“Freedom House” Azərbaycana qarşı qərəzli mövqe seçib” Siyasət

“Freedom House” Azərbaycana qarşı qərəzli mövqe seçib”

Qabil Hüseynli: "Bu təşkilat ənənəvi xəttini davam etdirir"

Musa Quliyev: "Əgər "Freedom House" Azərbaycanı azad ölkələr siyahısına daxil etsəydi, biz buna təəccüblənərdik"

Azay Quliyev: "Freedom House" təşkilatı müəyyən qüvvələr üçün istismar alətinə çevrilib"

Çingiz Qənizadə: "Freedom House"nin rəhbərliyində ermənilər və erməni lobbisi ilə sıx əlaqəli olan insanlar çalışır"

"Freedom House" ölkəmizi təməl azadlığının ən çox pozulduğu on ölkə siyahısına saldı. Vətəndaş və siyasi azadlıqlar üzrə nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarından olan "Freedom House" 195 ölkədə təməl azadlıqlarının durumu ilə bağlı "2016-cı ildə dünyada azadlıqlar" adlı hesabatını açıqlayıb.
Sənədə görə, həmin ölkələrdən yalnız 86-sı azad sayılır, 50 regionda isə vəziyyət böhranlı hesab edilib.
Vətəndaş və siyasi haqların durumunun ən aşağı səviyyədə olduğu ölkələr kimi Suriya, Somali, Şimali Koreya, Özbəkistan, Səudiyyə Ərəbistanı, həmçinin də Yaxın Şərqin və Şimali Afrikanın digər dövlətlərinin adı çəkilib.
Söz-ifadə azadlığının ən çox pozulduğu ön ölkə siyahısına Əfqanıstan, Azərbaycan, Belarus, İran, İraq, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan daxil edilib. Gürcüstan, Ermənistan, Bosniya və Hersoqovina qismən azad, Xorvatiya və Serbiya isə azad ölkələr kimi qeyd olunub.
"Ancaq ölkə daxilində situasiya insan haqları sahəsində real dəyişikliklərə məruz qalmayıb. Bunu son prezident seçkiləri də təsdiq edir – hansı seçkilər ki, nə azad, nə də ədalətli olub" – hesabatda vurğulanır.
Sənəd müəlliflərinə görə, 2015-ci ildə dünyada azadlığın səviyyəsi aşağı olsa da, 195 ölkədən 86-sı, yəni 74%-i hələ ki azad ölkə olaraq qalır, 59 ölkə isə qismən azaddır. Yerdə qalan digər 50-si qeyri-azad ölkələrdir. Təşkilatın qənaətincə, son 10 il ərzində 105 ölkədə azadlığın səviyyəsi aşağı enib, 61 regionda isə yaxşıya doğru dəyişib.
Maraqlıdır ki, "Freedom House" Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində də "siyasi və vətəndaş hüquqlarına" qiymət verib. Sənədə görə, Ermənistan kimi "Dağlıq Qarabağ da qismən azad ərazidir". Başqa sözlə, belə çıxır, separatçı rejimin nəzarətindəki ərazidə azadlıqların səviyyəsi Azərbaycanın yerdə qalan hissəsindəkindən yaxşı hesab edilib.
Əlbəttə ki, bu məqam təşkilatın gəldiyi ümumi nəticəyə və qərəzsizliyinə müəyyən kölgə salır. Çünki işğal edilmiş, yerli azərbaycanlı əhalinin etnik təmizlənməyə məruz qaldığı ərazidə heç bir siyasi-vətəndaş haqlarının təmin olunmasından söhbət gedə bilməz.
"Freedom House"iun açıqladığı siyahıya münasibət bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, təşkilat Azərbaycana qarşı qərəzli mövqe seçib: ""Freedom House" ənənəvi xəttini davam etdirir. Bu xətt Azərbaycanla, Azərbaycanın siyasi hakimiyyəti ilə düşmənçilik xəttidir. Ölkədəki hər şeyi qara fonda təqdim etməyə çalışır. Bəzi qüsurlarımız var. Biz bunu etiraf edirik. Amma biz o qüsurları danmırıq bunları aradan qaldırmaq istiqamətində fəaliyyət göstəririk. Bu qüsurlar Ermənistanda da var, başqa postsovet respublikalarında da. "Freedom House" və bəzi başqa beynalxalq təşkilatlar yalnız Azərbaycanı tutub və ölkəmizi düşmən obrazında göstərməyə çalışırlar. Bu ayıb olan bir şeydir. Mənim zənnimcə "Freedom House" belə qeyri obyektiv hərəkətləri ilə öz imicinə xələl gətirir".
Millət vəkili Musa Quliyev isə bildirib ki, əgər "Freedom House" Azərbaycanı azad ölkələr siyahısına daxil etsəydi, biz buna təəccüblənərdik: "Hətta həmin qurumdan şübhələnərdik ki, görəsən ona nə olub ki, bu cür qərar qəbul edib. "Freedom House" həmişə Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli və düşmən münasibəti bəsləyən bir təşkilat olub". Deputatın sözlərinə görə, bu qurumun Azərbaycan haqqındakı fikrinin nə ölkə xalqına, nə də Azərbaycanın beynəlxalq mövqeyinə heç bir aidiyyatı, dəxli və təsiri yoxdur: "Bu mənada "Freedom House" kimi bir sıra təşkilatlar var ki, onlar zaman-zaman Azərbaycana qarşı öz qərəzli mövqelərini ortaya qoyurlar. Onların bu cür qiymətləndirmələrinə və yaxud mövqelərinə əhəmiyyət vermək lazım deyil".
Millət vəkili Azay Quliyev deyib ki, ""Freedom House" təşkilatı müəyyən qüvvələr üçün istismar alətinə çevrilib. Deputat adıçəkilən təşkilatın ölkəmizə qarşı qərəzli mövqe sərgilədiyini bildirib: "Təşkilatın rəhbərliyi Azərbaycanı tutduğu yoldan döndərmək, bəlli dairələrin sifarişlərini, istəklərini icra etmək üçün təzyiqlər edir. Erməni lobbisi, erməni diasporu öz maraqlarını Azərbaycanda bilavasitə həyata keçirmək istəyən qüvvələrdir. "Freedom House" onlar üçün bir istismar sahəsinə çevrilib".
Millət vəkili Çingiz Qənizadə vurğulayıb ki, "Freedom House" adlı yaramaz təşkilatın Azərbaycan haqqında qərəzli hesabatı bəzi qüvvələr və qeyri-hökumət təşkilatlarının məlumatlarına istinad edir: "Onlar daima qərəzli olaraq ölkəmiz haqda mənfi rəylər irəli sürürlər".
Onun sözlərinə görə, "Freedom House"nin rəhbərliyində ermənilər və erməni lobbisi ilə sıx əlaqəli olan insanlar çalışır: "Onlar təbii ki, heç cür obyektiv qərar qəbul edə, hesabat yaya bilməzlər. Artıq "Freedom House"nin həyasızlığı o həddə çatıb ki, Dağlıq Qarabağı "müstəqil qurum" kimi qeyd edir, onun haqqında rəy verirlər. Bizi sevən, sevməyən heç bir ölkə Dağlıq Qarabağı hüquqi cəhətdən dövlət kimi tanımadığı halda, "Freedom House"nin oranı ayrıca qiymətləndirməsi məhz bu qurumun iç üzünün açılmasıdır. Bunların hamısı ermənilərin indiyədək apardıqları çirkin kampaniyanın tərkib hissəsidir. "Freedom Hause"nin Dağlıq Qarbağı ayrıca qiymətləndirməsi bütün dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara onların məram və məqsədinin nə olduğunu ortaya qoydu".
Deputat qeyd edib ki, bu qurumun Azərbaycan haqqında qərəzli hesabatından bəzi qüvvələr istifadə etməyə çalışacaqlar: "Bu qərəzli hesabatı müxalifət, digər bəzi təşkilatlar bayraq edəcək, onların rəyinə müsbət don geyindirməyə çalışacaqlar. Azərbaycan xalqının böyük əksəriyyəti ölkədə reallığın nə olduğunu yaxşı bilir. Azərbaycanda demokratiya, insan haqları, azad mətbuat inkişaf edib. Qanuna hörmət edən hər bir şəxs ölkəmizdə yaşayıb, yaradıb, təhsil alıb, işləyə bilir. Azərbaycan demokratik, hüquqi dövlət olmaqla, demokratiya uğrunda apardığı işləri davam etdirir. Bu cür ermənipərəst təşkilatların açıqlamaları onların iç üzünü, daxili maraq və məramlarını ortaya qoyur".