
Boğaza alternativ axtarılır
Fevralın 27-də ABŞ və İsrailin İrana hücumu Hörmüzün bağlanmasına səbəb oldu ki, bu da regional iqtisadi gərginlik yaratdı. Hər dəfə tərəflər arasında münaqişə qızışanda İran əsas neft ixrac marşrutu olan Hörmüz boğazını bağlamaqla dünyaya meydan oxuyur ki, bu da bəzi hegemon ölkələrin iqtisadiyyatına zərbə vurur.
Xatırladaq ki, Hörmüz boğazı Oman və İran arasında yerləşir və şimaldakı körfəzi cənubda Oman körfəzi və daha sonra Ərəb dənizi ilə birləşdirir. Ən dar nöqtəsində eni 21 mil (33 km), hər iki istiqamətdə gəmiçilik zolağı isə cəmi 2 mil (3 km) təşkil edir.
Dünyada istehlak olunan ümumi neftin təxminən beşdə biri bu boğazdan keçir. Analitik şirkət “Vortexa”nın məlumatına görə, ötən il gündəlik orta hesabla 20 milyon bareldən çox xam neft, kondensat və yanacaq boğazdan keçib.
OPEC üzvləri olan Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraq xam neftin böyük hissəsini əsasən Asiyaya məhz bu boğaz vasitəsilə ixrac edir. Dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçılarından biri olan Qətər isə LNG-nin demək olar ki, hamısını bu boğazdan göndərir.
Boğaz böyük güclərin maraq dairəsindədir. ABŞ boğaza tam nəzarət etdiyini, İran isə onu əldən verməyəcəyini, hətta minalayacağını deyib. Bəs Hörmüz boğazına alternativ yoxdur ki, güclər dar bir keçid üstündə münaqişəyə giriblər?
Bir müddət öncə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bu barədə "Hürriyet" qəzetinə bildirib ki, Bəsrə-Ceyhan neft kəməri layihəsi İran ətrafında artan geosiyasi gərginlik səbəbindən həssaslaşan Hörmüz boğazına strateji alternativ ola bilər.
O qeyd edib ki, Hörmüz boğazı ərazisindəki qeyri-sabit vəziyyət bazar iştirakçılarını neftin çatdırılması üçün digər yollar axtarmağa vadar edir. Onun fikrincə, İraq-Türkiyə layihəsi eyni vaxtda Bağdada sabit ixrac kanalına zəmanət verməyə, Ankaranın enerji habı kimi mövqeyini gücləndirməyə və Avropa ölkələrinin enerji təhlükəsizliyini möhkəmləndirməyə qadirdir:
"Müharibə başa çatdıqdan sonra Yaxın Şərq artıq əvvəlki kimi olmayacaq. Regionun siyasət, iqtisadiyyat və təhlükəsizliyində ciddi dəyişikliklər baş verəcək. İnsanlar Hörmüz boğazına alternativlər axtarmağa başlayacaqlar. Düşünürəm ki, Bəsrə-Ceyhan neft kəməri İraq, Türkiyə, regional enerji təhlükəsizliyi və xüsusilə də Avropa üçün birinci dərəcəli əhəmiyyətə malik son dərəcə cəlbedici layihə ola bilər".
Birol qeyd edib ki, İraqın cənubundakı Bəsrə əyalətindəki yataq 90 milyard kubmetr neft ehtiyatı ilə dünyanın ən böyük yataqlarından biri hesab olunur.
Türkiyədə Bəsrədən çəkiləcək neft kəmərinin tikintisi layihəsi İraqın neft yataqlarını Aralıq dənizindəki Ceyhan limanı ilə birləşdirərək neftin Hörmüz boğazından yan keçməklə ixrac edilməsini nəzərdə tutan "İnkişaf yolu" logistik layihəsi kontekstində nəzərdən keçirilir. Hesablamalara görə, bu kəmərlə sutkada 1,5 milyon barelədək neftin nəqli mümkündür.
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Elşən Manafov deyib ki, Hörmuz boğazı İran körfəzini cənub qərbdə Omanla, cənub şərqdə isə Hind okeanı ilə baglayan su höhzəsidir. Beynəlxalq dəniz hüquqna görə onun statusu BMT konvenziyası ilə muəyyənləşdirilib və beynəlxalq dəniz yükdaşınmaları üçün sərbəst elan edilib: “Bununla belə,1959-cu ildə Oman,1972-ci ildə isə İran böğazın cənub Qərb, habelə cənub şərq hissələri ilə baglı öz ərazi sularının həcmini təxminən 12 mil, yəni 22 km uzatmaq barədə birtərəfli qərarlar qəbul etdilər və bunun öz milli təhlükəsizlik maraqları ilə əlaqələndirdilər. Hörmuz boğazı üzərindən ABŞ-nin sonralar bölgəyə təsir imkanlarını gücləndirmək üçün atdığı addımlar, xususilə İran-İraq müharibəsi zamanı yaşananlar göstərdi ki, məlum dövlətlər üçün boğazla bağlı qərarların qəbul edilməsinə ABŞ-in hərəkətləri rəvac vermişdir.
1982-ci ildə Oman, 1989-cu ildə isə İran boğazın statusu ilə bağlı BMT konvensiyasına BMT ilə razılaşdırmadan dəyişikliklər etdilər və bəyan edildi ki, yalnız sülh və sabitlik dönəmində boğazda beynəlxalq yükdaşınmalar sərbəst və azddır, hərbi əməliyyatlar və ya müharibələr zamanı isə Oman və İran öz ərazi suları tərəfindən boğazı bağlamaq və yükdaşınmalara nəzarət etmək hüququna malikdirlər. İran hərbi dəniz qüvvələrinin komandanı Səyyari isə bəyan etdi ki, boğazı bağlamaq və nəzarəti həyata keçirmək İran tərəfi uçun 1 stəkan su içmək qədər asandır”.
O, qeyd edib ki, keçən əsrin 80-90-cı illərində ABŞ-nin bölgə üzərindən həyata keçirdiyi əməliyyatlar, İrandakı mövcud rejimi yıxmaq üçün İrana qarşı sanksiyalar taktikaslna keçməsi İranı ABŞ və Qərb dövlətlərinə təzyiq üçün vaxtaşırı olaraq Hörmuz boğazından "istifadə" siyasətinə əl atmasına şərait yaratdı, zira, boğazın beynəlxalq yukdaşınmalarda, xüsusilə dünyada nəql edilən neftin 20%-nin, (yəni gündəlik 17 milyon bareldən yuxarı) neftin nəqlində oynadığı rol, habelə dünya üzrə sıxılmış maye qazın 33%-nin tranziti ilə bağlı məsələlərdə imkanları konteksində İranın niyə bu taktikaya müraciət etməsi anlaşılandır: “Nəzərə almaq lazımdır ki, İranla yanaşı Səudiyyə Ərəbistanı, İraq, Qətər, BƏƏ, Oman və Küveyt neft və qaz daşınmalarını məlum boğaz üzərundən həyata keçirirlər, daşınmaların 90%-i Asiyanın, 10%-i isə Avropanın payına düşür. İranın 2025-ci ildə ABŞ və İsrailin ona təcavüzü, 2026-cı ilin fevralında isə ABŞ-nin ona qarşı başladığı müharibənin fonunda boğaz üzərindən həyata keçirdiyi siyasət dünya iqtusadiyyatının "Axilles dabanı”na rəsmi Tehranın zərbə endirməsinə və deməli, dünya enerji böhranının dərinləşməsinə gətirib çıxarmışdır ki, bundan ilk növbədə neft və qazı idxal edən Avropa əziyyət çəkir.
2026-cı ilin mayında İran, Pakistan və Oman arasında əldə edilmiş razılıqlardan sonra Hörmuz boğazında beynəlxalq naviqasiyanın sərbəst gedişinə ancaq sülh və əmniyyət dövrundə mümkun olacağı ilə baglı qərar qəbul edilmişdir. Təbii ki, ABŞ və Qərb məlum razılıqları tanımırlar, lakin böğaz üzərindən sərbəst yükdaşınmaların da, həyata keçirilməsi yenə də, adıçəkilən dövlətlərin qərarı ilə bağlıdır, vəziyyəti dəyişmək üçün alternativ yol tərəflərin qarşılıqlı kompromislərə getməsindən keçir”.
Politoloq Çingiz Şahbazinin fikrincə, bu gün dünyanın ən aktual mövzusu Hörmüz boğazı və onun ətrafında baş verənlər olsa da, əslində baş verənlər bununla məhdudlaşmır. Çünki, məsələ Yaxın Şərqdə güc balansının gələcəyi ilə bağlıdır və Hörmüz boğazı kartı məhz bu səbəbdən İranın əlində hərbi olduğu qədər, həm də siyasi və psixoloji təzyiq aləti olaraq istifadə edilir. Burada İranın məqsədi yalnız neft daşımalarını dayandırmaq deyil, Tehran göstərmək istəyir ki, “İrana təzyiq göstərməyin cəzasını ABŞ-a yaxın hər kəs hiss etməlidir” və bu addım, ABŞ və Qərbə qarşı İranın əlində olan ən strateji əhəmiyyətə malik mexanizmdir və o bununla çəkindiricilik strategiyası ilə məşğul olur, desək daha doğru olar: “ABŞ-nin məqsədi isə, “Hörmüz boğazına nəzarət edirəm” arqumentini hər kəsə qəbul etdirməkdir. Bu baxımdan Vaşinqton bildirir ki, beynəlxalq gəmiçiliyin davam etməsi tam olaraq təmin olunacaqdır. Bu arada Oman isə hər iki tərəflə danışıq aparmaq imkanlarına malik olan azsaylı ölkələrdən biri kimi, vasitəçilik missiyasını qoruyub saxlamağa çalışır. Lakin hadisələrin gedişatı onu göstərir ki, Omanın diplomatik imkanları da ciddi sınaq altındadır. Əlbəttə ki, Hörmüz boğazı təkcə İrana məxsus deyil və boğazın cənub hissəsi Omanın ərazi sularına daha çox yaxındır. İranın, “tam bağladım” deməsi, bu səbəbdən hüquqi baxımdan da mübahisələr doğurur. Bunu ABŞ və bəzi Qərb ölkələri kommersiya gəmilərinin Oman tərəfinə yaxın sulardan istifadə edəcəyini bildirmələri, məhz bu səbəbdən mübahisəli məsələlərdəndir. Alternativ marşrutlar da yoxdur desək yanılarıq. Amma, bunlar Hörmüz qədər effektiv deyil və Hörmüzü əvəz edə bilməz. Səudiyyə Ərəbistanı neftin bir hissəsini Qırmızı dənizə çıxaran Şərq-Qərb boru kəməri ilə nəql edə bilir. BƏƏ də həmçinin Əbu-Dabidən Füceyrəyə uzanan boru kəmərindən istifadə edir. Lakin bu marşrutların hamısının gücü bir Hörmüz boğazını əvəz etmək imkanına malik deyillər. Bu baxımdan Hörmüz boğazı kritik əhəmiyyət daşıyır. İran isə bundan strateji hədəflərə çatmaq məqsədilə maksimum dərəcədə istifadə edir və bu baxımdan İranın Hörmüz boğazı üzərində yaratdığı qeyri-müəyyənlik, artıq İran üçün nüvə proqramından da əlverişli hesab olunur. Əlbəttə ki, İran tərəfi Hörmüz boğazını uzun müddət bağlı saxlamağın nə qədər riskli olduğunu da anlayırlar və bu səbəbdən tam bağlamadan söhbət gedə bilməz. İran öz ixracını təmin etmək məcburiyyətindədir. Çin, əsas alıcısı olaraq bunu qəbul etməz və bundan narazı qalar. ABŞ və müttəfiqlərinin müdaxiləsi ehtimalı yüksəkdir və sairə. Buna görə də İran, danışıqlar prosesinə bu boğazda problem yaratmaqla artıq neçənci dəfədir ki, təsir edir və bunu təzyiq vasitəsinə çevirə bilib. Bundan sonra da çevirə bilər, ehtimalı yox deyil. Amma, Yaxın Şərq nizamı İrana bunu davam etməsində böyük maneə olaraq görünür”.
Cavid