“2015-ci ildə Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramı başa çatıb” Siyasət

“2015-ci ildə Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramı başa çatıb”

Bəxtiyar Əliyev: "Yəqin ki, dövlət başçısı yeni dövlət proqramının hazırlanması ilə bağlı tapşırıq verəcək"

Ölkədə korrupsiyaya qarşı mübarizə günün tələbinə çevrilib. Xüsusən, prezident İlham Əliyevin süni bahalaşma ilə bağlı verdiyi tapşırıqların icrası bu məsələni zəruri edir. Baxmayaraq ki, ölkədə aparılan islahatlar nəticəsində yeni qurumların yaradılması ilə korrupsiya hallarının qarşısı maksimum dərəcədə alınır, ancaq etiraf edilməlidir ki, hələlik bu bəlanın tamamilə kökünü kəsmək mümkün olmayıb. Elə bunu nəzərə alan dövlət başçısı qeyd edib ki, istehlak qiymətlərinə nəzarət daim olmalıdır: "Süni bahalaşmaya qarşı mübarizə aparılır və aparılacaq. Korrupsiya, rüşvətxorluq üçün meydan daralır, yeni ictimai xidmətlər yaradılır. "ASAN xidmət" iki il ərzində artıq yeddi milyon insana xidmət göstərib. Bu yeddi milyon insan bu iki il ərzində "ASAN xidmət"də korrupsiyanın nə olduğunu görməyib. Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq edilir. Hər hansı yüksək vəzifəli şəxs qanunu pozursa, öz vəzifə borclarını yerinə yetirə bilmirsə, mütləq cəzalandırılacaq". İndi belə bir sual yaranır: korrupsiya və rüşvətxorluğa şərait yaradan hallar hansılardır və onun qarşısını necə almaq olar?
Məlumat üçün qeyd edək ki, Azərbaycanda "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qəbul edilib. Bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.
Bu qanun, habelə dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır. Korrupsiya isə vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır. Buradan məlum olur ki, korrupsiyaya qarşı səmərəli mübarizə aparmaq üçün bu sahəni tənzimləyn yeni qanunların qəbuluna ehtiyac var. Yeri gəlmişkən xatırladaq ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015- ci illər üçün Milli Fəaliyyət Planı"nda korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi işləri əksini tapıb. Fəaliyyət planında konkret olaraq korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsinə, hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydalarına dair, korrupsiyaya qarşı mübarizə sahəsində hakimlərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması üzrə, korrupsiya cinayətləri üzrə istintaq sövdələşməsinin cinayət-prosessual qanunvericiliyə daxil edilməsi üzrə təkliflərin hazırlanması kimi məsələlər yer alıb.
Mİllət vəkili, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Bəxtiyar Əliyev bildirib ki, ölkədə 1995-2005-ci ilə qədər korrupsiyayla mübarizə ilə əlaqədar eks-prezident Heydər Əliyevin imzaladığı fərman vardı. 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qəbul olundu və keçid dövrü nəzərə alınmaqla 2005-ci ildən qüvvəyə mindi. Lakin bəzi məsələlərlə bağlı belə bir təəssürat yaranır ki, 2005-2015-ci illər də keçid ili elan olundu. Çünki sənəddə nəzərdə tutulan bir sıra qanunlar hələ də qəbul edilməyib, hələ də öz növbəsini gözləyir: "Məsələn, müxtəlif adlar altında Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub, lakin hansısa sehirli əllər bu qanunu gündəlikdən çıxarıb. Əgər ölkədə rəqabət, antiinhisar haqqında qanun yoxdursa, qanuni yolla mübarizə necə aparıla bilər. Hələ cəmiyyət nə qədər gözləməlidir ki, bu qanun qəbul edilsin. Vaxtilə "Maraqların toqquşması haqqında" qanun layihəsi hazırlanmışdı. Bu "Korrupsiyaya qarşı mübarizə haqqında" qanundan irəli gələn bir sənəddir. Lakin bu günə qədər də həmin qanun layihəsi parlamentə təqdim olunmayıb. Yerlərdə isə korrupsiya ilə bağlı faktlar biləvasitə maraqların toqquşması ilə bağlı məsələlərdir". Millət vəkilinin sözlərinə görə, digər bir ciddi məsələ gəlir vergisinin bəyənnaməsi ilə bağlıdır. Qanunda hüqiqi və fiziki şəxslərlə, dövlət qulluğu ilə bağlı bir bəyənnamənin verilməsi nəzərdə tutulub. Vaxtilə Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının təqdim etdiyi forma Nazirlər Kabinetinə göndərilmişdi. Lakin çox təəssüflər olsun ki, üstündən 7-8 il keçməsinə baxmayaraq hələ də bu bəyənnamə yoxdur: "Əgər şəxs bəyənnamə təqdim etmirsə, korrupsiyaya qarşı mübarizə məqsədilə hansı qanunu tədbirlər görülə bilər? Hesab edirəm ki, belə bir bəyənnamənin qəbulu qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olmalıdır". O, bildirib ki, qanunların antikorrupsiya ekspertizası haqqında ümumi bir razılıq var idi. Sənəd "Normativ hüquqi aktların antikorrupsiya ekspertizası" adlanırdı. Lakin hələlik belə bir qanun layihəsi də yoxdur: "Hesab edirəm ki, bu qanunlar Milli Məclisin qanunvericilik iş planına daxil edilməlidir. Ən azından payız sessiyasında bu qanunlar müzakirəyə çıxarılmalıdır. Ona görə ki, bu kompleks qanunları qəbul etmədən korrupsiyaya qarşı mübarizənin effektivliyi, qanuni yolla mübarizə aparılması olduqca çətin görünür. Artıq 2015-ci ildə Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramı başa çatıb. Yəqin ki, dövlət başçısı yeni dövlət proqramının hazırlanması ilə bağlı tapşırıq verəcək. Etiraf edilməlidir ki, korrupsiyaya qarşı mübarizədə bu dövlət proqramlarının ciddi nəticəsi oldu. Ən öndə olan məsələlərdən biri olan bir-birini təkrar edilən qurumlar ləğv edildi, inhisarlarla bağlı islahatlar aparıldı, nəhayət "ASAN xidmət"lər yaradıldı. Bu xidmət bir daha göstərir ki, ölkədə şəfaflığı təmin etmək üçün nə qədər böyük imkanlar var. Amma çox maraqlıdır ki, "ASAN xidmət"ə hər hansı səlahiyyətlər verildiyi halda şəfaflıq təmin olunur, ancaq mərkəzi icra hakimiyyəti orqanında şəfaflıq təmin olunmurdu. Deməli, o icra hakimiyyəti orqanlarının özlərinin hansısa problemləri var. Həmin problemlər isə adlarını çəkdiklərimiz qanunlarla bağlıdır. Bəzən mərkəzi və yerli icra hakimiyyətləri orqanlarında hüquqi normativ aktlar kimi əsasnamələr qəbul edilir. Həmin əsasnamələr normativ hüquqi akt kimi təqdim olunur, əsas qanunlar isə kənarda qalır".