmaması üçün üzərinə öhdəlik götürsə, əlaqələrin bərpasından söhbət gedə bilər. Çünki Krallıq həmişə islam həmrəyliyinin və birliyinin tərəfdarı olub və bundan sonra da olacaq. Hazırda Səudiyyə Ərəbistanı Krallığı İranla bağlı bütün mümkün variantları istər Ərəb Ölkələri Liqası, istər İslam Əməkdaşlıq Təşkilatı, istərsə də Birləşmiş Millətlər Təşkilatı səviyyəsində gözdən keçirir. Biz öz hüquqlarımızın müdafiəsi, Krallığın və Səudiyyə xalqının maraqlarının təminatı, ərazilərimizin qorunması üçün bütün gücümüzü sərf edəcəyik", - deyə diplomat vurğulayıb.