Ərdoğanın Bakı səfəri Siyasət

Ərdoğanın Bakı səfəri

Azər Rəşidoğlu: "Yaranmış vəziyyət Bakı və Ankaranı yenidən yaxın müttəfiq edir"
Vəfa Quluzadə: "Verilən açıqlamalardan da hiss olundu ki, Azərbaycanla Türkiyə arasında tam razılıq, tam anlaşma var"

Türkiyə baş nazirinin Azərbaycan səfəri haqqında xəbərlər sosial mediada da qızğın müzakirə edilib. Hakim partiyanın siyasətini dəstəkləyənlər baş nazirin seçkilərdən sonra ilk dəfə Bakıya səfər etməsini iki ölkə arasında 20 ildən çoxdur davam edən siyasi ənənə nümunəsi kimi qəbul etdiklərini, bunu iki ölkə arasında münasibətlərin bundan sonra da qardaşlıq və qarşılıqlı anlaşma əsasında qurulacağını önə sürüblər. AKP iqtidarına müxalif olan düşərgəni təmsil edənlər isə Türkiyə baş nazirinin Azərbaycan qarşısında nurçularla bağlı tələb qoymasını xarici dövlətin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər. Bu fikrin müdafiəçiləri hesab edir ki, "Camaat" AKP-nin problemidir və bu məsələ heç bir halda Türkiyə dövlətinin problemi kimi qələmə verilərək tərəfdaş dövlətlər qarşısında xüsusi öhdəliklər qoyulmasına səbəb ola bilməz.
Prezident Adminstrasiyasının rəsmisi Novruz Məmmədov bildirib ki, Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik müqaviləsinin bağlanması çoxdandır ki, gündəlikdədir: "Bu gün beynəlxalq münasibətləridəki vəziyyət təkcə bir ölkənin istədiyindən asılı olmur. Hansı ölkə olursa olsun. Türkiyə NATO üzvü olduğu üçün, onun üzvlər qarşısında müəyyən öhhəlikləri var. NATO üzvü olan bəzi ölkələr ola bilər ki, bu əməkdaşlığa müsbət yanaşmazlar. Belə ölkələr olub və var. Özünüzdə müşahidə etdiniz bu günlərdə Türkiyənin yüksək çinli hərbçiləri Azərbaycanda oldular. Münasibətlərin dediyiniz səviyyəyə çatması üçün müəyyən addımlar atılır. Düşünürəm ki, buna nikbin baxmaq lazımdır".
Siyasi şərhçi Azər Rəşidoğlu səfərin Krım böhranından sonra gerçəkləşdiyinə diqqət çəkib: "Krım məsələsində Rusiya Ermənistanın da dəstəklədiyi öz müqəddəratını təyin etmə prinsipinə uyğun addım atır. Türkiyə və Azərbaycan isə beynəlxalq koalisiya sıralarında ərazi bütövlüyü prinsipinə əsaslanıb çıxış edir. Bu bizi yaxınlaşdıran amillər sırasındadır. Əgər Minsk Qrpupu çərçivəsində Fransa və ABŞ-dan olan həmsədrlərin mövqe birliyi ilə bağlı Azərbaycana təhlükə azdırsa, Ukraynanın ərazi bütövlüyü ilə bağlı Rusiya ilə ikitərəfli səviyyədə Minsk prosesi çərçivəsindən kənar bir sıra təhdidlər var. Məhz bu amillər Ərdoğanla Əliyevin müzakirələrinin predmeti ola bilərdi. Bakı ilə Ankara Türkiyə-Rusiya və Azərbaycan-Rusiya münasibətlərində addımları razılaşdırmalıdır. Yəni söhbət iki siyasi vektora razılaşdırılmış yanaşmadan gedir. O cümlədən Qarabağ məsələsi ilə yanaşı, tərəflər Krım tatarlarının taleyinə biganə qala bilməz. Yaranmış vəziyyət Bakı və Ankaranı yenidən yaxın müttəfiq edir".
Millət vəkili Mirkazım Kazımov bildirib ki, Türkiyədə keçirilən bələdiyyə seçkilərində AKP xalqın səsi ilə böyük qələbə əldə etdi: "AKP-nin qələbəsi türk xalqının qələbəsi idi. Bu, həm də Türkiyənin gələcək inkişafına türk xalqı tərəfindən verilən növbəti bir milli dəstək idi. Bildiyiniz kimi, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan seçkidə qazandığı qələbədən sonra ilk səfərini Azərbaycana etdi. Bu, çox mühüm məsələdir. Bununla bir daha sübut edilmiş oldu ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır". Ərdoğanın seçkidən sonra ilk səfərini Azərbaycana etməsinə münasibət bildirən Mirkazım Kazımov qeyd edib ki, ümumiyyətlə, Türkiyə dövlətinin rəhbərləri həmişə seçkidən sonra ilk səfərlərini məhz Azərbaycana ediblər: "Bunun müxtəlif səbəbləri var. Əvvəla, Azərbaycanla Türkiyə dünyada bəlkə də yeganə ölkədirlər ki, bütün münasibətləri tarixi qardaşlıq, qırılmaz dostluq və tam səmimiyyət üzərində qurulub. Həmçinin, iki ölkə arasında bütün sahələr üzrə ciddi tərəfdaşlıq, dostluq mövcuddur. İstər, iqtisadi, istər mədəni, istərsə də başqa sahələr üzrə Azərbaycan-Türkiyə arasında mühüm sənədlər imzalanıb və aramızda əsl mütəffiqlik var. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü də həmişə dəstəkləyib, bundan sonra da belə olacaq. Ümumiyyətlə, Ərdoğanın Azərbaycana səfərinin yalnız müsbət tərəfləri var, burada heç bir mənfilikdən söhbət gedə bilməz. Bu qardaş səfəri idi".
Politoloq Vəfa Quluzadə isə diqqətə çatdırıb ki, Ərdoğanın Azərbaycana səfəri və burada səsləndirdiyi bəyanatlar yüksək dəyərləndirilməlidir: "Verilən açıqlamalardan da hiss olundu ki, Azərbaycanla Türkiyə arasında tam razılıq, tam anlaşma var. Türkiyəni hazırda ən çox maraqlandıran məsələ Azərbaycanın təhlükəsizliyidir. Çünki Krımın işğalından sonra Rusiya parlamentinin üzvləri, politoloqlar Azərbaycana qarşı xeyli təhdid dolu fikirlər səsləndirir. Hətta bu fikirlərdə Azərbaycanın işğalına açıq eyhamlar vurulur, Azərbaycanın Rusiyanın tərkibinə qatılmalı olduğu dilə gətirilirdi. Amma Ərdoğanın bu səfəri müəyyən məqamlara aydınlıq gətirir. Onu da nəzərə almaq lazımdır ki, Ərdoğanın Azərbaycana səfərindən öncə Türkiyənin ordu generalları ölkəmizdə olmuşdular. Amma Ərdoğan da səfərində özüylə müdafiə nazirini gətirdi. Bütün bu mesajlar diqqətdən kənarda qalmamalıdır. Bu ondan xəbər verir ki, görüşdə Azərbaycanın təhlükəsizliyi məsələsi də müzakirə predmeti olub. Əminəm ki, bu istiqamətdə razılıq da əldə olunub. Əgər Azərbaycana qarşı növbəti dəfə xaricdən real təhlükə baş versə, Türkiyə mütləq Azərbaycanın tərəfindən çıxış edəcək. Çünki türk zabitləri bizim orduda çoxdandır işləyirlər və durumu hamıdan gözəl bilirlər. Eyni zamanda Türkiyə dövlətinin kəşfiyyat orqanı regionumuzu izləyir və prosesləri təhlil edir. Azərbaycan daha rus-erməni zərbələrinin qarşısında geri çəkilməyəcək. Hətta rus politoloqları belə fikir səsləndirib ki, Azərbaycanla Türkiyə arasında hərbi müqavilə baş tutdu.
Görüşdə eyni zamanda enerji təhlükəsizliyi məsələləri də həllini tapıb. Artıq Bakı-Ceyhana zərbə vurulması, Rusiya ilə Qərb arasında qarşıdurma daha da dərinləşəcəyi təqdirdə Azərbaycanın kəmərlərinə təhlükə törədilməsi ehtimalı zərərsizləşdirilib. Rusiya hələlik Qərbi marağı olan layihələrə zərbə endirməklə hədələyir. Qərb də sözsüz ki, bu təzyiqlərin qarşısında gözüyumulu qalmır və hesablayır ki, belə bir təhlükə olsa, hansı addımı ata bilər. Məsələn, bir neçə gün əvvəl Rusiya ABŞ hərbi gəmilərinin Qara dənizdə olması ilə bağlı sərt bəyanat verdi. Bəyanat Türkiyəyə ünvanlanmışdı. Türkiyənin də öz növbəsində Rusiyanın bu bəyanatına sərt cavabı oldu. Görünən odur ki, Qərb Rusiyanın yürütdüyü siyasətlə bağlı seyrçi mövqedə qalmaq niyyətində deyil".
Vəfa Quluzadə diqqətə çatdırıb ki, Türkiyə ilə Azərbaycan arasında hərbi saziş əlavə qıcıq yaratmamaq üçün imzalanmadı: "Amma de-fakto Türkiyə ilə Azərbaycan arasında belə bir saziş var. İndi məsələ bundan ibarətdir ki, bu saziş de-yureyə keçə bilərmi? Mən hələ 1999-cu ildə Azərbaycanda NATO bazalarının yerləşdirilməsi ilə bağlı təklif verəndə Rusiya hakimiyyət təmsilçiləri bundan narahatlıq keçirdilər. O zaman Gülhanədə müalicə olunan Heydər Əliyevin yanına Rusiyadan nümayəndə heyəti gəldi ki, bəs verilən bəyanat nəyə xidmət edir? Heydər Əliyev isə bəyan etdi ki, öncə Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğu, Ermənistan və Gürcüstandakı hərbi bazaları müzakirə olunsun. Biz bəyan etdik ki, ümumiyyətlə, Qafqazda hərbi bazalar mövcud olmasın. Ona görə biz təhlükəsizlik baxımından bilmək istəyirik ki, Azərbaycana təhlükə olan zaman Türkiyə bizi müdafiə etmək üçün hansı addımları atacaq. Onu da nəzərə almaq lazımdır ki, hazırkı dönəmdə müdafiə xatirinə bir dövlətin hərbi bazasının digər ölkədə yerləşdirilməsinə ehtiyac da yoxdur. 90-cı illərdən fərqli olaraq artıq baza ideologiyası tamamilə müxtəlifdir. Hazırda müasir texnologiyalar hesabına bir neçə saatın ərzində desant təyyarələri ilə qoşun, texnika istənilən əraziyə gətirilə bilər. Azərbaycanın hava limanlarında bunun üçün infrastruktur da formalaşdırılıb".
"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, əvvəlcədən belə bir səfərin olması barədə rəsmi mənbələrdən informasiya verilməmişdi: "Bu isə onu göstərir ki, səfərin reallaşmasına qəflətən qərar verilib. Bu da Azərbaycanın yerləşdiyi regionda mövcud olan vəziyyətlə bağlıdır. Səfər zamanı və Ərdoğanın bəyanatlarında dəfələrlə təhlükəsizlik məsələləri qabardılmışdı. O da nəzərə alınmalıdır ki, Ərdoğandan öncə Türkiyə baş qərargah rəisi Bakıya səfər etmişdi. Bu isə o deməkdir ki, regional təhlükəsizlik məsələsi iki ölkə arasında gündəmdə olan mövzudur. Bu regional təhlükəsizlik də Xəzər dənizi və Qara dənizi əhatə edir. Eyni zamanda Ukraynada baş verənlər, bu dövlətin Rusiya ilə bağlı yaşadıqları da Ərdoğanın Azərbaycana səfərini zəruri edirdi. Sadəcə olaraq səfərin indi baş verməsinin bir neçə səbəbi var. Buna səbəb Türkiyədə keçirilən bələdiyyə seçkiləri idi. Ərdoğan rəqibləri ilə çətin mübarizədə idi. Yalnız seçkilər bitəndən və Türkiyədə seçkinin qalibi bəlli olduqdan sonra Bakıya səfər etmək mümkün olub. Əlbəttə ki, burada birinci növbədə müzakirə predmeti Krım presedenti ilə bağlı Azərbaycan üçün mümkün fəsadlar olub. O cümlədən Qarabağ problemi, onun hazırkı durumdan çıxış edərək həlli yollarına da toxunulub. Təhlükəsizlik məsələlərində bu məqamlar bir-birinə bağlıdır".

Əli