
Müasir iqtisadiyyatın əsas göstəricilərindən biri nağdsız ödənişlərin geniş tətbiqidir. Rəqəmsal texnologiyaların sürətli inkişafı, elektron bankçılıq xidmətlərinin genişlənməsi və əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının artması nəticəsində dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da nağdsız ödənişlərin həcmi ildən-ilə artır. Bu proses təkcə maliyyə sektorunun modernləşdirilməsinə deyil, həm də kölgə iqtisadiyyatının azaldılmasına, vergi daxilolmalarının artmasına və maliyyə şəffaflığının güclənməsinə mühüm töhfə verir.
Azərbaycanda nağdsız ödənişlərin həcmi artmaqda davam edir və kartla həyata keçirilən ödənişlərin payı 70 faizə yaxınlaşıb. Bunu Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov bildirib. O vurğulayıb ki, əvvəlki dövrlərlə müqayisədə kart ödənişlərinin xüsusi çəkisi 17,8 faizdən 69,1 faizə yüksəlib. Sədr müavini qeyd edib ki, son dövrlərdə ani ödəniş sistemləri də sürətlə inkişaf edir və rəqəmsal ödəniş infrastrukturunun genişlənməsi nağdsız iqtisadiyyatın inkişafına mühüm töhfə verir.
Azərbaycanda rəqəmsal kanallar artıq maliyyə sektorunda əsas xidmət platformasına çevrilib və vətəndaşlarla biznesin maliyyə davranışında ciddi dəyişiklik yaradıb. V.Xəlilovun sözlərinə görə, son illərdə nağdsız ödənişlərin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Belə ki, kart əməliyyatlarında nağdsız ödənişlərin payı 17,8 faizdən 97 faizə yüksəlib. Eyni zamanda, ani ödənişlər sistemində əməliyyatların həcmi 2025-ci ilin əvvəlindəki 87 milyon manatdan 940 milyon manata çatıb. Bu göstəricilər təkcə texnologiyaların tətbiqini deyil, həm də vətəndaşların və biznes subyektlərinin maliyyə davranışının dəyişdiyini göstərir. Bank sektorunda rəqəmsallaşmanın ən mühüm nəticələrindən biri insan kapitalının inkişafıdır. Son araşdırmalara əsasən, sistem əhəmiyyətli banklarda əməkdaşların təxminən 30 faizi proqramlaşdırma, süni intellekt, məhsul idarəçiliyi və DevOps kimi rəqəmsal istiqamətlərdə çalışır.
Bu ilin may ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə ümumilikdə 2,998 milyard manat məbləğində74,483 milyon ödəniş əməliyyatı aparılıb. Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 2,523 milyon və ya 3,5 faiz artıb, əməliyyatların məbləği isə 31 milyon manat və ya 9,4 faiz azalıb.
Mərkəzi Bankın məlumatına əsasən, may ayının sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 309 min artaraq 22 milyon 827 min ədədə çatıb. Müvafiq dövr ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 12 faiz artıb. Bu zaman debet kartlarının sayı 13 faiz artdığı halda, kredit kartlarının sayı 3 faiz azalıb. Ödəniş kartlarının sayındakı artım nağdsız hesablaşmaların həcminə müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən etibarən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb.
Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən özəl müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir. Növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi ola bilər. Bunun üçün Azərbaycan Ani Ödəniş Sistemi ilə digər ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu sahədə beynəlxalq təcrübəni öyrənir. Prioritet istiqamətlər gündəlik pərakəndə hesablaşmalarda QR ödənişlərinin istifadəsinin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin edilməsidir.
Son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar çərçivəsində rəqəmsal ödəniş ekosisteminin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bank kartlarından istifadənin genişlənməsi, internet və mobil bankçılıq xidmətlərinin inkişafı, QR kod vasitəsilə ödənişlərin tətbiqi, elektron ticarətin sürətlə böyüməsi və dövlət xidmətlərinin rəqəmsallaşdırılması nağdsız hesablaşmaların həcminə müsbət təsir göstərib.
Əhalinin gündəlik həyatında bank kartlarından istifadə artıq adi hala çevrilib. Əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlərin bank kartları vasitəsilə ödənilməsi milyonlarla vətəndaşın nağdsız ödəniş sisteminə qoşulmasını təmin edib. Eyni zamanda, ticarət və xidmət obyektlərində POS-terminalların sayının artması kartla ödəniş imkanlarını daha da genişləndirib.
Elektron ticarətin inkişafı da kartla ödənişlərin artmasına ciddi təsir göstərən amillərdəndir. Onlayn alış-veriş platformalarının çoxalması, kommunal ödənişlərin, vergi və rüsumların elektron qaydada həyata keçirilməsi, mobil tətbiqlərin geniş yayılması nağdsız dövriyyənin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Xüsusilə COVID-19 pandemiyasından sonra təmassız ödənişlərə maraq daha da artaraq bu istiqamətdə yeni istehlak vərdişləri formalaşdırıb.
Nağdsız ödənişlərin iqtisadi üstünlükləri kifayət qədər genişdir. İlk növbədə, bu sistem iqtisadiyyatda maliyyə axınlarının şəffaflığını artırır. Bütün əməliyyatların elektron qaydada qeydə alınması vergidən yayınma hallarının azalmasına və kölgə iqtisadiyyatının məhdudlaşdırılmasına şərait yaradır. Digər tərəfdən, nağd pul dövriyyəsinin azalması dövlət üçün pul nişanlarının çapı, daşınması və saxlanılması ilə bağlı xərcləri azaldır.
Biznes subyektləri üçün də nağdsız hesablaşmalar mühüm üstünlüklər yaradır. Elektron ödənişlər əməliyyatların sürətini artırır, mühasibat uçotunu sadələşdirir, maliyyə idarəetməsini təkmilləşdirir və sahibkarların bank xidmətlərinə çıxış imkanlarını genişləndirir. Bundan əlavə, nağdsız ödənişlər istehlakçılar üçün daha təhlükəsiz və rahat hesablaşma vasitəsi hesab olunur.
Lakin bu sahədə əldə olunan uğurlarla yanaşı, həllini gözləyən problemlər də mövcuddur. İlk növbədə, regionlarda nağdsız ödəniş infrastrukturunun inkişaf səviyyəsi Bakı ilə müqayisədə aşağıdır. Bir sıra kənd və qəsəbələrdə POS-terminalların sayı məhduddur, internet bağlantısında problemlər yaşanır və bəzi ticarət obyektləri hələ də əsasən nağd hesablaşmalara üstünlük verirlər.
Digər mühüm problem kibertəhlükəsizlik məsələsidir. Kart məlumatlarının oğurlanması, fişinq hücumları, saxta internet səhifələri və müxtəlif onlayn fırıldaqçılıq halları son illər bütün dünyada olduğu kimi Azərbaycanda da artmaqdadır. Rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi ilə paralel olaraq informasiya təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi zərurəti də artır.
Nağdsız ödənişlərin inkişafına mane olan digər amillərdən biri bəzi sahibkarlıq subyektlərinin hələ də nağd hesablaşmalara üstünlük verməsidir. Bəzi hallarda vergi öhdəliklərindən yayınmaq məqsədilə kartla ödənişdən imtina edilir və ya alıcılara nağd ödəniş təklif olunur. Bu isə nağdsız iqtisadiyyatın inkişaf tempini müəyyən qədər zəiflədir.
Bundan başqa, yaşlı nəslin və rəqəmsal texnologiyalardan istifadə bacarığı zəif olan insanların bir hissəsi elektron ödəniş sistemlərindən istifadə etməkdə çətinlik çəkir. Maliyyə savadlılığının artırılması və əhalinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi bu sahədə mühüm vəzifələrdən biridir.
Gələcəkdə Azərbaycanda nağdsız ödənişlərin inkişafı üçün geniş imkanlar mövcuddur. Süni intellekt, biometrik identifikasiya, rəqəmsal cüzdanlar, açıq bankçılıq (Open Banking) və maliyyə texnologiyalarının (FinTech) inkişafı ödəniş sistemlərinin daha təhlükəsiz, sürətli və əlçatan olmasına şərait yaradacaq. Eyni zamanda, rəqəmsal manat layihəsinin perspektivdə tətbiqi ölkənin ödəniş infrastrukturunda yeni mərhələnin başlanğıcı ola bilər.
Nağdsız ödənişlərin genişləndirilməsi həm də iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu məqsədlə rəqəmsal infrastrukturun regionlarda daha da inkişaf etdirilməsi, POS-terminalların əhatə dairəsinin genişləndirilməsi, sahibkarların və vətəndaşların nağdsız hesablaşmalara təşviq olunması, kibertəhlükəsizlik sistemlərinin gücləndirilməsi və maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərin davam etdirilməsi vacibdir.
Nəticə etibarilə, Azərbaycanda nağdsız ödəniş sistemi son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla belə, mövcud potensialdan tam istifadə etmək üçün rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, müasir maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi və təhlükəsiz ödəniş mühitinin formalaşdırılması əsas prioritetlər sırasında qalır.
Mahir Həmzəoğlu