Amerikalı ekspertdən xəbərdarlıq Siyasət

Amerikalı ekspertdən xəbərdarlıq

"Qərb Ukrayna, Gürcüstan və Azərbaycanı müdafiə etməsə..."

Qərb Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib və Ukraynaya qarşı aqressiyaya cavab olaraq təcridolunma prosesi başlayıb. Ancaq Vaşinqton və Brüssel başa düşməlidir ki, Kiyevin, eləcə də Şimali Qafqaz regionunun taleyi Qərbin Orta Asiya və Yaxın Şərqə çıxışından asılıdır.
Bu haqda "The Wall Street Journal"da Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz institutnun direktoru Svante Kornell yazıb. Ekspert qeyd edib ki, Vladimir Putinin Belarusdan Tacikistana qədər yaratmaq istədiyi "Avrasiya" imperiyası üçün Ukrayna və Qafqaz ölkələri vacibdir: "Amerika-Rusiya münasibətləri Ukraynaya görə pisləşib, ancaq neqativ aqibət yalnız Ukrayna ilə məhdudlaşmayacaq. Putin Qafqaz dəhlizinin strateji əhəmiyyətini Avropadakı strategiya müəlliflərindən daha çox başa düşür. 2008-ci ildə Gürcüstana hərbi müdaxilə, keçmiş prezident Dmitri Medvedyev etiraf etdiyi kimi, NATO-nun genişlənməsini saxlamağa yönəldilmişdi".
Politoloq qeyd edir ki, Kreml artıq Ermənistanda mövcudluğunu möhkəmləndirib: "Pution Gürcüstanda və Azərbaycanda Rusiya tərəfdarı olan siyasi qüvvələri və hərəkatları maliyyələşdirir".
Politoloq güman edir ki, Kreml Dağlıq Qarabağa görə Ermənistanla Azərbaycan arasındakı münaqişəni qızışdıra bilər. Sonra isə Gürcüstandan ermənilər üçün dəhliz tələb edər ki, Ermənistandakı hərbi bazalarına çıxış əldə etsin: "Əgər Azərbaycan və Gürcüstan Moskvanın təzyiqlərinə davam gətirməsə, Kreml Əfqanıstandan olan tranzit marşrutuna nəzarəti geri qaytaracaq".
O qeyd edir ki, bu, Vaşinqtonun Mərkəzi Asiyaya çıxışını itirməsi demək olacaq: "Avropa İttifaqının enerji təminatına görə Xəzər dənizinin enerji resurslarına olan bütün ümidlər puç ola bilər. Politoloq NATO-ya üzvlük yolunda olan Ukraynanı və Gürcüstanı dəstəkləməklə bağlı ABŞ-ın ciddi düşünməsini məsləhət görür: "Bundan əlavə, Vaşinqton Bakının NATO ilə əməkdaşlığı dərinləşdirməsi və hərbi bazasının yerləşdirilməsi ilə bağlı razılıq əldə etməlidir".
Onun fikrincə, bu Moskva üçün ciddi siqnal olacaq.