Status-kvo məqbul deyil Siyasət

Status-kvo məqbul deyil

Fransanın dövlət naziri: "Dağlıq Qarabağ münaqişəninin tənzimlənməsi Madrid prinsiplərinə əsaslanmalıdır"


"Mən bura Fransa prezidenti və hökumətinin tapşırığı ilə gəlmişəm və danışıqların yenilənməsi, barışıqla bağlı müraciət gətirmişəm".
Bunu Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Fransa siyasi rəhbərliyinin çağırışı gərginliyin azaldılması ilə bağlıdır, çünki vəziyyət həddindən artıq gərgindir və partlayış həddinə çatıb: "Müharibə həm hərbi qulluqçular, həm də mülki əhali arasında çoxsaylı itkilərə səbəb olub. Mən elə buna görə buradayam və danışıqlar prosesinin yenilənməsi ilə bağlı mesaj gətirmişəm. 25 mindən çox insanın ölməsi ilə nəticələnən 30 illik münaqişəni dondurulmuş olaraq xarakterizə etmək olmaz. Hər il yeni qurbanlar olur, daha çox insan qaçqın vəziyyətinə düşür".
Harlem Desir bildirib ki, Fransa digər həmsədr ölkələr kimi münaqişənin yekun həlli ilə bağlı səylərini əsirgəmir: "Rusiyalı və amerikalı həmsədrlərlə birlikdə Fransa Madrid prinsiplərinin - gücdən istifadə etməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmək prinsiplərinin reallaşdırılması üçün səylər göstərir. Münaqişənin tənzimlənməsi bu üç prinsipə əsaslanmalıdır".
Dövlət naziri əlavə edib ki, hazırda prioritet olan atəşkəs rejiminin möhkəmləndirilməsi və ona nəzarət mexanizminin tətbiqidir: "ATƏT-in Minsk qrupunun həmsədrləri hesab edirlər ki, atəşkəs mexanizminə ciddi şəkildə riayət edilməlidir və ona nəzarət mexanizmi olmalıdır. Bu nəzarət mexanizmi beynəlxalq ictimaiyyətin himayəsi altında həyata keçirilməlidir. Bunu ATƏT müşahidəçiləri, elektron cihazlar və digər vasitələrlə həyata keçirmək olar".
Harlem Desir deyib ki, Dağlıq Qarabağdakı stutus-kvo gərginliyi artırdığı və münaqişəni bərpa etdiyi üçün artıq qəbuledilməzdir.
Fransa rəsmisi son zamanlar Yaxın Şərqdən qaçqın axınına da toxunub: "Yaxın Şərqdə münaqişələr davam etdikcə orada ümumi təhlükəsizlikdən söhbət gedə bilməz. Bölgədə Dağlıq Qarabağ münaqişəsinin bərpası riski qaldığından, beynəlxalq təhlükəsizlikdən danışmaq mümkün deyil. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Fransa münaqişənin dinc yolla həlli üçün bütün imkanlarından istifadə edəcək".