“Terroru dəstəkləyənlər Suriyanın resurslarına göz dikib“ Siyasət

“Terroru dəstəkləyənlər Suriyanın resurslarına göz dikib“

Bakıda IV Qlobal Forum çərçivəsində "Gənclər danışır, biz dinləyirik" adlı xüsusi panel müzakirəsi keçirilib.
Paneldə fərdi təşəbbüs əsasında tədbirə qatılan Kanada, Pakistan, Azərbaycan, ABŞ, Qırğızıstan, İndoneziya, Makedoniya, Türkiyə və Filippindən olan gənc liderlər çıxış ediblər.
Onlar dünyanın qarşılaşdığı yeni çağırışlar, problemlər barədə danışıb, həlli yolları barədə öz fikirlərini bölüşüblər.
Əslən Suriyadan olan kanadalı gənc ekstremizmin Suriyanın inkişafına mane olduğunu deyib. Onun sözlərinə görə, terroru dəstəkləyən dövlətlər Suriyanın resurslarına göz dikib: "Terrorçulara qarşı mübarizə birgə səylər tələb edir. İŞİD və digər terrorçu qruplaşmalar elə-belə yaranmayıb. Müəyyən qruplar maliyyələşdirilib ki, öz fəaliyyətlərini həyata keçirsin. Elmi cəhətdən əsaslandırılmış strategiyalar işlənib hazırlanmalıdır ki, İŞİD kimi terror qruplaşmalarının qarşısı alınsın. Müəyyən ölkələrin təcrübələrindən faydalanmaq olar. Amma elə ölkələr var ki, onlar terrorçuluğa dəstək verir. Bəzi ölkələr öz torpaqlarından terrorçular üçün qərargah yaratmaq üçün istifadə edirlər. Suriyaya müdaxiləni nəzərə alsaq, suriyalılar ölkənin gələcəyi barədə özləri qərar qəbul etməlidirlər. Biz suriyalılar bir xalqıq və qərarımızı özümüz verməliyik. Suriya mədəniyyətlərin yarandığı torpaqdır. Biz təhsil və tarixə böyük önəm veririk. 7 min il tarixi olan kimliyimizi heç kim dəyişə bilməz. Biz təslim olmayacağıq və digər ölkələrə yaşamaq üçün getməyəcəyik.Suriya çox güclüdür və əhalisi terrorizmlə mübarizə aparmağı bacara biləcək. Biz həqiqətən sülh istəyirik. Suriyalılar özləri öz gələcəklərini müəyyən etmək istəyirik".
Paneldə iştirak edən azərbaycanlı qız isə miqrasiya problemindən danışıb: "Miqrasiya bəşəriyyətin problemidir. Yoxsulluq, təbii fəlakətlər, müxtəlif böhranlar səbəbindən miqrasiya kimi problemlərə üzləşirik. Dağlıq Qarabağda münaqişə üzündən 1 milyondan çox insanın qaçqın və məcburi köçkün olub. Etnik təmizləməyə məruz qalıb. Miqrasiya ilə bağlı qlobal göstəricilər müəyyən edilməli, miqrasiya ilə bağlı siyasət işlənib hazırlanmalıdır. Bunun üçün tərəfdaşlığa ehtiyac var. Belə olan halda uğur əldə olunacaq".